Mingəçevirlilər İlham İsmayılovun əlindən dad deyir
Sakinlər DTX-nin qara maskalılarını gözlədiklərini gizlətmirlər
Hələ sovet dövründə 1-ci katibləri “kiçik padşah” adlandırırdılar. Əllərindəki qeyri-məhdud səlahiyyətlərə rəğmən bu adamlar özlərini “kiçik padşah”, firon kimi aparırdılar; sanki bunlar ağa, camaat isə rəiyyətdir, onların dediyi əmrləri yerinə yetirməlidir. SSRİ dağıldı, bir formasiya digəri ilə əvəz olundu. Birinci katiblərin yerinə icra başçıları gəldi. Dəyişənsə forma oldu, məzmun yox. Başqa sözlə, vəzifənin adı dəyişdi, lakin bu adamların yanaşması dəyişmədi. Baxmayaraq, prezident özü də dəfələrlə vurğulayıb ki, icra başçıları ona görə yerlərə təyin olunub ki, xalqa xidmət etsin, onların problemlərini həll etsinlər. Nəinki bahalı maşınlarla, mühafizələrlə gəzmək, insanlarla ünsiyyətdə olmamaq və s. davranış sərgiləsinlər. Son bir neçə ildə prinsip hakimiyyət strukturlarında xaricdə təhsil almış gənclərin irəli çəkilməsiylə nisbətən dəyişsə də, bütövlükdə mahiyyət dəyişməyib. Çünki vəzifəyə yaşlı və ya gəncin gətirilməsindən asılı olmayaraq məsələyə baxış dəyişməlidir. Vəzifəni məsuliyyət kimi qəbul və dərk edə bilməyən bəzi icra başçılarının fəaliyyət(sizliy)i nəticəsində yerlərdə əhali arasında narazılıq halları artır. Sərəncamının mürəkkəbi qurumamış özünü hakimi-mütləq kimi aparanlar yetərincədir. Belə başçılardan biri də 4 ildir Mingəçevirə rəhbərlik edən, iclacbazlığı, quru vədləriylə sakinlərin canını boğaza yığan, vəzifələrə qohum-əqrəbasını, dost-tanışını, şəhərdə mənfi imici, hətta kriminal keçmişi olan adamları təyin etməklə ad çıxarmış keçmiş komsomol katibi İlham İsmayılovdur. Mingəçevirlilər üçün “doğma-yad” başçı İlham İsmayılov Ucarda doğulsa da, Mingəçevir camaatı üçün yad adam olmayıb. Vaxtilə şəhər komsomol komitəsinin 1-ci katibi olmuş İsmayılov İH-də İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri, 2005-2008-ci illərdə İqtisadi İnkişaf nazirliyi Aran Regional şöbəsinin müdiri, 2008-2018-ci illərdə Mingəçevir şəhər İH başçısının 1-ci müavini vəzifələrində çalışıb. Prezidentin 17.12.2018-ci il tarixli sərəncamı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Qəribədir ki, İ.İsmayılov heç vaxt 1-ci şəxs ola bilməyib. Hətta qurucusu sayıldığı YAP şəhər təşkilatında belə (o, uzun illər YAP şəhər təşkilatının sədr müavini olub). İcra başçısı təyin olunmağının 4-cü ili tamam olmasına baxmayaraq, yerli sakinlər hələ də onu sözübütöv, bacarıqlı, xarizmatik, nüfuzlu rəhbəri kimi qəbul etmirlər. 10 ildən çox birincilərin kölgəsində qalmış İsmayılov 2018-ci ildə icra başçısı olan kimi əlinə düşən ilk fürsətdəcə zamanında ona layiq olduğu qiyməti verən adamlardan qurtulmaq qərarına gəldi. Əvəzində vəzifələri qohum-əqrəba, şəhərdə mənfi imici olan adamlar arasında bölüşdürdü. Bu haqda bir qədər sonra. Ötən 4 ildə bir sakinin yaralı barmağına bint qoymağı bacarmayan başçı Son 10 ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə müəyyən işlər görülüb. “Kür” Olimpiya Tədris İdman Mərkəzi, Mingəçevir Dövlət Dram Teatrı, bir neçə məktəb binası və mərkəzi xəstəxana, Sahil parkı əsaslı şəkildə təmir olunaraq yenidən qurulub, Gənclər evi tikilib, əksər yaşayış binalarının dam örtükləri dəyişdirlib, fasadları üzlənib, bir neçə məhəllə abadlaşdırılaraq işıqlanma sistemi ilə təchiz edilib və s. Lakin sadalananlar İ.İsmayılovun 1-ci müavin olduğu dövrlərə təsadüf edib. Bir neçə gündən sonra isə İsmayılovun özünün icra başçısı vəzifəsinə təyinatının 4 ili tamam olacaq. Bəs ötən 4 il ərzində İ.