Şamaxı sakini: “Zəlzələdən dağılan evdə yaşayıram, iş tapmıram, sosial yardım ala bilmirəm”
Sahib Əhmədov 4 ildir məmurların qapısında qaldığını deyir “Prezidentə yazıram, cavab gəlir ki, düzələcək. Fövqəladə Hallar Nazirliyinə yazıram, cavab gəlir ki, işlər davam edir, düzələcək. Elə bil ki, məmurun işi vətəndaşa “səbrli ol” deyib, ağıl verməkdən ibarətdir. 4 ildir evimin aralanmış divarlarından gələn ilandan, kərtənkələdən qoruna-qoruna yaşayıram. Daha səbrdən də keçib”. Şamaxı sakini Sahib Əhmədov Meydan TV-yə yaşadığı evin zəlzələ nəticəsində qəzalı vəziyyətə düşməsindən danışır. “4 ildir məmurlarla məktublaşıram” Şikayətçinin sözlərinə görə, 2019-cu ildə baş vermiş zəlzələ evin özülünü, divarlarını, tavanını dağıdıb. Hökumət nümayəndələri evə baxış keçirsələr də, 4 il keçməsinə baxmayaraq heç bir iş görülməyib. 5 üzvü olan ailə isə imkansızlıqdan bunu edə bilmir və elə qəzalı evdə yaşayır. “4 ildə məktub, ərizə göndərmədiyim idarə qalmayıb. İcra hakimiyyətinə gedib-gəlməkdən ordakıları da bezdirmişik, özümüz də bezmişik. Ancaq başqa yolumuz da yoxdur. Gözümüz görə-görə, ağlımız kəsə-kəsə oturub evin başımıza uçmasını gözləyirik. Əlimizdən heç nə gəlmir. Biz kasıb təbəqəni elə günə qoyublar ki, qazancımız yavan çörəyə zorla çatır. Çox vaxt o çörəkpulu da olmur”. Qışda şaxtadan, yayda ilandan qorunmağın yolu Evin divarları partlaq-partlaqdı. Deyir, qışda küləkdən, şaxtadan, yayda ilandan-kərtənkələdən qorunmaq üçün əllərinə keçəni divarın yarıq yerlərinə doldururlar. Evdə hərəkət edəndə özül tərpənir: “Evdə o tərəf-bu tərəfə yellənə-yellənə gəzirik. Bir dəfə gəlib, yazıb getdilər. Üstündən 4 il ötüb. Prezidentə də yazdım, fövqəladə hallar nazirinə də yazdım, cavab gəldi ki, həll edəcəklər, ancaq yenə nəticəsi olmadı”. Şamaxı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, həmin ev bərpa kateqoriyasına aiddir, bu məsələ isə quruma aid deyil. Qurum məsələ ilə bağlı FHN-yə müraciət edib, həmin qurumdan bildirilib ki, vətəndaş evlərin bərpasıyla məşğul olan podratçı şirkətin nümayəndələrini qapısından qovub. Sahib Əhmədov isə deyir ki, ev bərpa olunmalıdır, sənəddə də belə göstərilib, ancaq nümayəndələr evi rəngləməklə kifayətlənmək istəyiblər. Buna görə də icazə verməyib. “Şamaxıda rəsmi iş yeri 5-10 nəfər üçündür” Sahib Əhmədov deyir, rəsmi iş yeri olmadığına görə, ünvanlı sosial yardım da təyin edilmir: “Müraciət edirəm, deyirlər, gərək iş yerin ola… Gəlsinlər, araşdırsınlar görək, Şamaxıda 5-10 nəfərdən başqa kimin rəsmi iş yeri var? Hələ üstəlik, həyat yoldaşımın da rəsmi iş yeri olmalıdır. Şamaxıda iş olsaydı, adamlar Bakıya üz tutmazdı ki… Burda uzaqbaşı kiminsə qapısında 5-6 manata günəmuzd fəhləlik etmək olar, bu da rəsmi iş yeri deyil. Hər işlərini elə qurublar ki, vətəndaş ünvanlı sosial yardımdan da məhrum edilsin”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxı şöbəsindən Meydan TV-yə bildirilib ki, bu, şöbənin yox, qanunun tələbidir: “Sahib Əhmədov iki il əvvəl müraciət edib, imtina cavabı alıb. Səbəb də bu olub ki, ailə bəyannaməsində gəlirlərini düzgün göstərməyib. İşsiz olan həyat yoldaşı Elzanə Əhmədovanı məşğul şəxs kimi göstərib, bu səbəbdən də imtina cavabı verilib. Elzanə Əhmədova əmək qabiliyyətli olduğuna görə o, işlə təmin olunduqdan sonra ailə ünvanlı sosial yardımla bağlı müraciət edə bilər”.