Şəkidə Şəhid ailəsi daxmada yaşayır… ŞİKAYƏT


Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı “ƏƏSMN -nin SXA-yi rəhbərliyinin mənzillə təmin olunması zamanı  ailəmizin süründürməçiliyinə son qoyulması və şəhid ailələri arasında ayrıseçkiliyin dayandırılması” barədə Dövlət Başçısına və aidiyyəti qurumlara müraciət ünvanlamışdır. Bir nüsxəsi də Siam.az-a ünvanlanan müraciətdə deyilir:
        CƏNAB PREZİDENT SON 3 ildir ki, BU MƏNİM SİZƏ 6-CI MÜRACİƏTİMDİR. ƏƏSMN-yi MƏNƏ FORMALİZM XATİRİNƏ DƏ OLSA CAVAB VERMİR. Ona görə də  ŞƏHİD ANASINA QARŞI OLAN BU HÖRMƏTSİZLİYİ İLK NÖVBƏDƏ SİZ ALİ BAŞ KOMANDANA OLAN HÖRMƏTSİZLİK KİMİ QƏBUL EDİRƏM.
  Xatırladım ki,  Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün - 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam.
 Bildirim  ki, Şəki İcra Hakimiyyətinin Sosial Təminat Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım şəhid ailələri arasında 11-ci, ümumidə isə 40-cı olmuşdur. Amma nə olsun. 11 ildir ki, gözləyirik. Hələ də mənzil növbəmiz çatmır ki, çatmır.  Amma bu siyahıda olanların əksəriyyəti evlə təmin edilmişdir.  Cənab Prezident! Sizin  2014-cü il tarixli Sərəncamında da qeyd edilir ki, qalan şəhid ailələri və Qarabağ əlillərinə 2014-2018-ci illər ərzində mənzillər tikilsin və təmin olunsunlar. Amma 1-ci Qarabağ Müharibəsində oğullarını itirmiş biz şəhid anaları bunu görmürük. 
     Bir daha xatırladım ki, ailəmizdə 5 oğlan və 3 qız övladı olmuşdur ki, ən böyüyü rəhmətlik şəhid oğlum Faiq  idi. Onu da qeyd edim ki, bir şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bu günə qədər bizə nə bir ev, nə bir torpaq sahəsi, nə avtomobil, nə pandemiya dövründə 1 kq un maddi yardımı, nə haradasa sanatoriyaya getmək, nə övladlarımdan hər hansı biri işlə təmin edilməmişdir. Bütün övladlarımın hamısı bu gün də işsizlikdən əziyyət çəkir, kirayədə əziyyət çəkirlər. Maraqlanan bir vicdanlı məmur da yoxdur.
2001-ci ilə qədər uçuq-sökük bir daxmada 8 uşağı böyütmüşəm. Böyük oğlum Faiqi də bu evdən həm iki illik Almaniyada hərbi xidmətə, həm də 1992-ci ildən Qarabağ Müharibəsinə bu 1 otaqlı fındıq çübuğu çəpərindən və palçıqla hörülmüş daxmadan yola salmışam.( foto əlavə edilir.) Zəngilan və Füzuli istiqamətlərində “Şəkili Faiq” kimi ad çıxarmış əfsanəvi döyüşçü olan şəhid oğluma qarşı Sosial dövlət orqanlarının məsuliyyətsizliyi başa düşülən deyil.
 Hazırda oğlum Sadiqin 4 nəfərlik ailəsilə  28 kv m sahəsi olan təmirsiz, divarları çatlayan həyət evində birtəhər yaşayırıq. İmkansızlıqdan kiçik oğlum 35 yaşlı Həziyə mənzili olmadğından toy edə bilmirdim. Onu da 2021-ci ilin iyunun 19-da əbədi olaraq itirdik. Digər oğullarım Natiq və Namiq Bakıda kirayədə yaşayırlar. Kürəkənlərim Əhməd və Elmir də Abşeron və Binəqədi rayonlarında kirayədə yaşayırlar. Özləri də iş tapa bilmirlər. 
Mən 24 dekabr 2019-cu ildə də mənzil məsələsilə bağlı müraciət etdim. ƏƏSMN-dən formal rəsmi cavab aldım ki, 2024-cü ilədək sizi evlə təmin ediləcəksiniz. Sonra isə 2021-ci ildə Şəki İH-dən verilən digər rəsmi cavab məktubunda isə bildirilir." Siz 2028-ci ilədək mənzillə təmin olunacaqsınız"  Sanki bu bürokratlar açıq aşkar demək istəyirlər ki, bizdən evə görə şikayət yazdığına görə 2028-ci ili gözlə, Yəni, mənzil yox son mənzil qismətin olacaq" Bu bürokrat cavabına qarşı bir söz demək istəyirəm. Cənab Prezident Sizin təyin etdiyiniz məmurlar unudurlar ki, Siz şəhid ailələrinin mənzillə təminatının uzağı 2025-ci ildə yekunlaşacağı barədə ictimaiyyətə məlumat vermisiniz. Amma yerli bürokrat məmurlar Prezidentin bu göztərişindən xəbərsizdirlər. Yəni məsuliyyətsizdirlər.  