İsmayılov başçı kimi Mingəçevirdə nə kimi işlər görə bilib? Qətiyyətlə demək olar ki, heç nə. Mingəçevir kimi ölkənin 4-cü böyük şəhərinin işsizlik probleminin həlli istiqamətində heç bir addım atılmayıb. İlham İsmayılov özündə cəsarət tapıb şəhərin işsizlikdən sonra ən böyük problemi olan yaşayış binalarının istilik sistemiylə təchizatı məsələsini nə dəfələrlə Mingəçevirə səfər etmiş Prezident, nə də Nazirlər Kabineti qarşısında qaldıra bilməyib. Sələfinin dövründə asfaltlanan yollar bu gün cürbəcür kommunikasiya xətlərinin yenilənməsi adı altında dağıdılır. Halbuki bu işləri dövləti 2 dəfə (bəlkə də çox) ziyana salmamaqla, yollar asfaltlanmazdan öncə əlaqədar qurumlarla görüşüb razılaşdırmaq mümkün idi. Ümumiyyətlə, Mingəçevirdə mərkəzi küçələr istisna olmaqla şəhərətrafı yollar çox bərbaddır. Binaların işıqlandırma, özəlliklə kanalizasiya sistemindəki problemlər həll olunmamış qalmaqdadır. Qarabağlılar demiş, nəynən, Alış? “Yaxın vaxtlarda Mingəçevirdə 7-8 min nəfər işlə təmin olunacaq”. Bu sözləri İlham İsmayılov icra başçısı vəzifəsinə təyin olunanda demişdi. Görünür, İ.İsmayılov 7-8 min iş yerinin nə demək olduğunun məsuliyyətini dərk etməyib. Dərk etsəydi, bu cür populist çıxışa yol verməzdi. Bu azmış kimi, sakinlərlə hər səyyar görüşü zamanı icra başçısı Mingəçevirdə hazırda mövcud olan ən aktual problemlərdən birinin işsizlik olduğunu etiraf edir və ardınca da bildirir ki, Prezident İlham Əliyev bu problemin köklü şəkildə həll edilməsi ilə bağlı müvafiq göstəriş verib. Sitat: “Ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən, yaxın vaxtlarda şəhərimizdə 4 yeni fabrik tikilib istifadəyə veriləcək və bundan sonra inanırıq ki, işsizlik problemi tamamilə aradan qalxacaq”. Nə o 4 fabriki, nə də işsizlik probleminin tamamilə aradan qalxdığını görən olmayıb. Beləcə, İ.İsmayılov yalan vədləri bir-birinə calayaraq günlərini yola verir. İşsizliyin, yoxsulluğun baş alıb getdiyi şəhər sakinlərinin səbri isə artıq tükənib. Çünki rəsmi statistikaya əsasən işsizlərin sayına görə, Mingəçevir illərdir ölkə üzrə ilk 3-lükdədir. Bugünədək şəhərdə daş üstünə daş qoymayan, ancaq boş vədlərlə sakinləri yola verən, bir şəhid, qazi ailəsinə kömək etmək iqtidarında olmayan “iclasbaz” İ.İsmayılovdan soruşan lazımdır ki, hanı açdığınız 7-8 min iş yeri, aradan qaldırdığınız işsizlik problemi? Hər şeyi özündən qabaqkı başçının üzərinə atmaq mərəzi Ötən yazılarımızda da qeyd etmişdik ki, Mingəçeviri iki yerə bölən Kür çayı faktiki olaraq 3 tərəfdən zəbt olunub. Sağ sahildəki ərazinin bir hissəsi uzun illərdir hasarlanıb və bunun nə məqsədlə edildiyi haqda heç bir məlumat verilmir. Bir hissəsi isə müxtəlif otel və restoranlar, xırda iaşə müəssisələri tərəfindən zəbt olunub. Çayın sol sahilində – Mingəçevir SES-ə uzanan yolda Prezident üçün inşa olunduğu deyilən iqamətgaha gedən yol illərdir bağlıdır. Nəhayət, sol sahildə əhalinin istirahət edə biləcəyi yeganə ərazi – Kür çayının ensiz, strateji hissəsi 4-cü ildir ki, Mingəçevir şəhər İH tərəfindən “Sədərək Yusif” kimi tanınan iş adamı Yusif Qədimbəylinin “DEKA” şirkətinə satılıb. “Sədərək Yusif” bu addımıyla nəinki şəhər sakinlərinə, həm də birbaşa ölkə başçısının iradəsinə qarşı “savaş” elan edib. Məsələylə bağlı sakinlər tərəfindən dəfələrlə Prezidentə müraciət olunub, 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə, Mingəçevir şəhər İH-nə rəsmi sorğu göndərilib. 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi qanun pozuntusuna bir neçə dəfə müdaxilə edib. Lakin “DEKA” şirkəti qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq rəsmi xəbərdarlıqlara əməl etməyib. Şirkət yol verilmiş qanun pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tərtib olunan 53497 nömrəli Akt əsasında cərimələnib. Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara Mingəçevir şəhər İH tərəfindən əməl olunmayıb – verilən sərəncamlarda ziddiyətli məqamlar və ciddi qüsurlar var. Yeri gəlmişkən, İ.İsmayılov media nümayəndələriylə keçirilən görüşlərdən birində mübahisəli yerlə bağlı sərəncamın ona deyil, özündən qabaqkı icra başçısının (söhbət hazırda Gəncə şəhər İH-nə rəhbərlik edən Niyazi Bayramovdan gedir – A.) üzərinə atmağa cəhd etmişdi. Lakin araşdırmalar zamanı məlum olmuşdu ki, ümumi istifadə üçün nəzərdə tutulan həmin ərazi məhz Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02.06.2019-cu il tarixli 55 saylı Sərəncamı ilə 30 il müddətinə “DEKA” şirkətinin istifadəsinə verilmişdir. Sərəncamı sabiq icra başçısı N.Bayramov deyil, məhz İlham İsmayılov imzalamışdır. Bir daha xatırladaq ki, qeyd olunan ərazilər birbaşa Mingəçevir şəhər İH-nin sərəncamındadır. “Torpaq məcəlləsi”nə görə, Xəzər dənizinin, iri çayların görüntüsü məhdudlaşdırıla bilməz. Hətta dövlət təyinatı ilə sahilboyu ərazilərdə hasarlanma olarsa belə, müəyyən məsafədən sonra – hər 100 metrdən bir eni 6 metr olmaqla dənizə (çaya) giriş-çıxış üçün yerlər saxlanılmalıdır. Bu gün Mingəçevirdə çox böyük bir ərazidə Kür çayını min metrlərlə məsafə boyu görmək mümkün deyil. Məsələ illərdir ki, müzakirə predmetidir. 2022-ci ilin son günlərini yaşamağımıza baxmayaraq, Kürün sahilini hələ də hasarlardan, müxtəlif əyləncə obyektlərindən, otellərdən, restoranlardan, villalardan təmizləmək mümkün olmayıb. Başçının oğlunun törətdiyi qəza ictimaiyyətdən necə gizlədilib? Ölkədə avtoxuliqanlıq edən, yüksək sürətə görə qəza törədən, digər harın hərəkətləri ilə diqqət mərkəzinə gələn məmur övladları xeylidir. Media zaman-zaman “məmur övladlarının” səbəbkarı olduğu yol qəzalarından yazıb. İlham İsmayılovun oğlu Orxan İsmayılov da istisna təşkil etməyib. Ötən ilin bu vədələrində O.İsmayılovun axşam saatlarında idarə etdiyi “CEEP” markalı avtomaşınla qəza törətdiyinə dair xəbər yayıldı. Qeyd olunurdu ki, O.İsmayılov öz maşını ilə “Mercedes” markalı, “AZ 10-RN-441” dövlət nömrə nişanlı maşını qabaq hissəsindən vuraraq səkiyə atıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü Ruslan Əliyevin qolu sınıb. Hadisənin ardından O.İsmayılovun dərhal atasıyla əlaqə saxladığı və icra başçısının göstərişilə avtomobilin hadisə yerindən uzaqlaşdırıldığı bildirilirdi. Qəzada xəsarət alan R.Əliyevə yeni maşın alınacağı vədilə müəyyən məbləğ ödənildiyi, müalicə üçün Gəncə şəhərinə aparıldığı, onun sınıq xəsarətinin müalicəsinə ölkənin tanınmış travmatoloq-cərrahlarından birinin cəlb edildiyi də gələn məlumatlar arasındaydı. İcra başçısının göstəriyilə hadisənin ictimaiyyətdən gizlədildiyi və yerli polis araşdırmasından yayındırıldığı, yumşaldıldığı da bildirilirdi. Maraqlıdır ki, ildırım sürətilə yayılan məlum qəza və qəzada xəsarət almış şəxslə bağlı xəbərlər tezliklə hansısa yollarla müəyyən saytlar vasitəsilə “təkzib” edildi. Olaydan qısa bir müddət sonra Mingəçevir şəhər Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Cəmşid Abbasov vəzifəsindən azad olundu. Onun Daxili işlər nazirinin əmrinə əsasən təqaüdə göndərilməsinin bir təsadüf və baş vermiş qəzayla hər hansı bir bağlılığının olub-olmadığını deyə bilmərik, ancaq fakt faktlığında qalır. Xatırladaq ki, məlum hadisədən bir il öncə də icra başçısının oğlunun avtoxuliqanlığı haqda mediada informasiya getmişdi. Belə ki, O.