Sakin: “Bu günlərdə hava yağışlı keçdi, həyətdə qab-qaşığı düzdük ki, əlimizdə bir-iki qab artıq su olsun” “Azərsu” sözçüsü: “Su təchizatına dair yaranan problem yağıntılarla bağlıdır” Şəmkir rayonu Posanlı kəndinin sakinləri susuzluqdan şikayətçidirlər. Sakin Elxan Həsənov AYNA-ya küçələrinə su verilməməsi ilə bağlı şikayət ünvanlayıb.
Sakin bildirib ki, bir həftədən çoxdur suları gəlmir: “Yayın bu isti vaxtında günlərlə su yoxdur. Əvvəllər suyu 3 gündən bir verirdilər, indi isə artıq 1 həftəni aşır. Yay vaxtı verilən suyun təzyiqi də zəif olur, bir qab su götürmək üçün az qala bir saat gözləyirik”.
Şikayətçinin sözlərinə görə, bu problem çoxdan var, hər yay eyni vəziyyətlə üz-üzə qalırlar: “Yay gələndə bizim günümüz belə olur. Əlini atırsan, bir içim su tapa bilmirsən. Suyu verəndə də saatla verirlər. Su həftədə bir və ya iki dəfə verilir, onda da bir neçə saatlıq. Bir də görürsən ki, günlərdən sonran su gəlir, amma ikicə saat”.
“Su verilən saat da bəlli deyil, suyu açır, gözümüzü krana zilləyirik ki, su nə vaxt gələcək. Çəni olmayan adamlar üçün ümumiyyətlə, çətindir. Onların həyətində qab-qaşıq əlindən tərpənməyə yer yoxdur. Yazıq insanlar nə etsinlər, su hər gün gələr, insanlar da normal işlərini görərlər. Yoxsa belə çox çətindir. Uşaqlı, xəstəli, qocalı ailələr var. İnsanlar əziyyət çəkirlər. Hər kəsin qapısında sayğacı var. Su daimi verilməlidir, kim də nə qədər istəyir, o qədər istifadə etməlidir”, - deyə Həsənov vurğulayıb.
Qeyd edib ki, əlavə quyudan su çəkiblər, amma o, içmək üçün elə də keyfiyyətli sayılmır: ““Azərsu”dan su veriləndə məcburuq ki, bir neçə günlük içməli su ehtiyatı yığaq. Bu günlərdə hava yağışlı keçdi, həyətdə qab-qaşığı düzdük ki, əlimizdə bir-iki qab artıq su olsun”.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı sözügedən problemlə bağlı AYNA-ya deyib ki, su təchizatına dair həmin kənddə yaranan problem yağıntılarla bağlıdır: “Şəmkirdə son günlərdə su təchizatında yaranan problem yağıntılarla bağlıdır. Su mənbəyində - Şəmkirçayda bulanma olub. Amma artıq suda stabilləşmə var, suyun verilməsi gözlənilir”.
“Həmin kəndə su qrafiklə iki gündən bir gün ərzində verilir”, - deyən ASC sözçüsü sakinlərin həyətində su sayğacı olmasına rəğmən, suyun niyə qrafiklə verildiyini belə əsaslandırıb: “Orada Sovet dövrü qurulmuş sistem olduğuna görə hazırda qrafiklə su vermək mümkün olur. Gələcəkdə sistemin yenidən qurulması, qrafikin yaxşılaşdırılması məsələsinə baxılacaq”.
Tarix: 11-07-2021, 22:21