İşinin öhdəsindən gələ bilməyən BAŞÇI... - İsmayıllı hər mənada GERİ QALIR...
Azinfo.tv olaraq sosial narazılığı əks etdirən bütün spektrlər üzrə real vəziyyəti işıqlandırmaq kimi məsuliyyətli bir yükün altına girmişik. Dövlət başçısı dəfələrlə öz çıxışlarında xalqa səslənib, aktiv vətəndaşlara tövsiyə edib, medya nümayəndələrinə tapşırıq verib ki, regionlarda baş verən məmur özbaşınalığı haqqında ona informasiya çatdırmaq üçün səy göstərin. Dövlət başçısı regionlarda yaşayan insanların problemlərinin ona deyilməməsindən, icra hakimiyyəti başçılarının bəzən yalandan hər şey yaxşıdır deyərək, əslində isə həqiqətləri gizlətməsindən gileylənir. Dövlət başçısı deyir ki, insanların problemlərinin həlli istiqamətində iş görün. Hansını ki, həll edə bilmirsiniz, bizə məlumat verin, biz həll edək. Ancaq görünən reallıq budur ki, dövlət başçısından gizlədilən çox şeylər var. Hələ də işinə məsuliyyətsiz yanaşan, insanların taleyinə biganə qalan, yalnız öz korporativ maraqlarına xidmət edən məmurlar var. Ancaq çox gözəl ki, bu gün həmin neqativlər gözdən yayınmır.
Prezident İlham Əliyev cənabları dəfələrlə qeyd edərək tapşırıq verib ki, görülən işlərin keyfiyyətinə fikir verilsin. Tikilən hər bir tikiliyə nəzarət olunsun ki, vaxtından qabaq dağılmasın. Bəli, gözəl teklif, yerində olan tələbdir. Ancaq təəssüf ki, yerli icra hakimiyyəti başçılarının prezidentin bu təklif və tələblərinə yanaşmaları çox yarıtmaz səviyyədədir.
İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov İsmayıllıda heç bir sahəyə əsaslı dərəcədə nəzarət etmir,ya bunu bacarmır. Təxminən 8 il bundan əvvəl İvanovka, Uştal, Soltankənd, Qalagah, Hacıhətəmli, Mollaisaqlı yolu xeyli dövlət vəsaitləri hesabına asfaltlandı. Ancaq iki ildir ki, yol baxımsızlıqdan dağılmağa başlayıb və bu proses daha da sürətlənib. Ərazidə yaşayan sakinlər dəfələrlə müraciət etsələr də tədbir görülmür. İsmayıllıda sanki rəhbər yoxdur. İcra başçısı öz işinin öhdəsindən gələ bilmir. Prezident Nahid Bağırovu İsmayıllıya başçı təyin edəndə ona tapşırdı ki, daima əhalinin içərisində ol, onların problemlərini həll etməyə caliş və infrastruktur layihələrinin həyata keçirilməsinə imkan verən bütün vasitələrdən yararlan. Eyni zamanda rayonun abad vəziyyətdə saxlanması üçün ayrılan vəsaitlərin ünvanı üzrə sərfiyyatına nəzarət et. Ancaq Nahid Bağırov prezidentin bu tövsiyəsini tez unutdu. Hazırda rayonun bütün yaşayış məntəqələrində içməli su problemi var. Kənd və qəsəbələrə gedən yollar dağılır, rayon daxili yollar üçün ayrılan asfalt örtüyü ayrı-ayrı biznesmenlərin tikdirdiyi restoranların, istirahət mərkəzlərinin həndəvəri üçün istifadə olunur. Əhalinin içməli su ilə təmin olunması üçün rayon mərkəzinə ayrılmış artezan quyusu milyonçu bir şəxsin obyektində qərar tapır. Bəli, bu söylədiklərimiz günümüzdə İsmayıllıda baş verir. Rayonda kütləvi narazılıq baş qaldırıb. Vətəndaşlar dövlət idarələrində get-gələ salınır, onlara bürokratik əngəllərlə mane olurlar. Bu barədə monitorinq apardıqdan sonra daha geniş şəkildə məlumat veriləcək. Sözügedən videonu təqdim edirik. 25 iyul 2021- ci ildə çəkilmiş video. İvanovka, Uştal, Soltankənd, Qalagah, Hacıhətəmli, Mollaisaqlı yolu.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.