Son zamanlar Naxçıvan Muxtar Respublikası (NMR) ətrafında maraqlı proseslərin getdiyinin şahidi oluruq. Bu barədə səsləndirilən iddialara əsasən, yaxın vaxtlarda Muxtar Respublikada köklü dəyişikliklərin olacağı gözlənilir. Qeyd olunur ki, Bakının əsas məqsədi Naxçıvanın idarəetmə strukturlarında mərkəzi hakimiyyətin rolunun artırılması və Muxtar Respublikadakı nazirliklərin birbaşa Bakıdakı əsas nazirliklərə baş idarələr formasında tabe edilməsidir. Həmçinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin ləğvinin də gündəmdə olduğu deyilir.Qeyd edək ki, son vaxtlar mərkəzi hakimiyyət NMR-dəki dövlət qurumlarının fəaliyyətini ciddi nəzarətdə saxlayır. Nazirliklərin rəhbərləri, Prezidentin köməkçiləri vaxtaşırı Muxtar Respublikaya səfərlər edir, tabeli strukturlarla birlikdə toplantılar keçirir və bir sıra yoxlamalar aparırlar.
Hər halda son bir ayda Muxtar Respublikada baş verənlərə diqqət etsək Naxçıvanda mühüm dəyişikliklərə hazırlığın getdiyini söyləyə bilərik:
31 oktyabr - Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edildi. Əvəzində Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradıldı və idarəyə Möhsün Aşurov rəis təyin edildi. Xatırladaq ki, bundan əvvəl sözügedən qurumun Əsasnaməsi dəyişdirilərək, bir sıra səlahiyyətləri məhdudlaşdırılmışdı.
1 noyabr - Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Muxtar Respublikaya səfər etdi. M.Əliyev Əlahiddə Ümumqoşun Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlahiddə Naxçıvan Briqadası, Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, qoşun və birləşmə rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirdi və məruzələri dinlədi.
23 noyabr – DTX Naxçıvan gömrüyündə əməliyyat keçirdi və komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstü açıldı. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu saxlanılaraq, 4 ay müddətinə həbs edildi.
Qeyd edək ki, M. Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Məlumatlara görə, Gömrük Komitəsində aparılan əməliyyatın bir məqsədi də qurumun ləğv edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilməsini təmin etməkdir.
Bir aydan az müddətdə baş verən bu hadisələr onu deməyə əsas verir ki, artıq mərkəzi hakimiyyət Naxçıvanın idarəetmə sistemində ciddi dəyişikliklərə “start” verib və bu proses çox sürətli şəkildə həyata keçirilir.
Bu mövzuyla bağlı Real Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli “AzPolitika.info”-ya şərhində qeyd edib ki, son hadisələr sözügedən məsələ ilə bağlı hansısa proseslərə öncədən hazırlıq getdiyini göstərir: “Naxçıvanın Muxtar Respublika kimi fəaliyyət göstərməsi, Azərbaycan Konstitusiyasında belə bir təsbitin qalması indiki geosiyasi vəziyyətdə müəyyən problemlər yaradır. Mütəmadi şəkildə olmasa da, beynəlxalq təşkilatlar, bir çox ölkələr və hətta Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan dövlətlər belə, danışıqlar prosesində Qarabağa heç olmasa Naxçıvan qədər hansısa bir statusun verilməsi məsələsini gündəmə gətirməyə çalışırlar. Ehtimal edirəm ki, bu presedentin aradan qaldırılması istiqamətində Naxçıvanın ümumiyyətlə Muxtar Respublika statusunun ləğviylə bağlı hazırlıqlar aparılır. Prosesin təhlükəsizlik orqanlarından başlanması bu ehtimalları gücləndirir və eyni zamanda mərkəzi hakimiyyətin Naxçıvanda baş verə biləcək hansısa bir təxribatı əvvəlcədən önləmək üçün əlini gücləndirən faktora çevrilir”.
Ekspert qeyd edir ki, əgər bütün qurumların mərkəzi hökumətə tabe olunması prosesi olacaqsa, artıq burada konstitusion islahatlara da ehtiyac var: “Naxçıvan qanunvericiliyinə və Azərbaycan qanunvericiliyinə görə, Muxtar Respublikanın yerli hakimiyyət orqanlarını təsis etmək kimi hüququ var. Nazirliklər, dövlət idarələri, komitələr və s. Ona görə də burada mütləq şəkildə qanunvericilik təşəbbüslərinə ehtiyac yaranır. Konstitusion dəyişikliklərlə bu sahədə müəyyən bir rahatlıq yaratmaq və ölkənin idarəetmə mexanizmini daha da təkmilləşdirmək olar”.
“Hesab edirəm ki, bu məsələyə hansısa bir lokal mövqe savaşı, hakimiyyətdaxili intriqa kimi yox, ümumilikdə Azərbaycanın inzibati ərazi formasında müəyyən dəyişikliklərin anonsu kimi də baxmaq olar”,-deyə ekspert bildirib.
Məlumat üçün qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət hesab olunur. 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onun statusu bu Konstitusiya ilə müəyyən edilir. Muxtar Respublikada qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının parlamenti - Ali Məclisi, icra hakimiyyətini Naxçıvan MR-in Nazirlər Kabineti, məhkəmə hakimiyyətini isə Muxtar Respublikanın məhkəmələri həyata keçirir.
Konstitusiyaya əsasən, NMR-in Ali Məclisinin sədri Muxtar Respublikanın ali vəzifəli şəxsidir. O, Ali Məclisdə seçilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi 45 deputatdan ibarətdir. Muxtar Respublikanın şəhər və rayon ərazi vahidləri icra hakimiyyətləri tərəfindən idarə edilir. İcra hakimiyyətlərinin başçıları isə Naxçıvan MR Ali Məclisi sədrinin təqdimatı ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin olunur. Naxçıvan Muxtar Respublikasında yerli idarəetmə orqanları - bələdiyyələr fəaliyyət göstərir.
Hazırda Naxçıvan Muxtar Respublikasında 13 nazirlik, 4 komitə, nazirliklərin tərkibində 7 dövlət idarəsi, 2 agentlik və 1 dövlət departamenti fəaliyyət göstərir.
Nazirliklər:
- Daxili İşlər Nazirliyi;
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
- Fövqəladə Hallar Nazirliyi;
- Ədliyyə Nazirliyi;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
- Gənclər və İdman Nazirliyi;
- İqtisadiyyat Nazirliyi;
- Kənd Təsərrüfatı Nazirliyi;
- Maliyyə Nazirliyi;
- Mədəniyyət Nazirliyi;
- Rabitə və Yeni Texnologiyalar Nazirliyi;
- Səhiyyə Nazirliyi;
- Təhsil Nazirliyi.
Komitələr:
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi;
- Dövlət Gömrük Komitəsi;
- Dövlət Statistika Komitəsi;
- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi.
Nazirliklərin tabeliyindəki dövlət idarələri:
- Dövlət Nəqliyyat Xidməti;
- Dövlət Energetika Xidməti;
- Dövlət Miqrasiya Xidməti;
- Dövlət Sığorta Xidməti;
- Xarici Kəşfiyyat Xidməti;
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti.
Agentliklər
- Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;
- Medianın İnkişafı Agentliyi.
Departament
- Dövlət Turizm Departamenti.
Qeyd edək ki, adıçəkilən qurumlarda vəzifə islahatları birbaşa olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun fərmanı əsasında həyata keçirilir.
Tarix: 26-11-2022, 22:49