Astara sakini: “Meşəni qoruyurduq, dedilər dövlətə qarşı çıxırsız” VİDEO
Astaranın Ojakərən kəndində yerləşən meşə zolağına 2017-ci ildən giriş əngəllənib, ətraf hasarlarla əhatələnib. Təxminən 300 ağacın yerləşdiyi ərazi aqrobağ salınması məqsədilə 15 il müddətinə sahibkar Qurban Talıbova icarəyə verilib.
Təbiətin qorunması ilə məşğul olan “Ecofront” təşkilatının nümayəndəsi Kənan Xəlilzadə meşə fondu ərazisində aqrobağ salınmasının qadağan olduğunu deyir:
“Gördüyünüz ağacların hamısı palıd ağaclarıdır. Və o ağacların içərisində “Qırmızı kitab”da olan şabalıd yarpaq palıd var. Və bu ağacları kəsib feyxoa bağını genişləndirmək istəyirlər. İnsanların 5 ildən çoxdur ki, bu məsələ ilə bağlı başları ağrıyır. Bu ərazinin yenidən meşə olmasına can atırlar. Burada aqrobağ istəmirlər. Neçə müddətdi Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə baxmır. Gözünü yumub, səsini çıxarmır. Bax gəlmişik bura, Ekologiya Nazirliyinin bir nəfər işçisi yoxdur, gəlib desin ki, siz düz demirsiniz. Çünki haqları çatmır”, Kənan Xəlilzadə deyir.
Kənd sakinləri deyir ki, aqrobağ salınmasına görə meşə zolağındakı bəzi ağaclar kəsilib, yandırılıb. Onlar bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi başda olmaqla bir sıra müvafiq qurumlara müraciət etsələr də, qurum kənd sakinlərinin özünü cərimələyib.
“Şantaj tipli məktublar gəlib ekologiyadan. Birində, nə bilim, çəpəri sökmüşəm, birində xırda buynuzlu heyvanları bağa salmışam, birində feyxoa ağaclarını çıxarmışam. Feyxoa ağacını çıxarmaq üçün mənə 711 manat cərimə yazıblar. Sonra bir dənə akt göndəriblər, guya ki, buradan 5 dənə ağac kəsib aparmışam”, Ramin Aslanov bildirir.
Ojakərən kənd sakini Nəriman Talıbov deyir ki, bu ərazini 2017-ci ildə sahibkar qohumu zəbt edib. O, buna etiraz etdiyi üçün icarədar qohumunun onu təhdid etdiyini deyir.
“Bu meşə zolağını şəxsən bizim ailə qoruyub. Bir əsrdən çoxdur ki, mənim valideynlərim qoruyub, 50-60 ildir mən qoruyuram, böyük qardaşım qoruyurdu rəhmətlik, mənim qardaşım avqust ayında öldü , o gəldi bura sahibləndi. Düzdü, ilk növbədə, o, boynuna almadı, ekologiya işçiləri dedi ki, biz aqrobağ salırıq. Bunun Qurbana aidiyyatı yoxdu. Düzdü, tellərini-filan o verib. Lakin aqrobağı Ekologiya Nazirliyi özü salır. Bizi aldatdılar. Bizi onda da şantaj etdilər, dedilər ki, siz dövlətə qarşı çıxırsınız. Dedim, dövlətə qarşı çıxmırıq. Təbiəti biz saxlamışıq, biz niyə dövlətə qarşı çıxaq? Vəziyyət bu yerə gəlib çatıb, indi tutulma ərəfəsindəyik. Deyəsən bu yaxınlarda bizi tutacaqlar”, Nəriman Talıbov deyir.
Lənkəranın Haftoni qəsəbəsinin Xanlıqlı kəndinin ərazisində yerləşən meşə zolağı da oxşar taleyi yaşayır. Burada aqrobağ salınmaq məqsədi güdülməsə də, ərazi hasarlanıb, ağaclar kürünüb. “Ecofront”un nümayəndəsi Kənan Xəlilzadə bu prosesin 2 il əvvəl başladığını deyir:
“Bura bütöv ağaclıq idi. Bu ərazidə xanın bağı olub. Ona görə də burada qiymətli, iridiametrli ağaclar olub. Ancaq ekoloji əhəmiyyətli olan bu ərazini bu vəziyyətə sahibkar Lənkəranın asfalt zavodunun direktoru edib. Hər tərəf meşədi, ərazinin hər tərəfi meşədir. Kimsə desə ki, bura meşə olmayıb, absurddur”, Kənan Xəlilzadə deyir.
“Meşə fondu torpaqların icarəyə verilməsi haqqında” qanuna görə, torpaqlarının icarəyə verilməsini aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Məsələ ilə bağlı adıçəkilən nazirlik Meydan TV-nin suallarına cavab verməkdən imtina etdi.