Balakəndə camaata qənim kəsilən KİMDİR? - GİLEY


Balakən rayonunun Meşəşambul kəndinin pay torpaqlarına Balakən Kərpic İstehsalı Müəssisəsi qənim kəsilib. Fevral ayında rayonun qum-çınqıl yataqlarından istifadə qaydasını pozduğuna görə 1 milyon manatdan çox cərimə edilən MMC rəhbəri Əsgər Əsgərov qanunları pozmağa davam edir.

Bu barədə Tribuna.az-a kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, BKİM rəhbəri kəndlilərə əkin üçün verilməsi nəzərdə tutulan pay torpaqlarını pulla alaraq zavoda daşıyır. Olduqca məhsuldar torpaq olan sarı torpaqdan kərpic bişirilməsində istifadə edilir.

Sakinlər bildirir ki, zavodun ağır texnikası və yük maşınları gecə saat 2-3 radələrində qazıntı işləri aparır və torpaq daşıyır:

“Yük maşınlarının səsindən yatmaq olmur. Evlərimiz silkələnir”.

Qazıntı işləri səbəbindən ərazidə dərin və böyük çökəklik, dərə əmələ gəlib. Kənd camaatı heyvanını otarmağa yer tapmır. Mal-qaranı örüşə buraxmağa da ehtiyat edirlər. İşlərinə mane olmaq üçün bir neçə dəfə kənd camaatı yolu kəsib. Lakin müəssisə rəhbərliyi əraziyə polis göndərərək kənd sakinlərini ərazidən uzaqlaşdırıb. Camaata bildirilib ki, ərazidə qazıntı aparmaq və torpaq daşımaq üçün əllərində rəsmi sənəd var. Kənd sakinləri bildirir ki, qış aylarında bu ərazilərə yağıntı çox düşür. Belə olduğu təqdirdə ərazidə sürüşmə olma ehtimalı yüksəkdir. Qazılmış dərəyə dəfələrlə kənd camaatının heyvanı düşərək tələf olub. Yaralanmış heyvanı isə oradan çıxarmaq mümkün olmur.

Xatırladaq ki, bu ilin fevral ayında Balakən rayonu ərazisində yerləşən qum-çınqıl yataqlarında yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması səbəbindən “Balakən Kərpic İstehsalı Müəssisəsi” MMC rəhbəri əsgər Əsgərov 1 milyon 137 min manat cərimə edilib.
Tarix: 17-11-2022, 22:59
Xəbəri paylaş





Xəbər lenti