Halbuki. Cənab prezident Sizin göstərişinizdən sonra 2020-ci ildə 1500 nəfər, 2021-ci ildə 3000 nəfər, bu il isə yenə 3000 nəfər şəhid və qazi ailəsinin mənzillə təmin olunmuşdur.  Son illərin mənzilləri 44 günlük Vətən Müharibəsi şəhidlərinə və qazilərinə verilmişdir.  Amma nədənsə sanki  biz yenə də yaddan çıxmışıq. Yaxşı deyək ki, yerli məmurlar məsuliyyətsidirlər. Axı iki ay əvvəl ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin xanım şöbə rəisi ilə danışanda o da bildirdi ki, araşdırıb məlumat verəcəyik. Amma hələ də məlumat vermirlər. 
   Son müraciətimdən sonra Hesablama Palatasının məsul şəxsi Firsəng müəllimin AR Sosial Təminat nazirinin müavini cənab Anar Kərimova mənim qaldırdığım məsləilə bağlı göndərdiyi 15 sentyabr 2020-ci il tarixli məktuba 2 ildir ki, cavab verilmir. Lakin. Şəki İH-dən, ƏƏSM-in Şəki Şöbəsindən, yerli Bələdiyyədən dəstə dəstə əməkdaşlar gəlib indiki 7 nəfər ailəmlə birlikdə yaşadığımız 28 kv.m darısqal təmirsiz evimizə günaşırı gəlib fotosessiya edib getməklə məşğul oldular 2021-ci ilədək. Bu gün oğlumun qanı hesabına vəzifədə oturan rayon və respublika səviyyəsindəki bürokrat məmurlar bu günə kimi müraciətimi yekə qulaqlarının ardına vurur, xəcalət hissi çəkmirlər. Sanki oğlum Faiq bunların rüşvət yığıb evdə haramzada arvad-uşaqlarını bəsləmələri üçün qanını bu torpağa töküb.
Əgər ƏSSMN mənə Sizin tapşırığınız əsasında pulsuz fərdi ev tikmək istəyirsə, kənd xəstəxanasının yanındakı torpaqda tikintiyə başlaya bilər.  Və yaxud istəkləri olsa Bakı və ya Sumqayıt şəhərlərində bu təyinat üçün tikilmiş mənzillərdən ailə vəziyyətimi nəzərə alaraq verə bilərlər. 
Çoxhörmətli, Prezident. Sizin 3 gün əvvəl, 7 dekabrda verdiyiniz sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, əlilliyi müəyyən edilmiş şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək.
Yəni, biz 2011-ci ildə ev uçotuna alındığımza görə belə aydın olur ki, bizim kimi növbəyə duranların hamısı ev və ya mənzillə təmin olunmuşdur. O zaman ƏƏSMN-nin rəhbərliyi və Sosial Xidmət Agentliyin rəhbəri mənim 8 nəfərlik ailəmi niyə mənzil və ya fərdi evlə təmin etmir? Niyə ƏƏSMN-nin son 2022-ci il tarixli məktubunda mənə rəsmən bildirlir ki, "Siz növbəlilik əsasında 2028-ci ilədək mənzillə təmin olunacaqsınız."  
Cənab Prezident Doğrudanmı bu rəsmi adamların Sizin Fərman və Sərəncamlarınızdan xəbərləri yoxdur, yoxsa məni ələ salırlar, yoxsa tikilən mənzilləri alver predmetinə çeviriblər? Məsələn, 44 günlük müharibə iştirakçısına ( qazi olmayan adi iştiraçkı) bu ilin sentyabr-oktyabr ayında Bakıda ƏƏSTN-nin SXA tərəfindən 20000 manata üç otaqlı mənzil təşkil edilmişdir. Faktı yoxlayıb aşkar edə bilərsiniz. 
Bu, Prezident İlham Əliyevin 7 dekabr 2022-ci ildə imzaladığı sərəncamla "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamına edilən dəyişiklikdə əksini tapıb.
 Ona görə Cənab Prezident son dəfə  xahiş edirəm göstəriş verin qoy mənim mənzil problemimlə ən çox inandığınız və etibar etdiyiniz rəsmi adamlar məşğul olub nəticəni Sizə məruzə etsinlər. Allah amanında. 

 75 yaşlı şəhid anası M.Z.Əbdürəhimova (Zamanova)
Tarix: 11-12-2022, 09:41
Xəbəri paylaş





Xəbər lenti