İsmayılov 2020-ci ilin yayında idarə etdiyi “AZ 45-710” dövlət nömrə nişanlı avtomobillə Mingəçevir şəhər icra hakimiyyəti istiqamətindən hərəkətdə olarkən teatr binası istiqamətində dönüb giriş qadağasını pozmuş, bununla bağlı bir ailənin haqlı narazılığını qəbul etməyərək həmin şəxslərlə insident yaşamışdı. Uşaq bağçasının yerində “milyonçular məhəlləsi” salınıb Mingəçevirdəki 7 saylı “Günəş” körpələr evi-uşaq bağçası şəhərin ilk və nümunəvi məktəbəqədər tərbiyə müəssisələrindən biri olub və düz 60 il şəhərin tam mərkəzində – dörd yanı bağ-bağat olan M.F.Axundov küçəsi, 6a ünvanda fəaliyyət göstərib. Təkcə elə bu amilinə görə zaman-zaman bağçanın ərazisinə diş qıcayan məmurlar olub, lakin hər dəfə də istəkləri gözlərində qalıb. Cəmi bir korpusdan ibarət bağçanın sovetlərin süqutundan sonra nə cari, nə də əsaslı təmir olunmaması uzun illər kimsəni narahat etməyib. Sanki hamı bağçanın yerlə-yeksan olacağı günü gözləyib. Halbuki tələbatın çox olduğunu və ərazinin imkan verdiyini nəzərə alıb bağçanın köhnə korpusunun yerində daha müasir, yeni bina inşa etmək mümkün idi. Lakin sən saydığını say, gör şəhər rəhbərliyi nə sayır… Günlərin birində şəhərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni uşaq bağçasının inşasına başlanması barədə xəbərlər yayıldı. Təbii, bu, sakinləri sevindirməyə bilməzdi. Beyinlərdə ərazisində onsuz da boş torpaq sahəsi olmayan şəhərdə yeni bağçanın harada tikiləcəyi barədə suallar dolaşarkən qərar hamı üçün gözlənilməz oldu. Çünki yeni bağça üçün 1993-cü ilədək normal, məcburi köçkünlər məskunlaşdıqdan sonra formal olaraq fəaliyyət göstərmiş Gənc Texniklər Stansiyasının inzibati binasının seçildiyi məlum oldu. Məcburi köçkünlər yeni qəsəbəyə köçürüldüyündən boş qalmış binada əsaslı təmir işləri aparıldı və beləcə gənc texniklər stansiyası uşaq bağçasına çevrildi. Köhnə ərazinin “yeni sahibləri”nin əllərində bütün zəruri sənədlər pusquda dayanıb məqam gözləmələri uzun sürmədi. Qısa müddətdə “şumlanan” köhnə bağçanın ərazisi hazırda Bakının “milyonçular məhəlləsi”ni xatırladır. Qeyd edək ki, ərazi 50-60 illik şam, küknar ağacları ilə örtülü idi. Yarım əsrdən çox yaşı olan yaşıllıqları bu gün zənginlərin 10-a yaxın lüks villası əvəz edir. Qeyd edək ki, oxşar tale bu gün şəhərin mərkəzində yerləşən, hasarsız, binası kərpic-kərpic sökülərək narkomanlar və əyyaşlar üçün “isti yuva”ya çevrilmiş 8 saylı, eləcə də keçmiş Toxuculuq kombinatına aid olan körpələr evi-uşaq bağçalarını da gözləyir. Yalnız quru adı qalmış bu bağçaların gələcək aqibətiylə bağlı məsələ qaldırılanda şəhər rəhbərliyi bunun Əmlak Məsələləri Dövlər Xidmətinin səlahiyyətlərinə aid olduğunu, ərazinin hərrac yolu ilə satışının da məhz onlar tərəfindən həyata keçirildiyini iddia edir. Lakin gerçəklik budur ki, yerlərdə heç bir idarə və müəssisə rəhbəri qanundan kənar olsa da, icra başçısının iradəsinə zidd hərəkət edə bilməzlər. Ailələrin aylardır çöllərdə qalması başçının vecinə deyil Ötən ilin dekabrın 28-də Mingəçevirin Günəşli bağlar massivi, 12-ci küçə ərazisində yerləşən evlərin birində güclü partlayış baş verdi. Partlayış zamanı ağır yanıq xəsarətləri alan və xəstəxanaya aparılan 1966-cı il təvəllüdlü Sevinc Qənbərova xəstəxanada dünyasını dəyişdi. Hadisə nəticəsində ümumilikdə 15-ə yaxın fərdi evə ciddi ziyan dəydi. Şahidlərin iddiasına görə, hadisəyə qaz sızması səbəb olmuşdu. Bu olaydan bir neçə gün sonra, yanvarın 16-da axşam saatlarında şəhərin mərkəzində, Axundov küçəsi, 15/16 ünvanında ikimərtəbəli binanın 2-ci mərtəbəsində Aytən Xudiyevaya məxsus ikiotaqlı mənzildə partlayış baş verdi. Partlayış zamanı ana və onun 5 yaşlı övladı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildilər. Hadisə nəticəsində binanın dam örtüyü də daxil olmaqla böyük bir hissəsi tamamilə dağıldı, qonşu mənzillərə də ciddi ziyan dəydi. Əvvəlki olayda olduğu kimi burada partlayışa mənzildəki “pitiminutka” su qıcdırıcısından qaz sızmasının səbəb olduğu açıqlandı. Hər iki olaydan bir ilə yaxın zaman ötməsinə baxmayaraq, şəhər rəhbərliyi tərəfindən