Cahan.info-ya gələn məlumatlara əsasən, R.Əhmədov İH başçısının I müavini yox, özünü Səddam Hüseyn kimi aparır. Ağcabədi camaatı onun əlindən dad eləyir.
Sahibkarı bir tərəfdən, adi vətəndaşlar bir yandan ondan şikayət edirlər. Onlar gözləyirlər ki, icra başçısı Şahin Məmmədovla müavini Rövşən Əhmədovdan canları nə vaxt qurtaracaq.
Rayondakı sahibkarlar müxtəlif bəhanələrlə sıxışdırılır və onlara normal fəaliyyət imkanları tanınmır. Bu işdə isə icra başçısı Şahin Məmmədovun “sağ əli” sayılan müavini Rövşən Əhmədovun “müstəsna xidmətləri” var.
Belə deyək, Rövşən Əhmədovun icra başçısının “Qəmlo”sudur. Aylıq maaşı 600 manat olan Rövşən Əhmədov nələrə sahib olması hamını çaşdırır.
Yerli sakinlərə imkan vermir ki, iş qurub yaşasınlar. Artıq onlardan biri rayonda bu süründürməçilikdən bezib özuünü yandırmağa cəhd etmişdi.
Rövşən müəllim bu vəziyyətdə onları yenə təhqir edir, hətta çəkiliş aparanın kamerasına həyasızcasına hücum edir.
Görəsən prezidentin sərəncamları Ağcəbədiyə aid deyil? Həmin intihara cəhdin video kadrları da var.
Lakin tək o deyil, Ağcabədidən sahibkar Etibar Quliyev də R.Əhmədovun zülmündən cana doyub.
Sitat: “O vaxt prezident Ağcabədiyə səfər etməliydi. Köçkünlərin binalarının açılışında iştirakı nəzərdə tutulurdu. Mən də Moskvadan təzə gəlmişdim.
Başçı dedi ki, prezident gəlir, o əraziləri abadlaşdır. Fikirləşdim ki, ölkə rəhbəri gəlir, icra başçısı tapşırıb, nə olar, edərəm. Orada ağaclar əkdirdim, səliqə-sahmana saldım. 20 min pulum çıxdı”.
Amma ay keçib, il ötüb, E.Quliyev 2012-ci ildə qanuni sənədlə aldığı 35 sot torpağında tikinti işlərinə başlamaq istəyib. Amma əvvəlcə baş memar Səfər Səfərov gəlib, tikintiyə icazə üçün rüşvət tələb edib.
Onun əmrinə boyun əyməyən sahibkara bu dəfə icra başçısının müavini, Ağcabədidə iş adamlarına “divan tutması” ilə tanınan Rövşən Əhmədov təzyiq göstərib. Başçı müavini ondan tikintiyə görə 15 min dollar rüşvət istəyib.
Cahan.info xəbər verir ki, icra başçısı və müavini Rövşən Əhmədovun adı ən çirkin əməliyyatlarda, maxinasiyalarda hallanır. Çünki bütün baş verənlər birbaşa onların göstərişi ilə həyata keçirilir.
Bir müddət əvvəl rayon rəhbərliyi Afşar kəndinin ərazisində 100 sahibkara məxsus 10 min hektar torpaq sahələrini ələ keçirmək üçün olmazın variantlara əl atmışdı.
R.Əhmədovun diplomu hazırda sənədləri etibarsız hesab edilən Azərbaycan Beynəlxalq Universitetindəndir, üstəlik o, hərbi xidmətdə olmayıb: “Bu barədə bir müddət əvvəl mətbuatda da yazılmışdı.
Qarşı tərəfin vəkili açıqlama verib guya təkzib elədi, amma sadəcə söz dedi, heç bir sənəd-sübut qoyulmadı ortaya.
Ağcabədinin icra başçısı Şahin Məmmədov belə bir vəzifəyə uyğun gəlməyən adamın təqdimatını necə verib anlaşılan deyil.
Mediada bu barədə doğrudan da bir müddət əvvəl yazı dərc edilib. Bildirilir ki, Rövşən Əhmədovun hərbi xidmətdə olmaması ilə bağlı Müdafiə Nazirliyinə sorğu göndərilib və təsdiqlənib.
Bu barədə sahibkar Teyyub Eminov media nümayəndələrinə bu haqda bir sənəd təqdim edib və həmin sənəd əsasında mediada yazı dərc edilib.
“Dövlət qulluğu haqqında” qanuna görə isə hərbi xidmət keçməmiş şəxslər dövlət qulluğunda işə götürülə bilməzlər.
Rövşən Əhmədov 2006-cı ilə qədər sürücü olub. “Şahin Məmmədov icra başçısı olandan sonra onu öncə “JEK” rəisi təyin etdi.
Sonra Mənzil Kommunal Təsərrüfat Birliyinə rəis, daha sonra isə Ağcabədi şəhərinin icra nümayəndəsi postuna gətirdi.
Bir müddət sonra isə Rövşən Əhmədov başçının birinci müavini vəzifəsinə təyinat aldı. Təbii ki, onun müavinliyi üçün təqdimat başçıdan gedib.
Mətbuat yazmışdı ki, R.Əhmədov bir müddət əvvəl rayonda adam döydürüb bıçaqlatdırmışdı. Onun üstünü elə rayondaca ört-basdır elədilər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.