ŞAMAXI RİH-NIN BAŞÇISI LAZIMI TAPŞIRIĞINI VERMIR, FHN-NIN ƏMƏKDAŞLARI ISƏ SUSMAQDA DAVAM EDIRLƏR



Mərhum Yadigar Rəcəbov 2014-cü ildə evlərin paylanması işlərinə məsul olan vəzifə sahiblərinin “bığının altından” keçmədiyi üçün, həm onun öz adı, həm də ailəüzvlərinin adları ilkin siyahıdan çıxarılır 

       Bəlkə də çoxsaylı oxucularımızdan bəziləri, bu mövzunun belə bir başlıq adı altında yazılıb yayımlanmasına təəccüblə yanaşacaq və müəyyən qədər öz-özlüyündə götür-qoy da edəcək. Yox, əziz və hörmətli oxucular! Buna nə təəccüblənmək, nə də ki, hansısa formada götür-qoy etmək lazım deyil! Sadəcə olaraq onu bilin ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə, Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Tahir Nadir oğlu Məmmədov, bugünə qədər bir neçə dəfə ictimailəşdirdiyimiz, hətta aidiyyatı üzrə bir çox dövlət qurumlarını məlumatlandırdığımız problemlə bağlı hələ də susmaqda davam edir. Bəli, bu gün o, ölkə rəhbəri İlham Əliyev cənablarının imzaladığı Sərəncam əsasında Şamaxı RİH-nin başçısı vəzifəsini daşımaqdadır. Deməli, cənab Tahir Məmmədovun üzərinə Şamaxı rayonu ərazisində baş verən, yaxud da gələcəkdə baş verə biləcək problemlərlə bağlı müəyyən məsuliyyət yükü düşür.
Şamaxı RİH-nin başçısı saxtakarlığın araşdırılmasına cəhd göstərmir, səbəb?
O halda sual oluna bilər ki, bu rayonun rəhbəri olaraq o, nəyə görə 2014-cü ildə Muğanlı kəndində qol qoyulan saxtakarlığın araşdırılması yöndə aidiyyatı qurumlara, yaxud da tabeliyində olan vəzifə sahiblərinə lazımi tapşırıqlarını vermir? Bəlkə, problemin araşdırılmasına hansısa qüvvələr maneə olur? Düzdür, bu haqda nəsə deyə bilməsək də, deyəcəyimiz o olacaq ki, 2014-cü ildən Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problem hələ də həll olunmayıb. Axı, ötən yazılarımızda da qeyd etmişdik ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində baş verən torpaq sürüşməsi hadisəsindən sonra, yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirilir və hər ailəyə aid məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Həmin vaxt Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən sakinlərin fərdi yaşayış evləri ilə bağlı tərtib olunan ilkin siyahıda, mərhum Yadigar Rəcəbovun ailə üzvləri 46-cı sırada (7 nəfər olmaqla) olurlar. Çox keçmir ki, bu kəndin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaası həyata keçirilir və 2014-cü ildə evlər zərərçəkən sakinlərə paylanır. İnşaası başa çatmış evlər zərərçəkən ailələrə paylanarkən, Şamaxı RİH Aparatından mərhum Yadigar Rəcəbova da zəng olunur və ona qeyd olunan əraziyə gəlməsi bildirilir. Belə bir telefon zəngindən sonra o, teztələsik həmin əraziyə gəlir və evlərin paylanması işlərinə diqqət yetirir. Evlərin paylanması işləri həyata keçirilərkən RİH Aparatında çalışan əməkdaş tərtib olunmuş siyahıda olan şəxslərin adlarını birbir çəkir. Həmin siyahı üzrə o, Yadigar Rəcəbovun da adını çəkir, o halda yaxın məsafədə dayanan və evlərin paylanması işlərinə rəhbərlik edən Şamaxı RİH başçısının müavini, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri mərhum Ağamustafa Vahidov (Bu şəxs 08 dekabr 2017-ci ildə vəfat edib. Allah rəhmət eləsin!) ərazidə olan şəxslərin  gözləri önündə “Evlər o siyahı üzrə deyil, əlimdə olan siyahı üzrə veriləcək” deyir. Bəli, bu belə də olur.
            Rəcəbovlar ailəsiüzvlərinin adlarını ilkin siyahıdan kim, yaxud kimlərçıxarır?
Rəcəbovlar ailəsi üzvlərindən redaksiyamıza çatdırılan məlumatlara görə, mərhum Yadigar Rəcəbov həmin vaxtlarda evlərin paylanması işlərinə məsul olan vəzifə sahiblərinin “bığının altından” keçmədiyi üçün, həm onun öz adı, həm də ailə üzvlərinin adları ilkin siyahıdan çıxarılır. Beləliklə, 2014-cü ildə evlər zərərçəkən ailələrə paylanılır və Yadigar Rəcəbovun 7 (yeddi) nəfərdən ibarət ailə üzvlərinin adları ilkin siyahıda 46-cı sırada olsalar da, Şamaxı RİH bu ailə üçün inşa olunan evi onlara deyil, hansısa maraqlar əsasında başqa bir ailəyə verirlər.