binanın təmiri istiqamətində heç bir addım atılmayıb. Kür çayının sahilində topdağıtmaz villada yaşayan icra başçısı İlham İsmayılovun bir neçə ailənin indiyədək evlərinə qayıda bilməməsi zərrədək narahat etmir. Şəhərin mərkəzində, Heydər Əliyevin abidəsinin bir neçə addımlığında yerləşən bina sanki ermənilərin atdığı raket zərbəsinə tuş gəlibmiş kimi durur. Başçıya hər dəfə bu haqda sual verləndə “əlaqədar təşkilatlarla müvafiq yazışmalar aparırıq” cavabını verməklə işini bitmiş hesab edir. Məlumat üçün bildirək ki, 2018-ci ilin noyabrın 20-si Gəncə şəhərinin Ş.Hüseynov küçəsində yerləşən binada qaz sızması nəticəsində partlayış olmuşdu. Nəticədə binanın 3-cü blokunun bir hissəsi çökmüş, hadisə zamanı 3 nəfər dağıntılar altında qalaraq dünyasını dəyişmiş, bir nəfər isə yaralanmışdı. Məhz şəhər rəhbərliyinin vaxtında müdaxiləsi və lazımi orqanlar qarşısında binanın yararsız hala düşməsi barədə məlumatlandırmasından sonra həmin binanın yerində iki blokdan ibarət 5 mərtəbəli, ümumi sahəsi 4 570 kvadratmetr olan yeni bir yaşayış binasının inşa edilməsi qərara alındı. Tikinti işləri qısa müddətdə həyata keçirildi və 2020-ci ilin mayında partlayış nəticəsində yararsız hala düşən binanın sakinlərinə tam təmirli yeni mənzillərin açarları təqdim olundu. Kadrları İlham İsmayılovun istədiyi yolla gedirlər İlin sonu yaxınlaşdıqca bəzi şəhər və rayon rəhbərlərinin əlavə qayğıları da yaranır. Yerli icra hakimiyyətlərinin ilin yekunları ilə bağlı verməli olduqları maliyyə hesabatları bəzi icra başçıları üçün əməlli-başlı problem təşkil edir. Bu çətinliyi yaşayanlardan biri də İlham İsmayılovdur. Çünki Mingəçevirdə İ.İsmayılovun kadrları onun istədiyi yolla gedirlər. Bu səbəbdən son dövrlərdə sakinlərin şikayət və narazılıqlarının sayı artmaqdadır. Vətəndaşlar sosial şəbəkələrdə və elektron kütləvi informasiya vasitələrində şəhərin məhəllədaxili yollarından, qaranlıq küçələrindən, baxımsız qalmış park və yaşıllıqların düşdüyü vəziyyətdən narazılıq edirlər. Halbuki təkcə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin (MTAİ) dövlət satınalmaları yolu həyata keçirdiyi işlərə külli miqdarda vəsait ayrıldığını açıq-aydın görmək olar. Bəs bu vəsaitlər hara və necə xərclənir? Bunu başdan ayağa şübhələrlə dolu tender prosedurlarının nəticələrində görmək olar. Həmin tenderlərin bir neçəsini diqqətinizə çatdırırıq. Mingəçevir şəhər MTAİ mal-materialların, alətlərin, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, təsərrüfat malları və dəftərxana ləvazimatlarının satınalınması üzrə 21.02.2022-ci il tarixdə müsabiqə yolu ilə başlanılmış açıq tenderə yekun vurulub və “ALPAN GROUP” MMC ilə 149 999.99 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 01.04.2022-ci il tarixdə elan edilib. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ALPAN GROUP” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 24.01.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, MİR CƏLAL 9A MKR, ev 121A, m. 26, qanuni təmsilçisinin isə Fərid Tamerlan oğlu Şöyübov olduğu göstərilir. MTAİ-nin Tender Komissiyasının satınalma müqaviləsi bağladığı “ALPAN GROUP” MMC açıq tenderin keçirilməsi barədə verilən elandan, yəni 21.02.2022-ci il tarixdən cəmi 27 gün öncə, 24.01.