İsrail aviasiyası Suriyaya kütləvi aviazərbələr endirir və itki verir

Ötən gecə Suriya ərazisindən İrana aid pilotsuz kəşfiyyat təyyarəsinin İsrail ərazisinə soxularaq kəşfiyyat aparmasına cavab olaraq Təl-Əviv kütləvi cavab zərbələri endirib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, pilotsuz təyyarəsinin Homs əyalətindəki T-4 aviabazasından havaya qalxdığı və İsrailin şimalından ölkə ərazisinə daxil olduğu bildirilir. İsrailin hava hücumundan müdafiə sistemi pilotsuz aparatı təsbit edib və "Barak-8" zenit-raket sistemi ilə dron vurulub. Daha sonra İran dronunun ölkənin hava sahəsinə daxil olmasına cavab olaraq Suriya ərazisindəki “İran hədəflərinə” zərbələr endirib.

Suriyadakı “Hizbullah” qüvvələrinin komandanlığı T-4 aviabazasının da vurulduğunu, orada İran istehsalı olan pilotsuz təyyarələrin məhv edildiyini təsdiqləyib. Qərargah bildirir ki, pilotsuz təyyarə “Suriya ordusunun maraqları naminə kəşfiyyat məlumatları toplamaq üçün” istifadə olunurdu.



İsrailin Suriya ərazisinə birinci hava reydində 8 F-16 qırıcısı iştirak edib. Bu, Suriyada davam edən müharibə ərzində İsrailin ilk belə kütləvi hava hücumu idi. Xəbər verilir ki, İsrail aviasiyasının hücumu Suriyanın Hava Hücumundan Müdafiə qüvvələrinin şiddətli cavab zərbələri ilə müşaiyət olunub. Bu zaman İsrail aviasiyası itki verib. İsrail ordu komandanlığı Suriya havadan müdafiə qüvvələrinin atəşinə tuş gələn bir F-16 qırıcısının ölkənin şimalına düşdüyünü, hər iki pilotun katapult etməyə imkan tapdığını açıqlayıb. Pilotlardan biri ağır xəsarət alıb, xilasetmə qüvvələri təyyarənin düşdüyü yerdən pilotları götürüblər. İsrail qırıcısının S-200 və ya "Buk" zenit-raket sistemi ilə vurulduğu təxmin edilir.

Suriya ordu komandanlığı isə İsrailin “bir neçə təyyarəsinin vurulduğunu” bildirir. Lakin İsrail tərəfi bu məlumatı təsdiqləmir.

İsrail aviasiyası Suriyaya kütləvi aviazərbələr endirir və itki verir

Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin atəşinə cavab olaraq İsrail aviasiyası bu ölkənin ərazisinə ikinci dəfə hücum edib. Bu hücum zamanı 12 hədəfə raket zərbələri endirilib. İsrail ordu komandanlığının bildirdiyinə görə bunların arasında üç zenit-raket diviziyonu və İrana aid dörd hərbi hədəf olub. İsrail ordusunun polkovniki Yonatan Konrikus bildirib ki, ikinci hava missiyasında iştirak edən təyyarələrə 15-20 zenit raketi atılıb. Lakin təyyarələr raketlərdən yayınaraq salamat şəkildə bazalarına geri qayıdıblar. Polkovnik bu hava reydlərinin “müdafiə xarakterli olduğunu” bildirib. “Kim bizə hücum etsə ona sərt cavab verməyə qadirik, bununla belə situasiyanın eskalasiyasında maraqlı deyilik”-o deyib.



İsrail Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Tomer Bar isə bildirib ki, Suriya ərazisinə hava hücumları “tam uğurlu” olub. Generalın sözlərinə görə, Suriya Hava Hücumundan Müdafiə qüvvələri “Qaliley sülhündən” bu yana ən irimiqyaslı hücum həyata keçirib. Buna baxmayaraq İsrail aviasiyası minimal itki ilə əməliyyatı başa vurub.

Xatırladaq ki, İsrail aviasiyası vaxtaşırı olaraq Suriya ərazisindəki “İran hədəflərinə” zərbələr endirir. Lakin bu hücumlar adətən iki-üç təyyarənin iştirakı ilə keçirilirdi. Suriya Hava Hücumundan Müdafiə qüvvələri isə onlara ciddi müqavimət göstərə bilmirdi. Məlumatlar yayılmışdı ki, Bəşər Əsəd Putindən “İsrail aviasiyasına qarşı tətbiq etmək üçün” S-400 zenit-raket kompleksləri xahiş edib.
Tarix: 11-02-2018, 00:02
Xəbəri paylaş





Xəbər lenti