Yevlaxın icra başçısından iki deputata biabırçı hörmətsizlik
Yevlax Rayon İcra Hakimiyyəti böyük biabırçılığa yol verib

Cahan.info-nun təqdim etdiyi foto faktdan görünür ki,
 İH-nin rəsmi saytında Yevlaxın iki deputatının şəkli olsa da, ad-soyadları qeyd edilməyib. Rayonun deputatları - İlham Məmmədov və Əli Hüseynlidirlər. 

Lakin hansı dairədən seçildikləri, hansı partiya üzvü olduqları, təvəllüdləri, parlamentdə hansı komitənin üzvü kimi fəaliyyət göstərdikləri qeyd olunsa da, adları yoxdur. 

Bu da Yevlaxın icra başçısı Qoca Səmədovun hər iki deputata hörmətsizliyi kimi qiymətləndirilir. Deputatların ad-soyadını qeyd etməmək biganəliyi göstərir. 

Q.Səmədovun başı o qədər qarışıqdır ki, İH-nin saytında nələr olduğu verildiyini bilmir. Şəhərin deputatlarına hörmət qoymayan icra başçısı əhaliyə, seçicisinə hansı sayğı-izzəti göstərəcək? 

Hər halda bu fakt səhlənkarlığa yaxud texniki səhvə də oxşamır. Əgər texniki yanlışlıq olsaydı, onların şəkilləri, təvəllüdləri və s. informasiyalar yerləşdirilməzdi. 

Görünür ki, İH-nin saytında çalışanlar işləyiblər, məlumatları yerləşdiriblər, sadəcə, ad-soyadları verməyiblər. Q.Səmədovun bu səhvi görməməsi, hələ də düzəliş olunmaması rüsvayçılıqdır.

Ümumiyyətlə, onun rayondakı fəaliyyəti ciddi narazılıq yaradır. Gəncənin keçmiş başçısı Elmar Vəliyevin yaxın adamı olmuş Q.Səmədovun bu vəzifəsindən yaxınlarda çıxarılacağı gözlənilir.

Prezidentin həyata keçirdiyi islahatlar və bölgələrdə İH başçılarını dəyişməsi prosesinin davamı olaraq Yevlaxa yeni rəhbər göndərilməsi nəzərdə tutulur. 

Bildirilir ki, Yevlaxda sahibkarlar üçün heç bir münbit şərait yaradılmayıb. Sahibkarlığa dəstək yalnız Səmədovların imkanlarını genişləndirir.

Dövlət başçısı aqrar regionlarda sahibkarlığın, qeyri-neft sektorunun, aqrar sahələrin inkişafı haqda tapşırıqlar verir, pul ayırır. Hazırda Yevlax da aqrar bölgələrdən biridir. 

Amma fermerlər və iş adamları “qan ağlayır”lar. Əvəzində pula pul deməyən Q.Səmədovun oğlanları rayonda şadlıq evlərinin sahibləridirlər. İcra başçısının oğlanları rayonda əsas biznes sahibləridirlər. 

Dövlət başçısı məmurlara və övladlarına təvazökar olmağı tövsiyyə etsə də, Yevlaxdan uzağı görmürlər. Hətta bu yaxınlarda siam.az saytında xəbər yayılmışdı ki, Bərdənin icra başçısı Vidadi İsayevə məxsus restoranın ərazisində xoruz döyüşdürülür. 

Bu yarışların baş ideoloqu isə kim olsa yaxşıdır, Yevlaxın icra başçısı Qoca Səmədovun oğlu Ruslan Səmədov. İddialara görə, Yevlax-Bərdə yolunda yerləşən “Dərələyəz” restoranının ərazisində xoruz döyüşdürülür. 

Bu yarışlardan gələn mənfəətin iki icra başçısının cibinə getdiyini söyləmək çətin olsa da, Q.Səmədovun oğlunun xoruz döyüşlərinin həvəskarı, azart fanatı olduğu bildirilir.

Məmurlar və uşaqları arasında kazino və s. azart həvəskarlarının olduğunu, milyonluq maşınlarda avtoxuliqanlıq edib insanları öldürməsini eşitmişik, xoruz döyüşdürülməsini isə ilk dəfə...