Sevindik Hətəmov xəstə uşağı olan qadını qovub: “Sizin balanız yoxdur?” – Video
Yardımlıdan Salyana icra başçısı təyin olunanda bəziləri Sevindik Hətəmova bəy tərifi yağdırırdılar, onu işləyən məmur kimi təqdim edirdilər.
Amma təqdim edəcəyimiz video müraciətlə tanış olanda görəcəksiniz ki, Salyanın icra başçısı heç də yanan barmağa su tökən adam deyilmiş.
Reportyor.info-nun xəbərinə görə, Prezident Administrasiyasının qarşısına gələrək dövlət başçısından kömək istəyən salyanlı bir ana S.Hətəmovun onu qapıdan qovduğunu video çıxışında bildirib.
Onun sözlərinə görə, azyaşlı övladı xəstədir, məktəbə gedə bilmir, özü də onu tək qoyub işləmək imkanı yoxdur.
Amma nə Salyan Rayon İcra Hakimiyyəti, nə də Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsi acınacaqlı vəziyyətdə sürünən ailəyə köməklik göstərir.
“Mən başsız qadınam, uşağım bronxial astma xəstəliyindən əziyyət çəkir, heç yerdə işləmirəm, acınacaqlı vəziyyətdə yaşayırıq.
Nazir Sahil Babayevə, DSMF-nin Salyan şöbəsinə müraciət eləmişəm ki, sosial yardım verilsin. Amma aşağı qurumlar bizi saymırlar.
Evin içində ac-susuz yaşayıram, hara gediriksə, ağzımızdan vurub geri qaytarırlar. İcra başçısının yanına gedirəm, əli ilə özündən uzaqlaşdırır məni, qapıdan qovur.
Biz bu dövlətin vətəndaşıyıq, vətəndaşı adam yerinə qoymurlar. Bəs biz hansı dövlətə dərdimizi deməliyik?”, – deyə çarəsiz qadın PA qarşısında üsyan edir.
O, məmurlara üz tutaraq sual edir: “Sizin balanız yoxdur? Siz balanıza haramı necə yedirirsiniz? Utanın, utanın Mən o həddə çatmışam ki, intihar etmək istəyirəm, uşağa xatir eləmirəm.
Salyan icra başçısı məni o hala salıb ki, intihar həddinə çatmışam, məni əli ilə qovur. Səni prezident Salyana rəhbər təyin edib ki, vətəndaşlarla maraqlanasan.
Mən artıq əlimi bütün orqanlardan üzmüşəm. Çünki sosial yardım üçün müraciət edirəm, Salyanda DSMF mənə deyir ki, pul gətir, düzəldək. Mənim pulum olsa xəstə balama verərəm də, sizə niyə yedirirəm?
Bəsdirin artıq, xalqın pullarını yemisiniz, boğaza yığılmışıq. Sizin balanız balamın gününə düşsün, onda məni başa düşün. Amma bu dövlətin malını elə yeyin ki, qan qusmayasınız”.
Doğurdan da video çıxış olduqca ürək parçalayan məqamlardan ibarətdir. Övladı xəstə olan gənc ana ümidini yalnız prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya bağlayıb.
O, daha nə Salyanın icra başçısı S.Hətəmovdan, nə də DSMF sədrindən dəstək gözləyir. Halbuki, ailənin sosial müavinətə ehtiyacı var, uşağın müalicəsi üçün yardım olunmalıdır. S.Hətəmov üçün bu məsələni həll etmək su içmək qədər sadədir.
Sadəcə, məmurların bəsirət gözləri o qədər bağlanıb ki, artıq var-dövlət, qazanc, korrupsiyadan başqa heç nə görmürlər, çarəsiz, əlacsız insanlara da əl tutmurlar.
Hərçənd, həmin videoda çıxış edən xanım əlavə heç nə istəmir, haqqını tələb edir, sosial yardım ayrılmasını, İH-nin dəstəyini gözləyir. İcra başçısı isə onu qapıdan itələyib qovur. Ayıbdır, Hətəmov, ayıb…
Ümumiyyətlə, Tahir Kərimovdan sonra Sevindik Hətəmov Salyanda problemləri həll eləmədi, camaatın dərdinə şərik çıxmadı, özbaşınalıq davam etməkdədir. Bir müddət əvvəl isə Salyan sakinləri rayon mərkəzinin girişindəki bazarda özbaşınalıqlardan şikayətçi idilər.