“8-ci kilometr bazarı”nın ətrafı zəncirlənib: Səbəb nədir? (REPORTAJ, FOTOLAR)

“8-ci kilometr bazarı”nın ətrafı zəncirlənib: Səbəb nədir? (REPORTAJ, FOTOLAR)
Binaların qarşısının hasarlanması, satılması barədə mətbuatda kifayət qədər yazılar dərc olunub. Bu dəfəki mənzərə bir qədər fərqlidir.

Son zamanlar binaların qarşısındakı dayanacaq yerlərinin qanunsuz özəlləşdirmə prosesi gedir. Onu da qeyd edək ki, bu yerləri bina sakinlərinə heç kim satmır. Sadəcə, kimin ürəyi haranı istəyirsə, həmin yerə dəmir dirəklər basdıraraq, ətrafına zəncir çəkir. Acınacaqlı məqam odur ki, əhatəyə alınan əraziyə “sahibindən” başqa heç kimin girməsi mümkün deyil. Çünki zəncirlər qıfıllanır. Bu səbəbdən yuxarıdan baxan zaman binanın həyətinin dəmir dirəklərlə mühasirəyə alındığı açıq-aşkar görünür.

Bu cür xoşagəlməz mənzərəni Qara Qarayev 106 ünvanında görmək mümkündür. 3 binanın həyəti sanki zəncirlə mühasirəyə alınıb.
Ərazidə olduğumuz zaman müşahidə etdik ki, “şəxsi” yeri olmayan avtomobillər binanın həyətinə daxil olarkən park etməyə yer tapmırlar.
50-yə yaxın avtomobil tutumu olan dayanacaq yerinin yalnız bir çıxışı var. Sakinlər boş ərazinin bir çıxışı olduğu üçün rahatlıqla dayanacağa çeviriblər. İki yerdə dəmir dirəklər basdırıb, zəncir çəkib, qıfıl vurublar.

Sakinlərlə söhbət zamanı vəziyyəti belə izah etdilər: “Binamız 8-ci kilometr bazarı”na yaxın olduğu üçün satıcıların və bazara gələnlər üçün dayanacağa çevrilmişdi. O qədər avtomobil olurdu ki, öz avtomobilərimizi belə park etməyə yer tapmırdıq. Avtmomobilləri necə gəldi, pərakəndə formada park edirdilər. Həmin adamı tapmaqda çətinlik çəkirdik. Gərək həmin adam gəlib maşının kənara çəkəydi ki, digər avtomobillər çıxa biləydilər. Ona görə də, bina sakinləri buna bir çarə axtardıq. Binanın qarşısındakı boş ərazini zəncirlə əhatələdik. Hər sakinə də açarın nüsxəsini verdik. Sonuncu çıxan avtomobilin sahibi zənciri qıfıllayır. Kənardan gələn avtomobillər isə daxil ola bilmir. Daxil olsa belə çıxan zaman açar olmadığından saatlarla dayanacaqda qalmalı olur. Əgər kimsə gələrsə və yaxud gedərsə, o zaman çıxmaq imkanı olur. Bazarın ətrafındakı binaların əksəriyyətində vəziyyət belədir. Əslində ən doğru yol budur”.

Məsələyə münasibət bildirən Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov adıçəkilən ünvanla bağlı çoxsaylı müraciətlərin daxil olduğunu bildirdi: “Haqqında danışdığınız bina “8-ci kilometr bazarı”nın qarşısında yerləşdiyindən tez-tez problemlər yaşanırdı. Bazara gələn satıcı və müştərilər avtomobillərini həmin binaların qarşısında park edirdilər. Bir sözlə adıçəkilən binanın həyəti dayanacağa çevrilmişdi. Hətta elə vəziyyət yaranmışdı ki, sakinlər binalarının qarşsında avtomobillərini belə saxlaya bilmirdilər. Tez-tez sakinlərin çoxsaylı müraciət və şikayətləri daxil olurdu. İcra Hakimiyyəti olaraq bunun həlli yollarını axtarmağa çalışdıq. Bugünkü gün problem demək olar ki, həllini tapıb. Sakinlər binanın qarşısına zəncir çəkib, qıfıl vurdular. Yalnız bu yolla problem aradan qaldırmaq mümkün idi. Hazırda binanın həyətinə rahatlıqla giriş-çıxış edirlər. Binada yaşayan sakinlərin isə hər birinə açar verilib. Binanın həyətinə daxil olduqdan sonra zəncirlər qıfıllanır. İstənilən sakin həmin dayanacaqdan yararlana bilər”.

Məğrur MƏRD
Fotolar müəllifindir



Tarix: 13-02-2018, 20:53
Xəbəri paylaş





Xəbər lenti