“1941-45-ci illər müharibəsində həlak olmuş həmyerlilərimizin əbədi xatirəsinə ucaldılmış abidə artıq 10 ildir ki, baxımsız vəziyyətdədir”.
Siam.az-ın məlumatına görə, bu barədə Bizim.Media-ya əslən Qubanın Amsar kəndindən olan Selcanxatun Hacıbalayeva tərəfindən daxil olmuş şikayətdə deyilir.
Şikayətçi bildirib ki, abidənin mövcud vəziyyəti barədə dəfələrlə kənd bələdiyyəsinə müraciət etsələr də, tədbir görülməyib:
“Amsar kəndi Qubanın mərkəzinə ən yaxın, 5 dəqiqəlik məsafədə yerləşən kənddir. Orada Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin üzərində adlar silinib, lövhə tullantı konteyneri kimi istifadə olunur. Abidənin ətrafına daş hasar çəkiblər. Yaxınlıqda kafe yerləşir. Vaxtilə abidənin üzərinə spirtli içki reklamı da vurulmuşdu.
Bunu qanuni yolla həll etsək də baxımsızlıq məsələsi öz həllini tapmadı. Ora bələdiyyəyə yaxın olmağına baxmayaraq, vəziyyəti görməzdən gəlir, heç bir tədbir görmürlər. Ərazidəki ağaclar belə baxımsızlıqdan quruyub, bir qismi yandırılıb”.
Bizim.Media şikayətlə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb. Xidmətdən verilən açıqlamaya görə, abidə reyestrə daxil edilmədiyindən bu, onların səlahiyyətlərinə aid məsələ deyil:
“Abidələrin regional mühafizəçisi bələdiyyə nümayəndəsinə sorğu ilə bağlı məlumat verib. Bələdiyyədən bildirilib ki, baxımsızlıqla bağlı problem yoxdur”.
Quba Rayon İcra hakimiyyətinin Amsar kəndi üzrə nümayəndəsi Dəyanət Hacıyev isə Bizim.Media-ya açıqlamasında bildirib ki, iddialar həqiqəti əks etdirmir:
“Abidənin yaxınlığında kafe var. Daş hasar da kafeyə aiddir. Ərazinin satılması, zəbt edilməsi məsələsi yoxdur. Abidə 1985-ci ildə inşa olunub. Bələdiyyə tərəfindən əraziyə baxılır, mütəmadi olaraq təmizlik işləri aparılır”.
Dəyanət Hacıyevin qar örtüyü altında çəkdiyi şəkilləri də ədalət naminə təqdim edirik. Amma məsələ bununla bitmir, yaxın günlərdə problemə bir daha dönüş edəcəyik.
Ərazinin tam xəritəsi və real durum haqqında araşdırmamız olacaq.