Tarixçi alim muzeyin məhv edilməsinə görə fəryad edir
Balakən şəhəri M.Əsədov küçəsi kiçik bir gölü xatırladır. Hər dəfə yağış yağanda həmin küçə keçilməz olur.
Ən dəhşətlisi isə odur ki, AMEA-nın tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin yaratdığı muzey də həmin küçədə yerləşir və hər dəfə yağış yağanda eksponatlar çirkab sulara qərq olur.
"Mən bütün varidatımı qoyaraq Azərbaycan tarixini, mədəniyyətini təbliğ etmək üçün bu muzeyi yaradanda erməni və digər düşmənlərin bunu məhv etmək istəyəcəyini bilirdim. Ancaq içimizdə, həm də sərhəd bölgəsində belə bivec, belə düşmən münasibəti təsəvvür etmirdim. Bu eksponatların hər biri min illərin tarixini yaşadır özündə... Hər şey suyun içindədir, çünki yolun suyu muzeyin həyətinə axır" – deyən tarixçi alim Sputnik Azərbaycan-a açıqlamasında fəryad edib.
Tarixçinin Balakən Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etməsinə rəğmən problem hələ də yerində sayır: "Dəfələrlə müraciət etmişəm. Hətta məsələdən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev də xəbərdardır. Deyirlər ki, "gözləyin, yağış dayansın, sonra həyətdən suyu çəkək".
Yaranan problemlə bağlı Balakən Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan Sputnik Azərbaycan-a bildirildi ki, həmin ərazidə yağış sularının axıdılması problemlidir: "Yağış yağan müddətdə maşınla su çəkilir, arxla axıdılır".
Eyni zamanda İcra Hakimiyyətindən problemin yaxın vaxtlarda həll olunacağına da söz verdilər...
Qeyd edək ki, 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər günüdür. Tarixi qorumaq, ona sahib çıxmaq isə ilk vəzifələrimizdən biridir.
Akif müəllimin sözləri isə desək, tarixi abidələr, muzeylər bizim "milli pasportumuzdur”.
Amma nə tarixi, nə də “milli pasportu” belə qorumazlar...