Tərtərdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib


AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və Tərtər Rayon İcra 
Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AFFA-nın 
vitse-prezidenti, Uşaq Gənclər Futbol Federasiyasının  prezidenti, Milli Məclisin 
deputatı Rauf Əliyev və  Milli Məclisin deputatı Sabir  Hacıyev iştirak ediblər.
Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları 
salamlayaraq layihənin əhəmiyyətindən, ölkəmizdə idmana göstərilən dövlət 
qayğısından danışıb. Sonra 44 günlük Vətən müharibəsindən bəhs edib. Bildirib ki, 
Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 
ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. 
Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı 
sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Vurğuladı 
ki, 44 gün davam edən Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin 
aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını 
pozaraq, dəfələrlə Tərtər şəhəridə daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 
277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Düşmənin 
təxribatlarına baxmayaraq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini 
tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa 
cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq Gənclər Futbol Federasiyasının 
prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək layihə haqqında məlumat 
verib. Bildirib ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham 
Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 
idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin 
yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Milli Məclisin deputatı Sabir  Hacıyev çıxış edərək bildirib ki, Azərbaycanda idmanın 
inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının 
diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib 
istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, 
maddi-texniki baza möhkəmləndirilir. Dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf 
etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, vətənini 
və xalqını sevən gənclər kimi yetişməsinə nail olur.
Qeyd edək ki, Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola 
marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu 
idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Tarix: 26-11-2022, 15:51
Xəbəri paylaş





Xəbər lenti