Tərtərdə Beynəlxalq Əlillər günü ilə əlaqədar keçirilən yarışın qalibləri mükafatlandırılıb



3 dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin 
tədbirlər planına uyğun olaraq YAP Tərtər rayon təşkilatının, rayon Gənclər və İdman 
İdarəsinin, Uşaq Gənclər İdman və Şahmat məktəbinin və "Vətən Müharibəsiİştirakçıları" 
İctimai Birliyinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi 
əlilləri arasında stolüstü idman oyunları (şahmat, nərd, tennis, bilyard) üzrə yarışların 
qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər 
rayon təşkilatının sədri Eldar Əsədov,  Birinci Qarabağ müharibəsi və Vətən 
müharibəsi əlilləri, "Vətən Müharibəsi İştirakçıları" İctimai Birliyinin üzvləri iştirak 
ediblər.

Rayon rəhbəri tədbiri giriş sözü ilə açaraq, bu gün bütün dünyada olduğu kimi, 
Azərbaycanda da Beynəlxalq Əlillər gününün qeyd edildiyini, əlilliyi olan şəxslərə dövlət 
qayğısının artırılmasının ölkəmizin sosial dövlət statusunun səciyyəvi cəhətlərindən 
olduğunu bildirib. İcra başçısı Ümummilli lider Heydər Əliyevin bu təbəqədən olan 
insanlara göstərdiyi böyük diqqət və qayğıdan söz açıb, Azərbaycan Respublikasının 
Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 
daim güclənən sosial siyasət kursunda əlilliyi olan şəxslərin sosial müdafiəsinin mühüm 
yer tutduğunu vurğulayıb. 

Əlilliyi olan şəxslərin yaradıcılıq və idman qabiliyyətlərinin dəstəklənməsi sahəsində 
görülən işlərdən də bəhs edən İcra başçısı bildirib ki, “bu gün - Beynəlxalq Əlillər 
günündə biz yarışın yalnız qaliblərini deyil, əslində bütün iştirakçılarını sevindirmək 
istəyirik. Bu yarışlarda əsas məqsəd əlilliyi olan şəxslərin və sağlamlıq imkanları 
məhdud uşaqların idmana maraqlarının artırılması, onlar arasında sağlam həyat 
tərzinin təbliği, onlarda özünə inam hissinin və özünü cəmiyyətdə təsdiqləmək əzminin 
yüksəldilməsidir".

Tədbirdə iştirak edənlər Beynəlxalq Əlillər günündə belə bir tədbirin keçirilməsinin 
ümumən bütün cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını və əlilliyi olan şəxslərin 
cəmiyyətə inteqrasiyasında belə tədbirlərin təşkilinin xüsusi önəm kəsb etdiyini 
vurğulayıblar. 
Daha sonra yarışda I, II və III yerləri tutmuş şəxslərə mükafatlar, ümumən yarışların 
final turunda iştirak edənlərin hər birinə təşəkkürnamələr təqdim olunub.
Tarix: 3-12-2022, 17:38
Xəbəri paylaş





Xəbər lenti