“Əlif üçün ağlamıram...” - Milli Qəhrəmanın bacısı

“Əlif üçün ağlamıram...” - Milli Qəhrəmanın bacısı Sabah əsrin ən alçaq və misilsiz soyqırımlarından birinin 26-cı ildönümüdür. Xocalıda ermənilər insanlıq tarixinin ən qəddar və amansız qətliamını tərədərək adlarının qara hərflərlə namərd millət kimi tarixə yazdırdılar.

Milli Qəhrəman mayor Əlif Hacıyev də Xocalı soyqırımı zamanı qəhrəmancasına Şəhid olan igidlərimizdəndir. Əlif Hacıyev ermənilərin kabusuna çevrilmişdi. Əsir düşən soydaşlarımızdan ancaq Əlifi soruşurdular.

Milli Qəhrəmanımızın bacısı Minə xanım Moderator.az-a açıqlamasında hər il Xocalı faciəsi günü təkcə qardaşına deyil, bütün Xocalı şəhidlərinə ağı dediyini bildirib:

“Kaş ki, öləydik heç o günü görməyəydik. Millətə ermənilər divat tutdular. Xocalı hadisəsi zamanı 16 nəfər yaxınımı itirdim. Qayınatam, baldızımın yoldaşı, qardaşlarımdan Əlif Şəhid oldu, Süleymanı isə ermənilər yoxa çıxartdılar. Ağdamda meyitləri gətirəndə məscidə girib bir-bir meyitlərə baxırdım ki, görüm qohumlarımdan kim var. Birinci qayınatamı gördüm, sonra baldızımın yoldaşın və sonra da Əlifin meyitini gördüm. Əlifin meyitini görəndə haray çəkib bayıra qaçdım. Dəhşət idi, Əlifin ayağına geyindirdiyim corabı, köynəyi əynində idi. Meyitləri elə bir günə salmışdılar ki, deyiləsi deyil. Amma nə yaxşı ki, Əlifin meyiti meşədə qaldığından ona dəyməmişdilər”.

Mina xanım itkin düşən qardaşı Süleymanın hələ də yolunu gözlədiyini deyib:

“Qardaşım Süleyman da həmin gecə ermənilərə əsir düşdü. O, döyüşçü deyildi. Ermənilər Süleymanın Əlifin qardaşı olduğunu bilib ona işgəncə veriblər. Bunu əsirlikdən qayıdan insanlar danışırdı. Sonra isə bir gün Süleymanı da naməlum istiqamətdə aparıblar. O, gündən indiyə kimi Süleymandan xəbər yoxdu. Əlif üçün ağlamıram, o döyüşçü idi, Şəhid oldu gətirdik dəfn etdik, amma Süleyman üçün indiyə kimi ağlayıram. Onun yolunu gözləyirəm”.

Vasif Əlihüseyn
Tarix: 25-02-2018, 14:59
Xəbəri paylaş





Xəbər lenti