"Suriyada 4 ildən sonra cəbhə yenidən alovlandı" - Turan Rzayev


Suriyada 4 ildir dondurulmuş münaqişədən sonra cəbhə yenidən alovlandı. İslamçı Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması və Suriya Milli Ordusuna (SMO) mənsub sünni qruplar Bəşər Əsəd rejiminə qarşı ani hücuma başlayıb. HTŞ lideri Əbu Məhəmməd Əl Colani bildirib ki, hədəfləri Əsəd hökumətinin nəzarətində olan Hələb şəhəridir. O, hücumların paytaxt Dəməşq ələ keçirilənədək davam edəcəyini deyib.
Əslində, məsələ nə Suriya vətəndaş müharibəsi, nə də HTŞ və SMO-nun Əsədi devirmək istəməsidir. Məsələyə daha geniş rakursdan baxmaq lazımdır. Açar informasiya isə HTŞ və SMO-un Türkiyə tərəfindən dəstəklənməsidir.
Türkiyənin Suriyada əməliyyatlara başlayacağına dair iddialar var idi. Amma əməliyyatın zamanlaması diqqət çəkir. Türkiyədən başqa bu gün Suriyada bir çox ölkənin marağı var. Üzdə görünən başlıca qüvvələr Rusiya, İran, İsrail, ABŞ və Qərbdir (daha çox Fransa). Əməliyyatın zamanlamasının həm də bu güclərin mövcud geosiyasi, regional və daxili vəziyyətləri ilə bağlı olduğunu demək olar.
Hesab edirəm, Ankaranı hərəkətə gətirən ilk ciddi məqam ABŞ və kürd qruplaşmalarıdır. Baydenin hakimiyyəti müddətində ABŞ YPG-yə ciddi dəstək verib. Son illərdə İsrailin də dəstəyi ilə Türkiyədə aktivləşən kürd separatizmi Ankaranı narahat edir. Türkiyə öz ərazisində İraqın şimalındakı kimi de-fakto bir kürd subyektinin olmasını istəmir. Mümkündür ki, Ankara HTŞ və SMO əməliyyatları fonunda Hələbin şimalında kürd silahlılarının nəzarətində olan ərazilərdə əməliyyat keçirsin. Yəni HTŞ və SMO əməliyyatları həm taktiki diqqət dağıtmaq, həm də itki sayını azaltmaq üçün ön hücum ola bilər.
Təbii ki, Ankaranı bu planı aktivləşdirməyə cəsarətləndirən başlıca faktor ABŞ-da hakimiyyətin dəyişdirilməsidir. Ankara Baydendən fərqli olaraq Trampın Yaxın Şərqə birbaşa müdaxilə ilə deyil, regional partnyorlar ilə nəzarət edəcəyinə ümid edir. Ehtimal ki, Türkiyə ordusu HTŞ və SMO ilə birlikdə ən azından yanvara qədər Suriyada həm kürd qruplara zərbə vurmaq, həm də Əsədin mövqelərini zəiflədərək gücünü artırmağa çalışacaq.
Ankara Təl-Əvivin regionda aktivliyinin fərqindədir. Xüsusilə Qəzzada HƏMAS-a, Livanda “Hizbullah”a qarşı əməliyyatların arealını genişləndirəcəyini, hətta Suriyaya sıçrayacağını bilir və dolayı yolla Türkiyə sərhədinə çatma ehtimalları Ankaranı narahat edir. İsrailin aktivləşməsi fonunda Türkiyə də Yaxın Şərqdəki mövqelərini qorumaq istəyir və buna görə Suriyada təsir gücünü artırmaq qərarı vermiş ola bilər.
Təbii ki, önəmli məqamlardan biri də Rusiya və hazırkı vəziyyətidir. Ankara Moskvanın başının Ukraynaya qarışdığının fərqindədir. Türkiyə rəhbərliyi Rusiyanın ciddi şəkildə sıxışdırıldığını görür və Suriyaya diqqət ayıra bilməyəciyini anlayır. Təbii ki, bu, 5 ildir davam edən Türkiyə-Rusiya dialoqunu sarsıda bilər. Amma görünür, Qara dənizə giriş-çıxış “kartı”nı əlində saxlayan Türkiyə Rusiyanın buna getməyəcəyini düşünür.
Əməliyyatların nəticəsinin necə olacağını öncədən demək çətindir, lakin bir gerçək var ki, ikinci Hələb döyüşləri ən az birincisi qədər qanlı olacaq. Çünki Hələb şəhərinin 2016-cı ilin sonunda hökumət qüvvələri tərəfindən yenidən ələ keçirilməsi vətəndaş müharibəsinin taleyini dəyişmiş və Əsədin mövqeyini gücləndirmişdi. Yəni Əsəd Hələbi itirməmək üçün bütün qüvvəsini səfərbər edə bilər. Çünki Hələbi itirmək Dəməşqi itirmək deməkdir.
Müəllif: Politoloq Turan Rzayev,
Siam-az.com
Tarix: Bu gün, 17:20
Xəbəri paylaş





Xəbər lenti