Beyləqanda müəmmalı vəziyyət... - İDDİA


Beyləqanda müəmmalı vəziyyət...
Artıq bir neçə ildir ki, bir qrup Beyləqan sakini rayon mərkəzində yerləşən H.Əliyev parkının ərazisinin satılması ilə bağlı müxtəlif instansiyalara şikayət edirlər. Lakin çox qəribədir ki, dövlət qurumları bu fakta reaksiya vermək istəmirlər. Qəribədir ki, zəbt olunmuş park ərazisinin qaytarılması ilə bağlı Ali Məhkəmənin qərarı olsa da, bu qərar icra olunmur və Beyləqanda H.Əliyev parkının “işğalı” davam edir.

Qeyd edək ki, son bir neçə aydır ki, bu mövzu mətbauatı da gündəmində olub. Şikayatəçilərin harayını Haqqin.az saytı və daha sonra “Turan” İnformasiya Agentliyi işıqlandırıb. Lakin buna baxmayaraq nə Əmlak Komitəsi, nə də Beyləqan rayon İcra Hakimiyyəti məsələyə aydınlıq gətirmək istəmir. Halbuki H.Əliyev parkının ərazisini satan və rəsmi “çıxarış” verən bu iki qurumdur.

Məhəmməd İmanovla Vaqif Abdullayevin iş birliyi

Qeyd edək ki, Beyləqan rayonundakı Heydər Əliyev parkının müəyyən əraziləri hələ 2011-ci ildə satılıb. Satış o zamankı Beyləqanın icra başçısı olan Vaqif Abdullayevin şəxsi göstərişi ilə həyata keçirilib. Daha doğrusu qanunsuzluq və özbaşınalıq Vaqiif Abdullayevlə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Məhəmməd İmanovla əlbir şəkildə həyata keçirilib.

Xatırladaq ki, əslən Beyləqandan olan olan Məhəmməd İmanov uzun illər boyunca Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun “qara kassası” olaraq bilinib. Məhəmməd İmanov “MTN” işində adı hallandığına görə Kərəm Həsənov tərəfindən 2015-ci ilin noyabrın sonlarında tutduğu vəzifədən azad edilib. Məhəmməd İmanovla birlikdə idmət rəisi ilə birlikdə onun müavini də tutduğu postdan azad edilib. Lakin rəis vəzifəsindən çıxarılan Məhəmməd İmanov eyni qurumda daha kiçik vəzifəyə keçirilib. O, xidmətdə sektor müdiri təyin edilib. Əldə etdiyimiz məlumata görə isə Kərəm Həsənovun ən yaxın adamlarından biri olaraq tanınan Məhəmməd İmanov hələ də Kərəm Həsənovun “qara işlərini” həyara keçirir və əslində qeyri rəsmi olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “patronu” olaraq qalmaq da davam edir.

Qeyd edək ki, Beyləqan rayonundakı Heydər Əliyev parkının satışını rəsmiləşdirən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Çıxarış”ında Məhəmməd İmanovun qardaşı Zaman İmanovun imzası var. Həmin dönəmdə Zaman İmanov Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı ərazi şöbəsində məsul vəzifədə çalışmaqla yanaşı, həm də bütün Aran Qarabağda Əmlak Komitəsinin əsas siması olaraq tanınıb.

4 hektar 21 sot olan parkın 3 hektarından çoxu satılıb

Məsələ ilə bağlı “Turan” İnformasiya Agentliyinə danışan və şikayətçilərdən biri olan Beyləqan sakini, 2014-cü ilə kimi Beyləqan Rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri olmuş Zakir Mehdiyev bildirib ki, o, vəzifədə olduğu müddətdə bu sənədlər üzə çıxmayıb. Lakin parkın ərazisinin satılması ilə o, məlumatlı olub və qanunsuzluqla bağlı dəfələrlə icra başçısı Vaqif Abdullayevə etiraz etsə də onun bu etirazlarına məhəl qoyan olmayıb. Daha sonra isə ortaya H.Əliyev parkının satılması ilə bağlı rəsmi sənəd çıxıb.

Sabiq hüquq şöbəsinin müdirinin sözlərinə görə, H.Əliyev parkının ərazisinin satılması bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı ərazi şöbəsi tərəfindən iki sənəd verilib, sənədin biri 2011-ci ildə 24 sot sahəyə, digəri isə 2013-cü ildə isə 34 sot sahəyə aiddir.

“O zaman həmin sənədlərdən xəbərsiz olmuşam, bu sənədlərin varlığından belə xəbərim olmayıb. Həmin vaxtlar 30-40 alqı-satqının, demək olar ki, yarısı mənim xəbərim olmadan reallaşdırılıb. Yalnız mən vəzifədən azad olunduqdan sonra bu alqı-satqılarla bağlı sənədləri üzə çıxarıblar. Deməyim odur ki, bu sənədlər saxtadır, ərazi istirahət parkı olduğu üçün alqı-satqı obyekti ola bilməz”, deyə Beyləqan İcra Hakimiyyətinin o zamankı hüquq şöbəsinin bildirib.

