Bu problemlər Qəzənfər Ağayevin umrunda da deyil... - "Ölkənin bizdən xəbəri yoxdur"
Dağlıq ərazidə yerləşən Astara rayonun Sığaloni kəndi-nin mərkəzinə qədər yol asfaltlaşdırılıb. Kənd sakinlərin deməsinə görə, yolu Rusiyada işləyən, əslən bu kəndən olan bir iş adamı çəkdirib.
Mərkəzdən sonra yol, yerli sakinlərin ifadəsi ilə desək, kələ-kötürdür. Kəndin elə ara yolları var ki, deyilənə görə, payız və qış aylarında keçilməz olur. Habelə eşitdik ki, kənddə təbii qaz yoxdur, elektrik enerjisi fasilələrlə verilir.
Bir ev dağılıb, birində çatlar əmələ gəlib Kənd sakinləri bu çətinliklərə öyrəşdiklərini deyirlər. Onlar hesab edirlər ki, kəndin ən böyük problemi ərazidə vaxtaşırı baş verən torpaq sürüşmələridir. Kənddə təpənin yamacında torpaq, sürüşmədən lay-lay olub. Aramsız yağan yağışdan sonra torpaq sürüşüb, bir ev dağlıb. Yaxınlıqda olan ev isə yararsız vəziyyətə düşüb. Divarlarında çatlar əmələ gəlib. Dağılmış evin sahibi, 70 yaşlı Təcrübə İskəndərova baş vermiş hadisə ilə bağlı bunları deyir:
“Yağışlar neçə gün idi ki, davam edirdi. Adətən torpaq yağışdan sonra yavaş-yavaş sürüşür. Ümid edirdik ki, təhlükə keçəcək. Amma keçmədi. Gecə saat 12-də ev tərpəndi. Oğlum, gəlinim və 4 nəvəm mənimlə yaşayırlar. Hamımız evdən çıxdıq. Yaxşı ki, tez tərpəndik, yoxsa uçqun altında qalacaqdıq. Köçmüşəm qardaşımın evinə. Bir otaqdan ibarət evdir. Cəmi 24 kvadartdır. Hamımız gecə yatırıq bu otaqda, gündüzlər də çöldə qalırıq. Bilmirəm haranın külünü başıma töküm. Yaşayış da çətindir. Qazandıqlarımızın hamsı çörəyə gedir. Qalmışıq evsiz. Bundan sonra yüz il gecə-gündüz işləsək ev tikə bilmərik.” Kəndin evləri əsasən sovet dövründə tikilib.Yeni tikililər az gözə dəyir. Kənd sakinlərinin demələrinə görə, imkanı olanlar köçüb gedirlər.
“SÜRÜŞMƏ İLƏ BAŞ-BAŞA QALMIŞIQ”
“Sakinlərin köçüb getməsinin əsas səbəblərindən biri də baş verən torpaq sürüşmələridir.”
Bunu isə kəndin sakini Babək İskəndərov deyir. O Təcrübə İsgəndərovanın qonuşusudur .B. İsgəndərov isə sürüşməni belə xatırlayır:
“Gecə vaxtı idi, səs gəldi. Gəlib bu ailəni burdan çıxartdıq…Bu ərazidə 3-4 ev var ki, təhlükəli ərazidə yerləşir. Torpaq o qədər sürüşüb ki, aşağıda olan kənd yolunu daraldıb. Sürüşmə ilə baş-başa qalmışıq. Əlimizdən də heç nə gəlmir.”
Məktəb yoxdur Kəndə məscid var, məktəb yoxdur. Deyilənə görə, məscidi də bir iş adamı öz hesabına inşa edib. Üstəlik, onlar xəstəxanalarının da olmadığını bildirirlər.
“VƏTƏN BİZİ DARDA QOYMAMALIDIR”
Kənd sakini Şükür Ağayev də yaşayışın ağır olduğunu deyir:
“İki uşağım var. Biri xəstədir. Biz 4 qardaşıq. Hamımız da hərbi xidmətdə olmuşuq, ön cəbhədə. Vətən belə məqamdə bizi darda qoymamalıdır. Çünki biz vətəni darda qoymamışıq.” O evini göstərib deyir ki, yararsız hala düşüb:
“Ev tikmişik, buna pul xərcləmişik. Bu ilin martın 26-da torpaq sürüşməsi nəticəsində ev bu kökə düşüb. Ölkənin bizdən xəbəri yoxdur.”
Deyir ki, əlverişli iş tapa bilmir. Məcbur qalıb Qaradağ rayonundakı daş karxanalarında çalışır:
“Ayda 15 gün daş karxanasına işləməyə gedirəm. Mən tək deyiləm. Kənddən 3-4 nəfər gedirk, orada daş yükləyirik. Çox az pul qalır. Pul qalsın deyə soğan-çörək yeyirik. İndi də soğan bahalaşdı. Kəndə iş haradandır? Bir az torpağımız var, onu əkirik, vəssalam. O az torpaqla ailəni saxlamaq mümkün deyil. İndi də ayağımızın altında torpaq sürüşür. Torpaq sürüşməsi bizim üçün problemə dönüb. Evimiz sovet dövründə inşa edilsə də yaşamaq olurdu. İndi mümkün deyil. Anam pensiya alır, karxandan da bir az qazanc gəlir. Onunla yaşayırıq. Rayon rəsmilərinə müraciət eləmişik. Mən burda olmayanda gəlib baxıblar. Nəticəsi məlum deyil. Heç olmsa bir palatka versinlər, ailə yığışsın oraya. Ev əşyaları açıq havada qalıb.” Kənd sakini Təcrübə İsgəndrovanın deməsinə görə, ölkə prezidentinə məktub da göndərib. Məktubda vəziyyətlərindən bəhs edir və xahiş olunur ki, ölkə başçısı onlara kömək etsin. Sığaloni kəndi Söyəkü bələdiyyəsi-nə daxildir. Siyakü bələdiyyəsinin sədri Ramin Dədəyev-in sözlərinə görə, həmin ev dağılan vaxtı hadisə yerində olublar:
“Yağış yağırdı. Rayon icra hakimiyyətinin təmsilçisi və kənd ərazi icra nümyəndəsi də orda idilər. Gözümüzün qarşısında evin qabağ hissəsi uçdu. Fövqəladə Hallar Nazirlyin regional idarəsi ilə əlaqə saxaldılar və məlumatlandırdılar. Sonra aktlaşdırldı. İndiyə kimi hələ bir məlumat yoxdur, gözləyirik. Bizdə istəyirik ailəyə kömək olsun.”