“Azərbaycanda satınalmalarla bağlı yeyinti yüksək səviyyədədir və qanunda nəzərdə tutulan hallar həyata keçirilmir”. Bunu hüquqşünas Fərhad Mehdiyev deyib. O bildirib ki, qanunda nəzərdə tutulan hallar həyata keçirilərsə, tenderlər şəffaf olarsa, bu sahədə olan yeyintinin səviyyəsini xeyli aşağı salmaq mümkündür. Hüquqşünas deyir ki, ilk olaraq elektron satınlalma sistemini həyata keçirmək lazımdır.
“Elektron satınalma odur ki, bütün satınalmalar e-tender.gov.az saytında yerləşdirilir. İndi qısa məlumat verilir ki, tenderi kim keçirir və nə haqqındadır. Amma təfsilatlı heç bir məlumat mövcud deyil”.
Tendrlərlə bağlı ictimai rəyin də yumşaq desək birmənalı olmaması sirr deyil... Mütəxəssislərin, müxtəlif iş adamlarının bu mövzudakı tənqidi yanaşmalarına mediada tez-tez rast gəlinir.
Bir müddət əvvəl Milli Məclisin üzvü Vahid Əhmədov da dövlət satınalmaları ilə bağlı narahatlığını bildirdi: "Neçə ildir biz Milli Məclisin iclaslarında dövlət satınalmaları ilə bağlı məsələrə toxunuruq ki, burada şəffaflıq yoxdur, tenderlər keçirilmir, müəyyən qurumlar birbaşa satınalmalarla məşğul olurlar, amma bu yenə də təkrar olunur".
Onun sözlərinə görə, burada çox ciddi qərarların qəbul edilməsinə ehtiyac var.
“Satınalmalar ilə məşğul olan bütün icra hakimiyyəti orqanları özləri tendersiz bütün məsələləri necə istəyir həll edir. Nöqsanlar həddindən artıq çoxdur. Yenə də tenderlər keçirilmir, Tender Komissiyasının təyinatında müəyyən insanları daxil edirlər”.
Bu və bu kimi narahatlıqlar, həyəcan dolu yanaşmalar başadüşüləndir. Söhbət büdcə vəsaitindən, dövlətin pulunun necə xərclənməsindən gedir. Elə dövlətin ən yüksək səviyyəsində də dəfələrlə problemin aktuallığı qeyd edilib...
Bir şirkət 6 müxtəlif yönlü lot üzrə qalib olub(?)
Diqqətli oxucularımıza da məlum olduğu kimi yenixeber.org-da bu mövzu ilə bağlı mütəmadi olaraq yazılar tirajlanır. Bu yazıda da daha bir tender əməliyyatına aydınlıq gətirməyə çalışacağıq... Redaksiyamıza Gədəbəy Rayon Mərkəzi Xəstəxanası ilə “Bulaq-5” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında 17.01.2019-cu il tarixdə imzalanmış müqavilənin təfərrüatı ilə bağlı bir sıra suallara yol açan məlumatlar daxil olub. Xatırladaq ki, bu müqavilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının 6 lot üzrə elen etdiyi tenderin qalibi kimi “Bulaq-5” MMC müəyyənləşdikdən sonra gerçəkləşib. Olsun, ilk baxışdan qeyri-adi bir nəsnə görünmür. Amma,... Bir-birindən fərqli 6 lotun məlum imkanları şübhə doğuran bir şirkət tərəfindən udulması da, gerçəkləşəcəyi də saysız suallar doğurur.
Gədəbəydən yenixeber.org-a daxil olan məlumata görə “Bulaq-5” MMC-nin nəinki lazımı baza və imkanları yoxdur, ümumiyyətlə bu şirkəti rayonda barmaqla sayılacaq qədər tanıyanlar ya olar, ya olmaz. Elə biz də müəyyən suallara cavab almaq səbəbindən “Bulaq-5” MMC ilə əlaqə yaratmağa çalışdıq. Təsəvvür edin, bir gündə altı tenderin qalibi olmuş şirkət haqqında internet üzərində axtarış cəhdlərimiz nəticəsiz oldu. Nə bir əlaqə vasitəsinə, nə bir izinə-tozuna rast ola bilmədik.
Bildiyimiz bircə bu oldu ki, “Bulaq-5” MMC 06.11.2013-ci ildə qeydiyyatdan keçib. Qeydiyyat ünvanı Gədəbəy rayonu Mo-mor kəndi, Nizamnamə kapitalı 20 m., təsisçi isə Qasımov Məhəmməd İsmayıl oğludur.
Nizamnamə kapitalı 20 m. olan “Bulaq-5” MMC aşağıdakı lotlar üzrə qalib olub:
1.Əsalı təmir işləri 26460 m. 2. Sair xərclər üzrə 23236 m. 3. Digər alışlar və xidmətlər üzrə 15500 m. 4. Digər nəqliyyat xərcləri üzrə 16102 m. 5. Mətbəə xərcləri üzrə 10667 m. 6. İdarənin xərcləri üzrə 24450 m.
Göründüyü kimi, bir rayon xəstəxanası üçün heç də kiçik məbləğ deyil... Sual olunur: “Tanıyıram deyənin” olmadığı bir şirkərtin 6 müxtəlif lot üzrə qalib olması nə dərəcədə inandırıcıdır? Həm əsaslı təmir işləri, həm nəqliyyat xərcləri, həm mətbəə xərcləri və s. bir-birindən fərqli əməliyyatları bu şirkətin icra edə biləcəyi nə dərəcədə realdır? Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi bu məbləğdə dövlətin pulunu belə bir şirkətə etibar etməkdə nə dərəcədə haqlıdır? Və s.
Məqsədin nə olduğunu, demək çətindir. Ancaq ehtimal ki, ənənəvi şəkildə bu əməliyyatla da külli miqdarda dövlət vəsaitinin ortadan çıxarılmasına çalışılıb.
Biz “Bulaq-5” MMC ilə əlaqə yarada bilməsək də Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının baş mühasibi Səkinə xanım Tağıyeva ilə telefon əlaqəsi yarada bildik. Təəssüf ki, cəhdlərimizə baxmayaraq Səkinə xanım suallarımızı eşitmək belə istəmədi. Ən maraqlısı isə baş mühasibin tenederlərdən, bu şirkətdən xəbərsiz olduğunu deməsi oldu(?)
Daha da təəccüblü və anlaşılmaz olanı isə bizim Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyevə ünvanladığımız məktubun cavabsız qalmasıdır. Baş həkim 12.03. 2019-ci il tarixdə göndərdiyimiz 05/019 №-li məktubumuzu bugünə qədər cavabsız qoyub. Niyə? Bu sualın cavabını biz də bilmədik: yazmağa cavabımı yoxdur? Qanunlara sayqısızlıqmı? Və s. Telefonla danışıb dinləmək istəsək də alınmadı. Məlum oldu ki, səhiyyə nazirinin qəbuluna düşmək hörmətli baş həkimlə müqayisədə az zəhmət tələb edir...
Ümüd edək ki, məlum maliyyə-iqtisadi durumda dövlət vəsaitinin müzakirə predmeti olduğu bir mövzuda baş həkimin məktubumuzu cavabsız qoyması texniki problemlər səbəbindəndir...(Yenixeber.org)