Kürdəmirin icra başçısı sakinlərə vəd verib ki... - ETİRAZ
Aprelin 8-də Kürdəmir rayonunun Ərəbqubalı kəndinin sakinləri etiraz aksiyası keçirib. DİA.AZ bildirir ki, aksiyanın videogörüntüləri sosial şəbəkələrdə də yayılıb.
Sakinlərdən biri deyib ki, narazılığa səbəb şikayətlərinin yerli icra və bələdiyyə orqanlarında eşidilməməsidir: «Kəndin örüş və otlaq üçün ən yaxşı yerləri üç nəfər tərəfindən zəbt olunub. Sənədləri də saxtadır. Bu məsələ dəfələrlə qaldırılıb, amma öz həllini tapmayıb. Bir neçə gün əvvəl gördük ki, bizi Kürdəmir Rayon İcra Hakimiyyətində normal qəbul edən, şikayətimizə baxan yoxdur, qrup halında Bakıya getmək istədik. İcra hakimiyyətinin işçiləri telefonla əlaqə saxlayaraq bizi yoldan qaytardılar. Dedilər ki, gəlin, probleminiz yoluna qoyulacaq. Amma vəd edilən kimi olmadı. Buna görə camaat sözü bir yerə qoyub yolu kəsdi». «İcra başçısı problemin 10 gün ərzində çözüləcəyinə söz verdi»
Adının çəkilməsini istəməyən sakin bildirib ki, etirazçılar Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində avtomobillərin hərəkətini 10 dəqiqəyədək dayandırıblar: «Polisin müdaxiləsi və rəsmilərin danışıq təklifindən sonra aksiya dayandırıldı. Rayon icra hakimiyyəti başçısı kəndə gəldi və əhali ilə görüş keçirdi. Dinləmələr zamanı sakinlər ayrı-ayrı şəxslərə verilmiş örüş yerlərinin əhalinin ümumi istifadəsinə qaytarılmasını tələb ediblər. İcra başçısı problemin 10 gün ərzində çözüləcəyinə söz verdi. Görək bu dəfə necə olur…».