Belə bir haqsızlıq baş verdiyi üçün Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına şikayət ərizələri göndərir. Üç gündən sonra isə, Rəcəbovlar ailəsinə verilməli olan evə yerləşdirilmiş ailə, Şamaxı RİH əməkdaşlarının iştirakı ilə həmin evdən çıxarılır və ev ötən 8(səkkiz) il ərzində boş qalır. Redaksiyamıza daxil olan məlumatlara görə Yadigar Rəcəbov (05 avqust 2022-ci il tarixdə rəhmətə gedib) dünyasını dəyişdikdən bir neçə gün sonra, məhz həmin ailə hansısa qüvvələrin himayədarlığı sayəsində gecə saatlarında təkrar həmin evə yerləşdirilir.

    Deməli, hadisələrin bu cür gedişatı onu söyləməyə əsas verir ki, 2014-cü ildə evlər zərərçəkən ailələrə paylanarkən FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin və yerli icra hakimiyyəti orqanı nümayəndələrinin qol qoyduqları saxtakarlıq, Rəcəbovlar ailəsi üzvlərini fərdi yaşayış evi əldə etmək hüququndan məhrum edir. Yəqin ki, bütün bunlara əsas səbəb, mərhum Yadigar Rəcəbovun evlərin paylanması işlərinə məsul olan vəzifə sahiblərinin “bığının altından” keçməməsi olur.
   Şamaxı RİH-nin başçısıölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyyələri necə yerinə yetirir?
   Qeyd olunan bu problemlə bağlı Şamaxı RİH-nin başçısı cənab Tahir Məmmədovun lazımınca  məlumatlı olması, amma onun bu məsələ ilə bağlı hələ də susmaqda davam etməsi, məhz ortaya bir çox sualların çıxmasına yollar açır. Yəni, sual oluna bilər ki, nəyə görə RİH-nin başçısı 2014-cü ildə qol qoyulan saxtakarlığın araşdırılmasına cəhd göstərmir?  Axı, ölkə rəhbəri Tahir Məmmədovu bu rayona rəhbər təyin edərkən ona lazımi tapşırıqlarını verib və ümumi şəkildə qeyd edib ki, Əminəm ki, siz bu etimadımı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də mən sizin işinizdən razı olum. Buna nail olmaq üçün, sadəcə olaraq, mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır. Bu tapşırıqlar da çox sadədir – vətəndaşlarla bir yerdə olmaq, daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək. Əgər siz bu tapşırıqlarımı layiqincə yerinə yetirsəniz, həm dövlət sizin işinizdən razı olacaq, həm də vətəndaşlar.İndi gəlin görək cənab Başçı ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıq və tövsiyyələri lazımınca yerinə yetirirmi? Əsla yox! Əgər yerinə yetirsəydi, o halda RİH-nin başçısı ən azından bugünə kimi Rəcəbovlar ailəsi üzvlərindən birini qəbul edərdi və bu ailənin üz-üzə qaldığı problemin əmələ gəlməsi səbəblərini, məhz ailə üzvlərinin öz dilindən eşidərdi. Deməli, RİH-nin başçısı ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyyələri yerinə yetirmir ki, bu ailənin üzvləri hələ də fərdi yaşayış evi ilə bağlı problemin “ağuşunda boğulurlar”.
Mövzuya qayıdacağıq.
Deryaz.az
Tarix: 26-11-2022, 08:32
Xəbəri paylaş





Xəbər lenti