Müxalifət əməkdaşlığın mövsümi formatından imtina etməlidir

Müxalifət əməkdaşlığın mövsümi formatından imtina etməlidir
Nəsimi Məmmədli

Növbədənkənar Prezident seçkilərinə münasibətdə müxalifətin mövqeyi əsasən bir-birinə yaxındır. İndi əməkdaşlıq (birlik) üçün psixoloji və siyasi zəmin yaranıb.
Partiyalar arasında bu əməkdaşlıq necə təsəvvür edilir?
Hansı məsələləri özündə ehtiva etməlidir?
Formatı necə ola bilər?
Əməkdaşlıq hansı müddətə qədər davam edəcək?
Bu kimi sualların aydın cavabları olmasa, hər hansı əməkdaşlığın (birliyin) effektindən danışmaq yersizdir.


Cavabları hələlik açıq qalan suallarla bağlı müəyyən fikirlərim olsa da, onları tam və əhatəli şəkildə dilə gətirməyə tələsmirəm. Bu, məsələyə laqeyd qalmağım demək deyil, ilk növbədə müxalifət qurumlarının özləri tərəfindən bu suallara konkret cavabların verilməsini doğru saymağımdır. Müxalifət düşərgəsində savadlı, təcrübəli, uzaqgörən siyasətçilərin olmasına olan inamımdan irəli gələn yanaşmadır.

Ölkədə və beynəlxalq arenada mövcud olan siyasi prosesləri yaxından izləyən fəal şəxs kimi bu durumda “nə etməli” sualına yəqin ki yaxın günlərdə subyektiv baxışlarımı müzakirənizə təqdim edəcəm. İndi isə bu əməkdaşlıq məsələsinə səthi bir fikir bildirmək istəyirəm.
Əgər boykot edənlərin mövsümü əməkdaşlığı (birliyi) olacaqsa, bu, cəmiyyətə yalnız növbəti ağır zərbə vuracaq. Antidemokratik mühitdə əməkdaşlığın (birliyin) mövsümü formatından qətiyyətlə imtina edilməlidir. Hamı bunu qəbul etmək istəməyə bilər, bu anlaşılandır. Ancaq, ciddi qurumlar belə əməkdaşlıqdan uzaq durmalı və müzakirələrdə iştirak etməməlidirlər.

Əməkdaşlığın ən əsas şərti, prinsipləri öncədən razılaşdırılmalı və bəyan edilməlidir. Seçki Məcəlləsi tam dəyişdirilmədən (PS: 2009-cu ildə müxalifətin birgə hazırladığı mükəmməl vahid layihə var…) bundan sonrakı heç bir seçkidə (bələdiyyə və parlament) iştirak edilməyəcəyi indidən yerli və beynəlxalq ictimaiyyətə bəyan edilməlidir.

Xatırlayırsınızsa, 1998-ci ildə seçki qanunvericiliyini mürtəce adlandırıb prezident seçkisini boykot edən təşkilatlar bir neçə ay sonra 1999-cu il Bələdiyyə seçkilərinə qızğın hazırlığa başladı. Ardınca da 2000-ci il parlament seçkilərinə, sonra 2003 və 2005 seçkilərində də iştirak etdilər. Bu məsələlərə indi geniş toxunmaq istəmirəm, ancaq gələcəkdə yenidən qayıdarıq. Bir cümlə ilə yumşaq ifadə etsək, cəmiyyətin indiki laqeyd duruma düşməsində müxalifətin mövsümü (birlikləri) yanaşmaları az rol oynamadı.

Şəxsi təmaslarımdan bilirəm ki indi müəyyən səbəblərdən seçkilərdə iştirakdan imtina (boykot) edən bəzi qurumlar növbəti və ya növbədənkənar parlament seçkisində iştirak etmək üçün iqtidarla hər cür kommunikasiyaya meyllidirlər və əminəm ki bunu zamanı gələndə çəkinmədən edəcəklər. İndi hansısa mövsümü addımların atılması naminə belə qurumlarla birləşməyə və cəmiyyəti yenidən müvəqqəti ümidləndirməyə dəyərmi? Özəlliklə də bir neçə ay sonra bu birlikdən ayrılaraq sonrakı saxta seçkiyə qatılacaqları şübhə doğurmayan qurumlara bu fürsət niyə verilməlidir? Cəmiyyəti çaşdırmaqdan, iyrəndirməkdən, tərəddüdə salmaqdan uzaq olmaq lazımdır.

Ölkənin əsas müxalif qurumları hansı halda iqtidarın “müstəvisi”nə çıxacaqlarını indidən bəyan etməlidirlər. İqtidarın əsas müstəvisi isə kefi istədiyi vaxt gününü elan edəcəyi “seçki”lərdir. Müxalifət yalnız “sistemdaxili” mübarizədən imtina edənlərin əməkdaşlığından qazana bilər. “Sistemdaxili” mübarizənin əsas müstəvisi isə saxta seçkilərdir və ondan mütləq imtina olunmalıdır. Bunu etməyənlər öz siyasi gedişləri ilə cəmiyyəti çaşdıracaqlarını zənn etməsinlər. Bu mövzuya yaxın vaxtlarda daha geniş və əhatəli toxunacağıq. “Nə etməli” sualına əminəm ki cəmiyyətin fəal kəsimi tezliklə aydın cavab tapacaq və o yolu addımlayacaq. Biz də öz mövqeyimizi ictimai müzakirəyə təqdim edəcəyik…
Tarix: 17-02-2018, 23:30
Xəbəri paylaş





Xəbər lenti