Göyçaylı sahibkardan Birinci vitse-prezidentə MÜRACİƏT

       Göyçay rayon, Natəvan küçəsi, ev 70-də yaşayan Mayılova Minayə Seyidağa qızı tərəfindən Siam.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız  vasitəsilə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edən şikayətçi yazır:
“Hörmətli Mehriban xanım!
Göyçay rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış binası tikmək üçün mənə Göyçay rayon Potu kəndində torpaq sahəsi ayrılıb. Həmin ərazidə layihə əsasında 48,0m x 18,0 m ölçüdə bir mərtəbəli binanın tikintisinə icazə də verilmişdir. Bu binanın tikintisi üçün Göyçay şəhəri, Şəhriyar küçəsində yaşayan Məcidov Tahir Soltan oğluna 1100 (min bir yüz) manat zəhmət haqqı ödəmişəm və tikintinin normal inşa edilməsi üçün onun tələb etdiyi tikinti materialları almışam.
Bundan başqa bu binanın tikintisi üçün Göyçay rayon Alpoud kəndindən olan Cəfərov Ülvi Vaqif oğlunun rəhbərliyi ilə olan ustalara 4000 (dörd min) manat zəhmət haqqı ödəmişəm. Həmçinin Əliyev Taleh Şakir oğluna və Əliyev Elçin Valeh oğluna zəhmət haqlarına vermişəm və tikintinin normal inşa edilməsi üçün tələb etdikləri tikinti materialları almışam.
Qaynaqçılar Şirinov Mahir Murad oğluna, İsgəndərov İlham Ağababa oğluna 200 (iki yüz) manat zəhmət haqqı ödəmişəm və tikintinin normal inşa edilməsi üçün tələb etdikləri tikinti materialları almışam. Eyni zamanda digər qaynaqçılar Göyçay şəhəri, H. Əliyev prospekti 205 ünvanında yaşayan Manafov Şahin Ağarza oğluna, Manafov Nicat Şahin oğluna və Manafov Tural Şahin oğluna 2000 (iki min) manat zəhmət haqqı ödəmişəm və tikintinin normal inşa edilməsi üçün tələb etdikləri tikinti materialları almışam. Lakin tikinti gedən zaman binanın betonları düzgün əkilməmiş və buna görədə dam örtüyünün quraşdırılması mümkün olmamışdır. Bunun nəticəsində də mənə 36414 (otuz altı min dörd yüz on dörd) manat maddi ziyan dəyib. Bunu Göyçay rayon Məhkəməsinin təyin etdiyi məhkəmə ekspertizası keçirdiyi ekspertizasından sonra verdiyi rəyində göstərib.
Görülmüş işlərin keyfiyyətsizliyi nəticəsində mənə dəymiş maddi ziyanın cavabdehlər Göyçay şəhəri, Şəhriyar küçəsində yaşayan Məcidov Tahir Soltan oğlundan və Göyçay rayon Alpout kəndində yaşayan "ustabaşı" Cəfərov Ülvi Vaqif oğlundan 36414 (otuz altı min dörd yüz on dörd) manat alınaraq mənə verilməsi üçün Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Müraciətim məhkəmə tərəfindən icraata götürüldü və hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi ilə keçirilən iclasların sonunda qismən iddiam təmin olundu. Yəni dəymiş maddi ziyana görə 36414 (otuz altı min dörd yüz on dörd) manat, əlavə olaraq məhkəməy ödədiyim 30 (otuz) manat rüsumun 21 (iyirmi bir) manat pul cavabdeh Məcidov Tahir Soltan oğlundan alınaraq mənə ödənilməsi barədə Göyçay rayon Məhkəməsi qətnamə çıxardı.
Göyçay rayon Məhkəməsinin bu qərarından Şəki Apellyasiya Məhkəməsinə Kasassiya şikayəti vermişəm. Ona görə ki, Göyçay rayon Məhkəməsi iddiamın qalan hissəsini - Cəfərov Ülvi Vaqif oğluna münasibətdə təmin etməyıb. Bu məhkəmə qərarından cavabdeh Məcidov Tahir Soltan oğlu da apellyasiya məhkəməsinə kasassiya şikayəti verib. Şəki Apellyasiya məhkəməsi işi icraata götürüb və hakim İnşallah Quliyevin sədrliyi bir neçə dəfə məhkəmə iclası da keçirilib. Mənim bu gün etdiyim şikayətin səbəbi də məhkəmənin qərarının verilməsinin hakim tərəfindən uzadılmasıdır.
