Kəlbəcərdən yenə həyəcanlı xəbərlər gəlir, amma bu dəfə səbəbkarlar erməni deyil...
Kəlbəcərdən yenə həyəcanlı xəbərlər gəlməkdədir. Yox, yox, kimsə elə anlamasın ki, ermənilər yenə Basarkeçər istiqamətindən təxribata əl ataraq mövqelərimizə hücum ediblər. Bu dəfəki "təxribat"ı özümüzünkilər törədir.Məsələ burasındadır ki, Kəlbəcərdə, İstisu qəsəbəsində müxtəlif səpkili abadlıq-quruculuq işlərinə cəlb olunmuş onlarla işçi, eyni zamanda icarə əsasında öz nəqliyyat vasitələrini, texnikalarını tikinti şirkətlərinə icarəyə vermiş xeyli sayda iş adamı 4 aydan çoxdur ki, onlara ödənməli olan pulu ala bilmədiklərindən fəryad edirlər. Həmin kiçik sahibkarlar və qarın-şaxtanın içində Kəlbəcərdə işləyərək 4 aydır maaş ala bilməyən insanlar mətbuata, Milli Məclisə üz tutublar və problemlərinin parlament tribunasından səsləndirilməsini, müvafiq qurumlarınsa hərəkətə keçməsini xahiş edirlər.
Müraciət müəllifləri onlara ödəmələri gecikdirən həmin tikinti şirkətlərinin bir neçəsinin adlarını çəkirlər - "FAN CONSTRUCTİON MMC", "Repairs and Konstuction group" , "NorthWest".
Müraciət müəllifləri sonda Prezident İlham Əliyevin baş verənlərdən xəbər tutacağı halda günahkarları cəzalandıracağına ümid etdiklərini dilə gətirirlər:
"Biz Ali Baş Komandan İlham Əliyevin xilaskar missiyasına və qısa zamanda viran qoyulmuş yurd yerlərinin, kommunikasiyaların bərpası istiqamətində sərgilədiyi xoşmərəmalı təşəbbüsünə daban-dabana zidd olan bu cür yolverilməz davranışla bağlı yetkili qurumların və şəxslərin hərəkətə keçəcəyini gözləyirik. Ümid edirik ki, prezident İlham Əliyevin təşəbbüslərinə qarşı saymazyana davranış sərgiləyənlər qəflət yuxusundan ayılacaqlar. Ayılmasalar, xlaskar rəhbərimizin bizi də bu kəmfürsətlərin cəngindən xilas edəcəyinə zərrə qədər şübhə etmirik!"
Tarix: 2-12-2022, 21:35