Z.Mehdiyev deyir ki, bu parka 2003-cü ildə Heydər Əliyev vəfat etdikdən sonra onun adı verilib və xatirəsi əbədiləşdirilib. Buna qədər isə Beyləqan şəhərinin Mədəniyyət və İstirahət Parkı kimi tanınıb.

Xatırladaq ki, bu ərazilər rayonun iş adamı Vahid Abdullayev tərfindən alınıb, həmin ərazidə çoxsaylı şam ağacları kəsilib, sahə hasarlanıb. Bu, həm də şəhərdə insanların istirahət yerinin əlindən alınmasıdır və ona görə bu alqı-satqı bir çox adamlarda narazılıq yaradıb.

Maraqlıdır ki, Vahid Abdullayevə 2011-ci ildə 24 sot sahəyə, daha sonra isə 2013-cü ildə isə 34 sot sahəyə “Çıxarış” verilsə də Abdullayev 5800 kvadratmetr park ərazisini qanunsuz zəbt edib. Parkın ərazisinin bütünlükdə 4 hektar 21 sot olduğu halda indi bu ərazinin 3 hektardan çoxu zəbt edilib. Bunu Əmlak Komitəsi də təsdiqləyib.

Kərəm Həsənov Beyləqanda H.Əliyev parkının satıldığıdan xəbərdadımı?

Bu əraziləri Vahid Abdullayevə məhz Beyləqanın keçmiş icra başçısı Vaqif Abdullayev satıb. İcra başçısı bununla bağlı müavini Qələndərov Məhəmmədin əli ilə satıb. Lakin əldə etdiyimiz məlumata həmin park ərazisinin Vahid Abdullayevə satılmasını icra başçısından Məhəmməd İmanov xahiş edib.

Beyləqandakı H.Əliyev parkının ərazisinin 2011-ci ildə satılması ilə bağlı Kərəm Həsənovun məlumatlı olub olmaması ilə bağlı heç bir məlumat əldə edə bilmədik. Lakin məsələnin məhkəməyə daşındığını, Ali Məhkəməyə qədər gedib çıxdığını və mətbuatda dəfələrlə işıqlandırıldığını nəzərə alarsaq, Kərəm Həsənovun artıq bu qanunsuzluqdan xəbərdar olmamış deyil.

Əgər Komitə sədri Zamanov qardaşlarının qanunsuzluqlarından və verdikləri “Çıxarış”lardan xəbərdardırsa, o zaman bu günə qədər susması da maraq doğurur.

Doğurdanmı Kərəm Həsənov baş verən özbaşınalığı, yəni H.Əliyev parkının ərazisinin satılmasına və parkdakı ağacların qırılmasına göz yumur və Ali Məhkəminin qrarına belə hörmətsizlik nümayiş etdirir? Hansı səbədən bu günə qədər saxta sənədlər ləğv olunmur?
Əgər bu belədirsə, o zaman Kərəm Həsənov da qanunsuzluğun və özbaşınalığın müdafiəsində çıxış edir. Əgər bu belə deyilsə, o zaman Komitə sədri yol verilən qanunsuzluğu və özbaşınalığı ortadan qaldırmaq çoxdan addım atardı. Lakin göründüyü kimi Kərəm Həsənov tərəfindən belə bir addım atılmır...

Xatırladaq ki, şikayətçilər baş verən özbaşınalıqlarla bağlı Beyləqan Rayon İcra Hakimiyyətində olub və vəziyyəti yeni rayon rəhbərliyinə çatdırıblar. Lakin icra başıçısı Asif Ağayev də səssizliyini qoruyub və şikayətçilərin qarşısında heç bir məntiqli açıqlama çıxış etməyib.

Ali Məhkəminin qərarının icrasına kim mane olur?

Onu da qeyd edək ki, bir qrup Beyləqan sakini H.Əliyev parkının ərazisini zəbt etdiklərinə görə Vahid Abdullayevə qarşı məhkəmə iddiası qaldırıblar. 2018-ci ildə Beyləqan Rayon Məhkəməsində iddiaya baxılıb, amma məhkəmə iddianı rədd edib.

Bundan sonra Beyləqan Rayon Məhkəməsinin qərarından Şirvan İnzibati İqtisadi Məhkəməsinə müraciət edilib. Burada da Beyləqan Rayon Məhkəməsi haqlı sayılıb. Bundan sonra Ali Məhkəməyə müraciət edilib və Ali Məhkəmə 2018-ci il dekabrın 27-də qəbul etdiyi qərarla Beyləqan sakinlərinin iddasını edib. Lakin ən yüksək məhkəmə instansiyasında qərar verilməsinə baxmayaraq Ali Məhkəmənin qərarı icra olunmur. Hansısa sehirli əl bütün instansiyalara təzyiq edərək Ali Məhkəmənin icrasına mane olur. Bu üzdən də Vahid Abdullayev qanunsuz olaraq H.Əliyev parkının böyük bir hissəsini öz mülküyyətində saxlamaqda davam edir.

Bu yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq...
pia.az
 
Tarix: 2-04-2019, 21:52
Xəbəri paylaş





Xəbər lenti