Tərtər rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib

 
Tərtər rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib.

Siam.az xəbər verir ki, yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, 2019-cu ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə, istehsal edilən məhsullara və video-slayda baxıblar.

Sonra tədbir Mədəniyyət Mərkəzində davam etdirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 2019-cu ilin yekunları ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Rayon rəhbəri bildirib ki, ötən il rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin açılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Tərtər şəhərində və kəndlərdə geniş tikinti quruculuq işləri aparılıb.

Tərtər rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
Tərtər rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib

İl ərzində rayonda “Dövlət Rəmzləri” muzeyi, Olimpiya İdman Kompleksi, “Azərxalça” ASC-nin Tərtər filialı, Su-kanal idarəsinin inzibati binası tikilib. Tərtər şəhərinin Mehdi Hüseynzadə küçəsində 0.8 kilometr, Vəzir Orucov küçəsində 0.9 kilometr, Heydər Əliyev prospektində 0.2 km, Qaçay Mehtiyev küçəsində 0.4 km, Rövşən Kərimov küçəsində 0.2 km, Teymur Rəhimov küçəsində 0.7 km, Bəsti Bağırova küçəsində 0.9 km asfalt beton örtüyü salınıb. Şəhərin Vəzir Orucov və Bəsti Bağırova küçələrində istinad divarları mişar daşı ilə hörülüb, aqlay və digər bəzək daşları ilə üzlənib, yola asfalt örtüyü qoyulub, işıq, qaz, su-kanalizasiya və rabitə xətləri səliqəyə salınıb, yararsız işıq və rabitə dirəkləri yeniləri ilə əvəz edilib. Bəyimsarov, Hüsənli kənd və 1 saylı şəhər tam orta məktəblərində cari təmir işləri aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tərtər-Hindarx avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsinin 19 kilometrində, uzunluğu 10 kilometr olan Sarov-Borsunlu kəndlərarası avtomobil yolunda və uzunluğu 5 kilometr olan Hacıqərvənd kəndarası avtomobil yolunda əsaslı təmir işləri aparılıb, Hüsənli kəndində 2.5 km kəndarası yollara asfalt beton örtüyü salınıb. 2019-cu ildə rayonda respublika və yerli əhəmiyyətli avtomobil yollarında 2738.1 min manatlıq cari və saxlanma işləri görülübdür. Çaylı-Talış avtomobil yolunda 4 km və İsmayılbəyli-Evoğlu avtomobil yolunda 7.5 km çınqıl örtüklə cari təmir edilib. Hazırda Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolunun yenidən qurulması üçün hazırlıq işləri görülür.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Tərtər şəhərində Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi davam etdirilir. Tikintisi 2018-ci ildən başlayan Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta modul tipli məktəblərində son tamamlama işləri aparılır.

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2019-cu ildə 11 nəfərə fərdi ev tikilib, 2 mənzil istifadəyə verilib, 9 mənzilin istifadəyə verilməsi üçün isə hazırlıq işləri görülür. 2020-ci ildə daha 30 fərdi evin tikintisi nəzərdə tutulub. Hesabat ilində 8 nəfər Qarabağ müharibəsi əlili minik maşını ilə təmin olunubdur.

İl ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində, meşə zoladlarında 80550-dən çox müxtəlif növ ağaclar, 5 min gül və 750 min ədəd həmişəyaşıl kolları əkilmişdir.

İcra başçısı qeyd etdi ki, 2019-cu ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 161 milyon 52,7 min manat olub. Dövr ərzində kənd təsərrüfatı məhsulunun həcmi 7.5 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 14.6 faiz, nəqliyyat xidmətlərinin həcmi 3.9 faiz artıb.

Rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 21 milyon 942.7 min manat təşkil edib ki, onun 20 milyon 21 min manatı və ya 91.2 faizi tikinti-quraşdırma işlərinə yönəldilmişdir. İl ərzində 4971.1 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Əsas kapitala yönəldilən investisiyaların 1 milyon 582 min manatı bilavasitə rayonun öz yerli sahibkarları tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilibdir.

Keçən il rayonda 907-si daimi olmaqla 1796 yeni iş yerləri açılıbdır.

