Səlim Müslümovun qohumu şikayətləri qulaqardına vurur... - "Getdilər, sonradan bildirdilər ki..."


Səlim Müslümovun qohumu şikayətləri qulaqardına vurur...
Bu il fevralın 5-də episentri Ağsu rayonu olan 6 ballıq zəlzələdən sonra orada qəzalı vəziyyətə düşən fərdi evlərin təmiri ilə bağlı şikayətlərə qeyri-obyektiv baxıldığı deyilir. Ağsu sakinləri bu qənaətdədir. Onların dediklərinə görə, səslərini yerli icra hakimiyyətinə çatdıra bilirlər.

Zakir Allahverdiyev söyləyir ki, yaşadıqları ev 1949-cu ildə inşa olunub. Kərpicdən tikildiyi üçün tamamilə yararsız vəziyyətə düşüb. Zəlzələdən sonra isə divarda iri çatlar əmələ gəlib:

“Məlum zəlzələdən sonra ev daha da yararsız hala düşdü. Ağsu Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişəm. Hər dəfəsində də deyiblər ki, qəzalı evlərə biz baxmırıq. Daha sonra Fövqəladə Hallar Nazirliyindən komissiya gəlib evə baxış keçirdi. Getdilər, sonradan bildirdilər ki, guya ev yaşamaq üçün yararlıdır. 70 ilin evidir, burada adam yaşayar? Dam başımıza uçur. Tavanı sallanıb, divarlarda da iri çatlar yaranıb. Başımıza uçan evin harası yararlıdır? Məcbur olub, təkrar olaraq, FHN-nin qaynar xəttinə zəng etdim. Mənə bildirdilər ki, şikayətiniz qeydiyyata alındı, Ağsu Rayonu İcra Hakimiyyətinə ötürüləcək. İki aydır hələ də gözləyirəm. Heç bir xəbər-ətər yoxdur”.

Səlim Müslümovun qohumu şikayətləri qulaqardına vurur...

Ariz Sadayev isə dəfələrlə etdiyi müraciətə Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən əhəmiyyət verilmədiyini bildirir. On nəfərdən ibarət üç ailənin ikiotaqlı evdə yaşadığını bildirən şikayətçi, “gecələr səksəkə içində yatırıq, qorxuruq, ev başımıza uçsun”, – deyir:
“Ev atamdan qalıb, 1938-ci ildə tikilib. Pis vəziyyətdə idi, fevral ayında baş verən zəlzələdən sonra isə daha betər günə qaldı. Əvvəlcə getdim, İcra Hakimiyyətinə qeydiyyata dayandım. Xeyli gözlədik, xəbər-ətər çıxmadı. Təkrar getdim, dedilər ki, qeydiyyatda deyilsiniz. Bunlar adamlara fırıldaq gəlirlər, aldadırlar. 10 nəfər adam iki otaq və bir mətbəxdən ibarət evdə yaşayır. İcra başçısına deyirəm ki, sabah ev başımıza uçsa, sən cavabdehsən, çünki maraqlanmırsan. Deyir ki, bizlik deyil. Bizi sanki başlarından edirlər. Ev çöküb, yarılıb, arxası uçmaq üzrədir. Fərli-başlı döşəməsi də yoxdur. 81 ilin evidir, artıq kərpiclər də ovulub gedir.

Burada fərli rəhbərlik yoxdur. Elə adamlara ev tikirlər ki, inanın, onlara heç ev lazım deyil. Səbəbini isə tapa bilmirik. Sonuncu dəfə icraya gedəndə dedilər ki, get bir evdə neçə adamın yaşamağına dair sənəd gətir. Guya mən yalan danışıram. Özüm Ağsu rayon Su Kanal İdarəsində işləyirəm, aldığım da 180 manatdır, birtəhər dolanırıq. Bu pulla qarnımızı doyduraq, ya ev tikək?”.
 
Tarix: 25-04-2019, 10:33
Xəbəri paylaş





Xəbər lenti