Yuxarı Qapanlı kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-
görüşü rayonun Yuxarı Qapanlı kəndində keçirilib.

Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar 
şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi 
icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında 
məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və 
qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq 
işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli 
layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun 
infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən 
dəstəkdən danışıb.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər 
barədə də məlumat verib.
Bildirilib ki, Yuxarı Qapanlı  kəndinin 605 hektar ərazisi, 283 təsərrüfatı, 1180 nəfər əhalisi, 
328 hektar pay torpağı var. Ərazidə 1 tam orta məktəb, 1 kitabxana, 3 ticarət obyekti, 2 
iaşə obyekti, 2 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və 
maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və içməli su  ilə təmin olunublar.
Sakinlər 838 baş iribuynuzlu, 982 baş xırdabuynuzlu heyvan, 4345 baş quş saxlayırlar.
Yuxarı Qapanlı kəndində son üç ildə Tərtər-Qazyan-Hüsənli yoluna 10 km-lik məsafədə 
yeni asfalt örtüyü çəkilib, kəndarası yollar təmir olunaraq kənarları təmizlənib, kənd 
mədəniyyət evi cari təmir olunub, pay torpaqlarına gedən suvarma arxları 500 metr 
məsafədə lildən təmizlənib, kənd ərazsində 4 hektar ərazidə meyvə ağacları əkilib, 
hazırda 50 yerlik yeni körpələr evi-uşaq bağçası tikilir.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər 
məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun 
fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə 
çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən şəhid anası Səadət Əliyeva elektrik xətlərinin sip kabellə əvəzlənməsi, 
Nazim Həsənov və Sevinc Əliyeva pay torpaq sahələrində olan mübahisə, Rübabə 
Şükürova evinə Vətən müharibəsi zamanı ziyan dəyməsi, Ayaz Hüseynov subartezian 
quyusunun təmir olunması, Əbdüləli Nəcəfov kənddə yeni subartezian quyusunun 
qazılması və digər məsələlər  ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon 
rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, 
şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının 
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz 
minnətdarlıqlarını bildiriblər.
Tarix: 3-11-2022, 22:06
Xəbəri paylaş





Xəbər lenti