Diqqətə çatdırılıb ki, Respublika Prezident cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlar üçün yerlərdə şərait yaradılması barədə tapşırıqları Tərtər rayonunda da diqqət mərkəzində saxlanılır. Rayonda sahibkarlara verilən güzəştli kreditlərin məbləği, eləcə də kənd təsərrüfatı, ticarət və xidmət sahələrinə yönəldilən investisiyanın həcmi ildən ilə artır. Sahibkarlara Kömək Milli Fondu tərəfindən 2019-cu ildə rayonda kənd təsərrüfatı ilə məşğul olan 17 sahibkara 1 milyon 912 min manat güzəştli kreditlər verilibdir. Bu layihələrlə əlaqədar 37 yeni iş yeri açılacaqdır.

Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də rayon icra hakimiyyətində sahibkarlarla görüşlər keçirilib, onları narahat edən problemlər öyrənilib,

fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə iş adamlarına lazımi köməklik göstərilib və lazımi tövsiyələr verilibdir.

Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan bəhs olunarkən bildirilib ki, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2018-ci ildə qazılmış 13 ədəd subartezian quyusu 2019-cu ildə istismara verilib, 13 yeni subartezian quyusu qazılıb.

Rayon üzrə 2019-cu ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2018-ci ilə nisbətən 2.8 faiz artaraq 26853.3 hektar olubdur. 29481.9 ton buğda, 12870.4 ton arpa, 6584 ton günəbaxan, 4515.1 ton kartof, 15741 ton tərəvəz, 1062.9 ton qarğıdalı və digər məhsular istehsal olunub. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 41.6 sentner, arpa üzrə 33.7 sentner olubdur.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Tərtər rayonunda pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Keçən il rayonda 3427,2 hektar sahədə pambıq becərilib, 11936,2 ton məhsul istehsal edilibdir. Məhsuldarlıq hər hektardan orta hesabla 34,8 sentnerə çatıbdır. Pambığın məhsuldarlığına görə rayonumuz ölkədə birinci yerdədir. Pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək işlərlə bağlı keçirilən müşavirədə ölkə başçısı cənab İlham Əliyev pambıqçılarımızın əldə etdikləri yüksək nailiyyətləri qeyd edərək demişdir: “Mən bir daha demək istəyirəm ki, Tərtərdə pambıqçılıqda əldə edilmiş təcrübə öyrənilməlidir. Doğrudan da çox böyük işlər görülübdür, özü də nəzərə almalıyıq ki, bu, düşmənlə üz-üzə yerləşən rayondur... Belə ağır vəziyyətdə işləmək və yüksək nəticələr əldə etmək doğrudan da yüksək qiymətə layiqdir”.

İpəkqurdunun yem bazasını təmin etmək üçün 2019-cu ildə Çindən gətirilimiş 30 min və 10400 ədəd yerli yeni çəkil tingi əkilib. Rayon kümçüləri tərəfindən 18 min 300 kiloqram barama istehsal edilib.

Rayonun kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə, pambıq, şəkər çuğunduru, barama istehsalına, saxladıqları arı ailələrinə və süni mayalanma yolu ilə doğulan buzova görə ümumilikdə dövlət büdcəsi vəsaiti hesabına 2 milyon 748,8 min manat subsidiya verilib.

Heyvandarlığın inkişafı da diqqət mərkəzində saxlanılıb. 2019-cu ildə rayonda diri çəkidə 3110.8 ton ət, 22 min 440.9 ton süd, istehsal edilib və 106.5 ton yun qırxılıb.

Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, içməli su, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həllindən və 2020-ci ildə görüləcək işlərdən danışılıb.

Məruzə ətrafında Rayon Polis şöbəsinin rəisi, polis-polkovniki Elçin Qasımov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev, Tərtər Rayon Mərkəzi Xəstəxanasının Publik hüquqi şəxsi, baş direktoru Yaşar Hüseynov, Respublika fermerlər şurasının üzvü, Soyulan kəndində sahibkar Zəfər Nəsirov, “Tərtər” MMC-nin baş aqronomu İlkin Qurbanov, Bəyimsarov kənd sakini, sahibkar Habil İbrahimov çıxış ediblər.

Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafdan, qazanılan uğurlardan, habelə qarşıda duran vəzifələrdən danışıb.

Tədbirdə rayonun kənd təsərrüfatı sahəsində fərqlənənlərə və ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup şəxsə fəxri fərmanlar verilib. Sonda qərar layihəsi oxunub, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib
Tarix: 27-02-2020, 19:41
Xəbəri paylaş





Xəbər lenti