Mingəçevir sosial partlayış ərəfəsində: AYDIN MİRZƏZADƏNİN "SƏSLƏR BAŞQA YERDƏ HƏLL OLUNUR" SÖZÜNƏ GÖRƏ
9 fevral seçkilərindən 15 gün keçsə də bəzi dairələrləki özbaşınalıqlarla bağlı şikayətlərin ardı-arası kəsilmir. Seçkilər günü ən böyük və ən açıq saxtakarlıq isə 47 Saylı Mingəçevir Seçki Dairəsində oldu. 20 ildir bu dairədən deputat olan Aydın Mirzəzadəyə qarşı şəhərin mütləq əksəriyyətinin nifrəti və qəzəbi var və bu sosial mediada da açıq şəkildə özünü biruzə verdi. Məsələ burasındadır ki, Aydın Mirzəzadə YAP-ın şöbə müdiridir və həftənin demək olar əksər günləri universitetdə müəllim kimi çalışır. Bu qrafiki zorla yerinə yetirən deputatın 20 il ərzində Mingəçevir əhalisinə fiziki olaraq vaxt ayırmağa imkanı olmayıb. Ona müraciət edən yüzlərlə insana isə 'mən Bakıda işləyirəm, kimin sözü var bura gəlsin' kimi təhqiredici cavablar verməsini Mingəçevirdə hər kəs təsdiq edər.
Bu dəfəki seçkilərdə əhali əmin idi ki, Aydın Mirzəzadə ən azı özünü və ailəsini söydürməmək üçün seçkilərə qatılmayacaqdır. Ancaq Mingəçevirdə olan biznesini qorumaq məqsədi ilə Aydın Mirzəzadə yenidən seçkilərə qatılır və YAP namizədləri arasında ağır fiaskoya uğrayır, ən sonuncu yeri tutur. Beləliklə, bu seçkilərdə Aydın Mirzəzadə əhali tərəfindən ağır şəkildə təhqir olunan deputat kimi ilk yerdə, səslərin ümumi nəticələrinə görə isə son yerdə qərarlaşmalı oldu.Təbliğat-təşviqat başlayanda Aydın Mirzəzadə 2-3 dəfə çıq görüşlərə getməyə cəhd etdi. Ancaq bu görüşlərdə deputat söyüldü, təhqir olundu və qovuldu. Bundan sonra YAP Mingəçevir təşkilatına və Dram Teatra sığınaraq dövlət qurumlarının işçilərini məcburi şəkildə gətirdərək guya öz aləmində Prezident və I Vitse-Prezidenti aldadır, süni ictimai rəy yaradırdı. Məlumatda qeyd olunur ki, bütün reallıqlar aidiyyatı qurunlar tərəfindən qeydə alınır və Prezident Administrasiyasına göndərilib. Görüşlərin birində isə şəhid ailəsinin nümayəndəsi Aydın Mirzəzadənin daha bir əxlaqsız addımını ifşa edir. Dialoqdan məlum olur ki, Aydın Mirzəzadənin anası adına Mingəçevirdə tikdiyi 'Firəngiz' şadlıq sarayı Prezidentin şəhid ailələri üçün inşa etdirdiyi və yarımçıq binanın yerində tikilib. 300-dən çox ailəyə həmin yerdə mənzil tikilməli imiş. Ancaq tikinti zamanı bünövrədən su çıxır və tikinti işləri ləngiyir. Fürsətdən istifadə edən deputat yarımçıq tikilini alır və yerində sözügedən şadlıq sarayını tikir.
Daha bir görüşdə isə əhali Aydın Mirzəzadənin Mingəçevirdə və Şəkidə olan biznesini ifşa edir və ona səs verməyəcəklərini deyirlər. Bundan sonra ara qarışır, ayaqqabı ilə qovulan Mirzəzadə aqresivləşir və görüşdəki insanlara 'siz səs vermirsinizsə özünüz bilərsiniz, əsəbləşmək lazım deyil, əzizim, səslər başqa yerdə həll olunur, burada yox' deyir. Ardınca 'sizin səsiniz heç nəyi dəyişmir' deyəndə şəhid ailəsinin üzvü ayaqqabısını atır, ancaq yan keçir. Məlumat üçün qeyd edək ki, mənbə Aydın Mirzəzadənin səs yazısının da olduğunu qdeyd edib. Vəziyyətin dözülməz olduğunu görən YAP Mingəçevir təşkilatının sədri Cavanşir Yusubov öz üst geyimi ilə onu qoruyaraq zorla avtomobilə çatdıra bilir. Bu hadisə artıq Mingəçevirdə yayılıb və ciddi, haqlı narazılığa səbəb olub.Məlumat üçün qeyd edək ki, 9 fevral seçkilərində ən biabırçı görüntülər 47 Saylı Mingəçevir Seçki Dairəsinə aid oldu. Belə ki, YAP İH üzvü, Şəhər İcra Hakimiyyəti şurasının üzvü, məntəqənin rəsmi üzvü Mahir Eyyubov Aydın Mirzəzadə adına işarələnmiş topa bülletenləri qutuya salarkən yaxalanır. Daha sonra Şəhər İcra Başçısı İlham İsmayılovun qaynı oğlu, məntəqənin rəsmi üzvü sürmədən Aydın Mirzəzadə adına işarələnmiş bülletenləri çıxardarak digərlərinə qatır və cinayət törədir. Digər məntəqələrdə isə rəqiblərin bülletenləri Aydın Mirzəzadənin bülletenlərinin arasına daxil edilir və say artırılır. Bəzi məntəqələrə isə YAP Mingəçevir şəhər təşkilatının rəhbəri Cavanşir Yusubov şəxsən müdaxilə edir, məntəqəyə gəlir, idarəçiliyi ələ alır, istədiyi formada saxtakarlıq etməyi bacarır. Bəzi saytlarda gedən məlumata görə bütün bu saxtakarlıqların ssenarisi 47 Saylı Mingəçevir Seçki Dairəsinin sədri Oktay Məmmədov və katibi Zabul Əmrahov tərəfindən hazırlanıb. Bunun müqabilibdə dairə sədri Aydın Mirzəzadədən 30 min manat rüşvət və 2 çayxana yeri, katib isə 15 min manat rüşvət alır. Artıq baş verənləri Mingəçevirdə hər kəs bilir və əhali Mərkəzi Seçki Komissiyasından ədalətli qərar gözləyir. 20 nəfərin səs vermədiyi, hər kəsin nifrət və qəzəb bəslədiyi Aydın Mirzəzadəyə 2000 səsin verilməsi qeyri-mümkündür və birbaşa ictimai rəyə ziddir, ölkədə gedən proseslərə birbaşa xəyanətdir. Mənbə iddia edir ki, ilk iş yeri Əli Həsənovun yanı olan, indi də onun himayəsində olan Aydın Mirzəzadənin real situasiyanı bilə-bilə seçkiyə getməsi ölkə başçısına qarşı sabotajdır və ölkədəki islahatlar prosesinə qəsdən ziyan vurmaq, əhalinin I Vitse-Prezidentə olan inamını sarsıltmaq məqsədi daşıyır.
Mövzunu davam etdirəcəyik.Xeberim.com
Tarix: 24-02-2020, 15:58