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsindən bir ay əvvəl yaradılmış, maddi-texniki bazası bəlli olmayan bir MMC ilə 150 min manat civarında satınalma müqaviləsinin bağlanılması nə dərəcədə qanunauyğundur? Bundan əlavə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri Mingəçevir şəhər MTAİ tərəfindən 2021-ci ildə keçirilmiş tenderlərdə də kobud şəkildə pozulub. Belə ki, İdarənin Tender Komissiyası müxtəlif malların və xidmətlərin satınalması üzrə “FARXALI” MMC ilə ümumi olaraq 268 833 manat məbləğində 4 satınalma müaviləsi bağlayıb. Nəqliyyat vasitələrinin ehtiyat hissələrinin, inventar, dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə 11570.81 manat məbləğində satınalma müaviləsi 30.12.2021-ci il tarixdə; Mal-material və alətlərin satınalınması üzrə 122 679.92 manat məbləğində satınalma müaviləsi 30.12.2021-ci il tarixdə; Mingəçevir şəhər MTAİ-yə özüboşaldan yük avtomobilinin satınalınması üzrə 10799.36 manat məbləğində satınalma müaviləsi 23.12.2021-ci il tarixdə; “Mal-materialların, alətlərin, nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin, təsərrüfat malları və dəftərxana ləvazimatlarının satın alınması” üzrə 123 783.21 manat məbləğində satınalma müaviləsi 18.10.2021-ci il tarixdə. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FARXALI” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 18.01.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, ƏLƏSGƏR ƏLƏKBƏROV, ev 14A, MƏH. 507/511, m. 31, qanuni təmsilçisinin isə Mabud Qürbət oğlu İbrahimov olduğu göstərilir. Açıq mənbələrdə müxtəlif malların və xidmətlərin satınalması üzrə ayrı-ayrı tenderlərin qalibi olmuş bu MMC-nin barəsində heç bir məlumat yoxdur və analoji işlərdə təcrübəsinin olub-olmaması suallar doğurur. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Mingəçevir şəhər MTAİ 2021-ci il üçün ehtiyat hissələrinin, mal-materialların, təsərrüfat mallarının və dəftərxana ləvazimatlarının satınalınması üzrə 154 494.92 manat məbləğində satınalma müaviləsini “NIHAD MMC” MMC ilə bağlanıldığı göstərilir. Lakin araşdırdıqda göstərilən VÖEN-in “NIHAD MMC”-yə deyil, “ABADLIQ İNŞAAT” MMC-yə məxsus olduğu bəlli olur. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ABADLIQ İNŞAAT” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsində 03.02.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı MINGƏÇEVİR ŞƏHƏRİ, ev Bozdağ küçəsi 1, m. 46, qanuni təmsilçisinin isə Elnurə Sabir qızı Mirzəyeva olduğu göstərilir. E.Mirzəyevanın həm də qanuni təmsilçisi olduğu “MİNGƏÇEVİR TƏMİR TİKİNTİ-18” MMC 2019-2021-ci illərdə, Ağdaş rayon Pirəzə Mexaniki Suvarma İdarəsinə maşın mexanizmlərin və nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınmasından tutmuş, Mingəçevir şəhərində 2019-cu ildə Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il tədbirlərinin keçirilməsi işlərinə, Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə xüsus texnikanın satınalınmasından tutmuş, Naftalan şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə mal-materialın alınmasına qədər 11 tender və kotirovka sorğusunun qalibi olub. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MİNGƏÇEVİR TƏMİR TİKİNTİ-18” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsində 12.06.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, NƏSİMİ, ev 8 B, qanuni təmsilçisinin isə Elnurə Sabir qızı Mirzəyeva olduğu göstərilir. Yeri gəlmişkən, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Nizami İsmayılov İlham İsmayılovun yaxınlarından sayılır. Kütləvi narazılıqlara baxmayaraq İ.İsmayılov kriminal keçmişi olan 70 yaşlı N.İsmayılovu şəhər təsərrüfatı kimi məsul bir sahəyə rəhbər vəzifəyə təyin edib. Beləcə, bu gün İsmayılovlar cütlüyü əl-ələ verib kağız üzərində Mingəçeviri “abadlaşdırır, binaların dam örtüyü dəyişdirir, əsaslı təmir işlərini görür, yeni yaşıllıq zonaları salırlar”. Bu tenderlərdən və onların “icrasından” yuxarıların xəbərsiz olduğu inandırıcı deyil və buna görə İ.İsmayılovun başına sığal çəkən olmayacaq. Şəhərin mərkəzindəki köməkçi yol bazara satılıb Sovet dövründə Leninin, sonralar M.Ə.Rəsulzadənin, bu gün isə H.