Bir ildir ki, məhkəmə çəkişməsi gedir. Şəki Apellyasiya Məhkəməsi üç dəfə məhkəmə tikinti texniki ekspertizasının aparılması haqqında qərar verib. Hər üç ekspertiza keçirilib. Üçüncü ekspertiza aparılması qərarını verən zaman Fövqəladə Hallar Nazirliyinidə bu işə cəlb olunması qeyd olunsada nazirlyin eksperti ekspertizada iştirak etməyib.
Hörmətli Mehriban xanım!
Prezidentimiz İlham Əliyev cənablarının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu ildə imzladığı fərmanda məhkəmələrin hakimlərinə və sədrlərinə tövsiyə edilib ki, ədalət, qanunçuluq, qərəzsizlik prinsipləri və konstitutsiyamızın və qanunlarımızın təsbit edilmiş prinsiplərinə ciddi riayət etsinlər. Bundan başqa sahibkarların məhkəməyə müraciətlərinın asanlaşdırılması və bu müraciətlərə baxılması üçün daha dərin biliyi olan hakimlər tərəfindən baxılmasını təmin etsinlər. Mən də sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Həmin qeyri-yaşayış sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə tikdirmişdim. Amma cavabdehlərin mənə vurduqları külli miqdarda maddi ziyana görə demək olar ki sahibkarlıq fəaliyyətimi dayandırmışam.
Fəaliyyət göstərdiyim dövrdə ən azı 15-20 işçi qüvvəsi mənim obyektimdə işləyib və normal maaşla təmin olunublar. Həmin işçilər işlədikləri zaman hər biri 4-5 nəfər ailə üzvünü bu maaşla dolandırırdı. Cavabdehlər mənə qarşı vurduqları bu maddi ziyanla birlikdə həmin işçilərin ailə üzvülərini təxminən 80-100 nəfər Azərbaycan Respublikasının vətəndaşını çörəksiz qoyublar. Dövlətin sahibkarlara böyük dəstək verdiyi zamanda cavabdehlər belə hərəkətləri ilə bu dəstəyi kölgə altına salırlar. Hətta etdikləri bu hərəkətlərinə don geyindirmək istəyirlər.
Belə ki, cavabdeh Tahir Məcidovun Ucar rayon polis şöbəsində işləyən oğlu Orxan Məcidov mənə başqa insanlardan mesaj göndərir ki, onun işlədiyi Ucar rayon Polis İdarəsinin əməkdaşı tərəfindən (ad və soyad deməyib) Şəki Apellyasiya Məhkəməsininin sədrinə xahiş olunub və atam da 1000 (min) manat məhkəmənin sədrinə pul verib. Buna görə də hakim müxtəlif bəhanələrlə (misal üçün daha bir neçə ekspertiza təyin etməklə) bu məhkəmə çəkişməsini uzadacaq və sonda mənə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı Göyçay rayon Məhkəməsinin qərarını ləğv edəcək.
Ucar rayon Polis Şöbəsinin əməkdaşı Orxan Məcidovun atası Tahir Məcidova Şəki Apellyasiya Məhkəməsindən deyiblər ki, qərar indi verilsə gərək birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıla. Çünki, bütün subutlar qarşı tərəfin xeyrinədir.
Eyni zamanda Göyçay rayon Məhkəməsində digər cavabdeh "ustabaşı" Cəfərov Ülvi Vaqif oğluna münasibətdə mənim iddiamı təmin etməyib. Bu da tam əsassızdır. Ona görə ki, binanın himninin tikilməsində "ustabaşı" olur və ona görə də onun bu binanın tikilməsində məsuliyyəti digər cavabdeh Tahir Məcidov qədər olub. Hansı maraqlara görə bu iddiam təmin olunmayıb, bilmirəm.Onu bilirəm ki, Ülvi Cəfərov danışır ki, Şəki Apellyasiya Məhkəməsidə mənim iddiamı təmin etməyəcək. Onun bu ismarıcı mənə göndərməsinin kökündə hakimlə danışaraq əmin olduğu görsənir.
Hörmətli Mehriban xanım!
Xahiş edirəm Şəki Apellyasiya Məhkəməsində bu işə obyektiv baxılaraq ədalətli qərar çıxarılmasına köməklik göstərəsiniz. Bu qərarın çıxarılmasına nail olmaqla siz bir sahibkarın fəaliyyətinin genişləndirməsinə və 15-20 Azərbaycan Respublikası vətəndaşının normal əmək haqqı ilə işlə təmin olunmasına köməklik göstərmiş olacaqsınız. İnanıram ki, siz mənə bu köməkliyi göstərəcəksiniz”.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 
Tarix: 24-04-2019, 14:55
Xəbəri paylaş





Xəbər lenti