Qarabağ qazisi: “Kəndin ərazisində olan torpaqlardan 100-300 hektarı məmurlara icarəyə verilib”


Yardımlı sakini dəfələrlə icra başçısının qəbulunda olduğunu, lakin problemlərinin çözülmədiyini deyir
“Dörd övladım ali təhsil alır. 8 nəfərlik ailəya baxıram. Cəmi 430 manat maaş alıram. Maaşım aylıq tək çörək puluna bəs etmir”.

Bunu Meydan TV-yə Yardımlı rayonu, Avaş kənd sakini, Qarabağ qazisi, 50 yaşlı Həmdulla Baba oğlu Qəyyubov deyib. Onun sözlərinə görə, ehtiyatda olan zabit kimi Cəbrayıl, Fizuli və Xocavəndin azad olunmasında iştirak edib.
“2020-ci ilin sentyabrından dekabrın sonunadək ordu sıralarında olmuşam. Bu müddət ərzində Yardımlı Rayon İcra Hakimiyyəti bir dəfə də olsun ailəmin vəziyyəti ilə maraqlanmayıb. Ali təhsilli kənd təsərrüfatı işçisiyəm, ixtisasım üzrə işləyirəm, maaşım 500 manata çatmır. Banka 15 min kredit borcum yığılıb”, – şikayətçi deyib.
Qəyyubovun həyat yoldaşı da işləmir:
“Dəfələrlə icra başçısının qəbulunda olmuşam. Xahiş etmişəm ki, ya yoldaşımı işlə təmin etsinlər, ya da məni yüksək maaşlı işə keçirsinlər. Hətta boş qalan iş yerləri ilə bağlı məlumat da vermişəm. Avaş kənd orta məktəbdə xadimə işi vardı, dəfələrlə müraciət etməyimizə baxmayaraq yoldaşımı ora təyin etmədilər ki, heç olmasa ailəyə kömək olsun”.
Şikayətçi qeyd edib ki, kənd ərazisində dövlət mülkiyyətinə məxsus torpaqlar var. Ailə vəziyyətinə görə icarəyə torpaq götürmək istəyib, amma alınmayıb:
“Torpağı pulla verirlər. Kəndin ərazisində olan torpaqlardan 100-300 hektarı məmurlara icarəyə verilib. Hətta əcnəbi vətəndaşlara da bizim torpaqları veriblər, amma mənə öz kəndimdən torpaq icarəyə vermirlər ki, ailəmi dolandıra bilim. Qəsəbə ərazisində də yolun sağ-solunu satıb qeyri- rəsmi ticarət obyektinə çeviriblər. Mənim kimi kasıblara isə bir qarış torpaq, icarəyə obyekt vermirlər”.
Avaş kənd Bələdiyyəsinin sədri Daməd Əliyev Meydan TV-yə bildirib ki, Həmdulla Baba oğlu Qəyyubovun maddi vəziyyəti həqiqətən də aşağıdır, övladları təhsil alır və onun himayəsindədir.
“Bələdiyyənin torpaqları var, amma örüş sahəsi kimi istifadə olunur. Biz bu torpaqların təynatını dəyişə bilmərik. Kənddə əkin üçün yararlı torpaq sahəsi azdır”, – bələdiyyə sədri söyləyib.
Onun sözlərinə görə, dövlət mülkiyyətində olan torpaq sahələri var, ancaq bələdiyyə tərəfindən icarəyə verilə bilməz.
Yardımlı Rayon İcra Hakimiyyətindən isə şikayət araşdırılandan sonra sualın cavablandırılacağı deyilsə də, sonradan telefonlara cavab verilməyib.
Tarix: 14-11-2022, 22:21
Xəbəri paylaş





Xəbər lenti