Əliyevin adını daşıyan prospekt Mingəçevirn ən böyük və baş prospektidir. Prospektə paralel alternativ köməkçi yol mövcuddur. Daha doğrusu, yolun bir hissəsi var; “Azərkabel” zavodunun qarşısından Mingəçevir Dövlət Universitetinin II korpusunadək olan hissəsi isə qeyri-qanuni olaraq hasara alınaraq “Fəzailin bazarı” adlanan bazarın ərazisinə qatılıb. Bu gün yolun üstündə şıdırğı alver gedir. Yol ayrı-ayrı adamlara satılıb və ya icarəyə verilib. Üzərində cürbəcür dükan, iaşə obyektləri fəaliyyət göstərir. Satıcılar hər növ məhsulu – göyərtini, meyvə-tərəvəzi, ağartı məhsullarını, balığı yola düzüb, bəzən tullantıların yanında antisanitariya şəraitində satırlar. Ətraf rayonlardan gələn avtobuslar həmin ərazidə park edilir. Nəticədə şəhərdaxili hərəkət edən və əsas dairəyə daxil olub prospektə çıxmalı olan avtomobillər məcburiyyət qarşısında yol hərəkəti qaydalarını pozurlar. Bir sözlə, yolun adı var, özü yoxdur. Halbuki dünənədək əsas yolda qəza, tıxac olanda, təmir-bərpa, asfaltlanma işləri aparılanda sürücülər alternativ yoldan istifadə ediblər. Sakinlər alternativ yolun yükdən azad edilərək onlara qaytarılması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi olmayıb. Problemlə bağlı Mingəçevir şəhər İH-dən bildirilib ki, ərazidə avtomobillərin və piyadaların hərəkətinə hər hansı ciddi əngəl yoxdur (?!) və qurumun əməkdaşları ərazidəki küçə ticarətilə mübarizə aparmaq üçün şəhər polisiylə birgə vaxtaşırı reydlərdə iştirak edir: “Əksinə, o yolda yararsız hala düşmüş asfalt hissələri təzələnir, sahibkarlara tez-tez xəbərdarlıqlar olunur ki, malları yola yaxın əraziyə yığmasınlar”. Görəsən, trollar tərəfindən əlində səbət supermarketdə alış-verişdən sonra kassada növbə gözlədiyi an ölümsüzləşdirilən və bununla bağlı fotoları sosial şəbəkələri, xəbər portallalarını bəzəyən, barəsində “sadə insan” imici formalaşdırılmağa yaradılan İlham İsmayılovun bu biabırçılıqdan, özbaşınalıqdan xəbəri yoxdur? Təbii ki, var. Görünən odur ki, hansısa maraqlar başçını bu yolun təyinatı üzrə istifadə olunması üçün qəti qərar verməkdən çəknidirir. Başçının “özünəməxsus” kadr seçimi İ.İsmayılov icra başçısı təyin olunandan əsas vəzifələrə öz qohum-əqrəbasını, əsasən də kirvələrini təyin edir. Görünür, nə türklərə, nə də İslama aidiyyatı olmayan “kirvə”lik əlaqəsi icra başçısı üçün çox müqəddəsdir. Belə olmasaydı, işsizliyin və yoxsulluğun tüğyan elədiyi şəhərdə yüzlərlə ali təhsilli gənc, Vətən müharibəsi qazisi və iştirakçısı olduğu halda icra başçısı vaxtilə Şəki şəhər İcra Hakimiyyətində müavin işləmiş, mingəçevirlilər arasında “Marçello” ləqəbi ilə tanınan (bu ləqəbi o, həbs olunmazdan öncə az qala hər salam verdiyi adamla öpüşərək görüşdüyü üçün qazanıb – A.), dövlətə xəyanət etdiyinə görə 4 ildən artıq həbsxana həyatı yaşamış 70 yaşlı Nizami İsmayılovu Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə rəis təyin etməzdi. İ.İsmayılovun sevimli kadrlarından biri uzun illərdən bəri İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri – Baş memar Etibar Abdullayevdir. Şəhərin memarlıq üslubunu və baş planını ağlar günə qoymuş E.Abdullayev icra başçısının torpaq və obyekt yerlərinin satışı üzrə “sağ əli” sayılır. Yuxarıda haqqında bəhs etdiyimiz “Sədərək Yusif” olayında da (Kür çayının içərisində tikinti işlərinin aparılmasına xeyir-dua verilməsində) İ.İsmayılov-E.Abdullayev cütlüyünün “xidməti” böyükdür. Mingəçevir Seçki Dairəsinin sədri Oqtay Məmmədovu da icra başçısıyla “kirvəlik telləri” bağlayır. İ.İsmayılov 2019-cu ilin Bələdiyyə və 2020-ci il növbədənkənar parlament seçkilərdəki “xidmətlərinə” görə O.Məmmədovu artıqlamasıyla “mükafatlandırıb” və onun oğlunu – Fərid Məmmədovu özünə müavin – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə təyin edib. İcra Hakimiyyətinin 2 №li sahə ərazi inzibati dairəsi üzrə icra nümayəndəsi Nəriman İsmayılov da icra başçısının qohumudur. Düzdür, bu posta o, İ.İsmayılov icra başçısı təyin olunmazdan öncə gətirilib, amma bu işdə vaxtilə başçının 1-ci müavini olmuş qohumunun rolu danılmazdır. Şəhərin idarəçiliyində İcra Hakimiyyətindən sonra ikinci ən böyük rolu (və ən gəlirli sahələrdən biri) olan qurumun – Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev də İlham İsmayılovla kirvədir. Bu gün İ.İsmayılovun cürbəcür postlarda kök atmış qohum-əqrəbasının siyahını “en” qədər uzatmaq olar. Təsəvvür edin ki, bu qohum-əqrəbalar vasitəsilə bacarıqlı-bacarıqsız nə qədər adam işə götürülüb. Heç şübhəsiz, İlham İsmayılov işdən çıxarılacağı gün “corab söküyü” kimi ətrafına yığdıqlarının da sonunu gətirəcək. Sakinlər nə düşünürlər? İnsanların, əsasən də yaşlı sakinlərin hər gün sıx toplaşdığı keçmiş mərkəzi poçtamtın qarşısında sakinlərlə görüşürük, ümumi vəziyyət, İlham İsmayılovun fəaliyyətiylə bağlı soruşuruq. İcra başçısının adı çəkilən kimi hamı bir ağızdan “İlham müəllim şəhəri yaman günə qoyub” söyləyir. 63 yaşlı Sahib Cəfərov deyir ki, İ.İsmayılov başçı təyin olunanda çoxları sevindi: “Düşündük ki, hər necə olsa şəhər adamıdır, buranın dərd-sərini özündən əvvəlkilərdən yaxşı bilir. Sən demə, yanılmışıq. Bu gün İlham İsmayılov özündən qabaqkıların atasına rəhmət oxutdurur. Harada bir-iki skamya qoyulubsa, xeyir-şər mağarı rənglənibsə, uşaqlar üçün yelləncək quraşdılıbsa bil ki, yaxın günlərdə başçı əsabələriylə sakinlərlə səyyar görüş adıyla həmin məhəlləyə təşrif buyuracaq. Belə də olur. İ.İsmayılov başının dəstəsiylə gəlir, 3-4 öyrədilmiş adam bunun şəninə tərif yağdırır, icra başçısı da təriflərdən məsti-xumar olur, sanki məhəllədə və şəhərdə heç bir problem yoxmuş kimi dağılışıb gedirlər”. Yusif Həsənov adlı sakinin sözlərinə görə, səyyar görüşlərdən birində qonşusu yaşlı qadın başçıya dərdini demək istəyib, lakin yazığın sözü ağzında qalıb: “İlham müəllim yaşı 70-i haqlamış qadına qayıdıb ki, əgər probleminizin operativ həll olunmasını istəyirsinizsə rəqəmsal icra hakimiyyəti portalına müraciət edin. Oğlum, bunun adı açıq-aşkar vətəndaşı ələ salmaqdı. Camaat iş-güc, dolanışıq hayında. Hansı birini deyəsən. İcra başçısının nə vecinə. Düz deyiblər, toxun acdan xəbri olmaz”. Uzun illər müxtəlif vəzifələrdə çalışmış, hazırda təqaüddə olan Vahid müəllimin fikirləri də maraqlıdır: “Son bir neçə ildə DTX bir neçə icra başçısını qanunsuz əməllərinə görə kabinetlərindəcə qandallayanda sevindık. Hətta əhali Yevlağa, Goranboya kimi gələn qara maskalıların yolüstü Mingəçevirə də dönəcəyini düşünürdü. Çünki inanmırıq ki, ölkə rəhbərliyi Mingəçevirdə yaşananlardan, icra başçısının burada yaratdığı mühitdən xəbərsiz olsun. Bu gün İ.İsmayılov özünə bab komanda qurub. Ətrafına, vəzifələrə elələrini toplayıb ki, özünə hörmət edən insanlar dünənəcən onlara salam belə vermirdilər. Görünür, başçıya belələri sərf edir”. Bəli, bir vaxtlar sənaye, fəhlə şəhəri olmuş, bu gün əhalisinin əli iş tutanlarının böyük bir qisminin Bakıya, xarici ölkələrə üz tutan, gedə bilməyənlərinin isə işsizlik, yoxsulluq məngənəsində çabaladığı Mingəçevirin problemləri saymaqla bitmir. Özünü “prezidentin sadiq əsgəri” hesab edən icra başçısı İlham İsmayılovun təyinatı isə bu problemlərin nəinki həllinə, əksinə, daha da dərinləşməsinə səbəb olub. Daxil olan siqnallar, məlumatlar sayəsində Mingəçevirdə olub-bitənlər, vətəndaşların “şirəsini zəli kimi soranlar”, üzləşdikləri haqsızlıqlar, sosial problemlər və s. barədə Prezident Administrasiyasındakıların xəbərsiz olması mümkün deyil.