Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət niyə ləngiyir? - Səbəblər

Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət niyə ləngiyir? - Səbəblər
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş faciə, tarixdə xüsusi qəddarlıqla həyata keçirilmiş hadisələrdən biri Qarabağın qədim insan məskənlərindən olan Xocalıda baş verdi.

Xocalı qətliamı XX əsrin ən dəhşətli favciələri olan Xatın, Liditse faciələri ilə müqayisə olunur. Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülməmişdir. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməli, işğalçı Ermənistan dövlətinə qarşı sərt sanksiyalar tətbiq olunmalıdır.


1992- ci ilin qanlı faciəsinə kimi Xocalı şəhərində 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndidən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş Axıska türklərinin bir hissəsi Xocalıya pənah gətirərək burada məskunlaşmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərindəki keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etmişdir. Əvvəlcə şəhər dörd istiqamətdən erməni qoşun birləşmələri tərəfindən mühasirəyə alınmış, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş acılmış, az bir vaxt ərzində şəhər yandırılmış, tamamilə alova bürünmüşdür. Silahsız və köməksiz dinc əhali qanına qəltan edilmişdir. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmiş, bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan olmuşdur. Canını götürüb qaçmaq üçün dağlara, meşələrə üz tutmuş dinc əhali erməni faşistləri tərəfindən güllələnmiş, onlara amansız divan tutulmuşdur.

Faciəyə ilk hüquqi qiymət Heydər Əliyev tərəfindən verildi
Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız- gəlin əsir düşmüş, girov götürülmüş, nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsa da, onlardan çoxu soyuqdan, şaxtadan məhv olmuşdur. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisinin 613 nəfəri vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin- qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyil.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan bəziləri diri-diri yandırılmış, başları kəsilmiş, dərisi soyulmuş, bədən üzvləri kəsilib götürülmüş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etməkdən belə çəkinməmişlər.

Həmin dövrdə Azərbaycana rəhbərlik edənlər Xocalı soyqırımına biganə münasibət göstərmiş, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışmışlar. Lakin o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənləri və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir.
Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən, bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

“Xocalıya ədalət” kampaniyası - dünya ictimaiyyəti qarşısında mühüm addım
Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülmüş, xarici dillərdə kitablar nəşr olunmuş, Xocalı soyqırımı müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilmiş, bununla bağlı internet saytları yaradılmışdır. Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addımlardan biridir. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radiolarda verilişlər hazırlanır. Bu gün dünya Xocalı soyqırımından xəbərdardır, onun tanınması istiqamətində görülən işlər də öz bəhrəsini verməkdədir. Artıq dünyanın 100-dən çox ölkəsinin parlamentində Xocalı faciəsi məsələsi müzakirəyə çıxarılıb. İri şəhərlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə küçələrə və parklara Xocalı adı verilib. Bunlara misal olaraq 2012- ci il fevral ayının 24- də Bosniya və Herseqovinanın paytaxtı Sarayevada Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan "Dostluq parkı"nın və Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidənin açılışı olmuş, fondun vitse - prezidenti Leyla xanım Əliyeva şəhər ictimaiyyətinə Xocalı soyqırımını ilə bağlı geniş məlumat vermiş və tədbir iştirakçılarına soyqırımı əks etdirən videoçarxlar təqdim etmişlər.
Xocalı faciəsinin oxşarı olan Liditse 1942- ci ildə alman faşistləri tərəfindən yerlə yeksan edilmiş və əhalisi terrora məruz qalmışdır. Xocalı və Liditse faciələrinin oxşarlığı məhz ona səbəb olmuşdur ki, 2007- ci ildə Liditse muzeyi və Xatirə kompleksində Xocalı faciəsinin 15 illiyinə həsr olunmuş 3 ay davam edən silsilə tədbirlər keçirilmişdir. Çexiyanın Liditse qəsəbəsində Xocalı adlı küçənin açılışı və eyni zamanda hal-hazırda Xocalı sakinlərinin əksəriyyətinin məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Liditse küçələrinin açılışı və bu iki yaşayış məntəqəsinin eyni tale yaşamış qardaş yaşayış məntəqələri olduğu vurğulanmışdır.

Dünya xalqları Xocalıda törədilən soyqırımına biganə qalmırlar
Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlərin həyata keçirilməsi durmadan davam etdirilir. Yəni Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımına etiraz edənlərin sayı dünyanın hər yerində ildən-ilə artmaqdadır. 2012-ci il fevral ayının 2-də Meksika Senatının qəbul etdiyi qərarda Xocalıda 1992-ci ildə baş vermiş faciə soyqırımı adlandırılmış, elə həmin il Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul etmişdir. 2012-ci ilin aprel ayında isə Kolumbiya parlamenti 102 deputatın lehinə səs verməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanımışdır.
Amerika Birləşmiş Ştatlarının bir çox ştatları da artıq bu faciəni soyqırımı və qətliam kimi tanımışdır. Massaçusets ştatının nümayəndələr palatası, Texas, Nyu-Cersi, Corciya, Arkanzas və Nyu-Meksiko və başqa ştatları Xocalı şəhərində törədilənləri soyqırımı və qətliam kimi tanımışdır. Ötən il ABŞ-ın İndiana ştatının qubernatoru Erik Holkomb xüsusi bəyannamə imzalayaraq, 26 fevral tarixini İndianada “Xocalını Anma Günü” elan etmişdir.
Onu da xatırladaq ki, 2013-cü ilin fevral ayının əvvəlində Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlılar ermənilərin törətdiyi Xocalı soyqırımının tanınması məqsədilə Ağ Evin rəsmi internet səhifəsində petisiya yerləşdirmişlər. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinə və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal olunması faktına qarşı yönəlmiş petisiya da Ağ Evin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Bu bir daha təsdiq edir ki, milliyyətindən və harada yaşamasından asılı olmayaraq, insanlar haqqın, ədalətin yanındadır. Dünya xalqları Xocalıda törədilən soyqırımına və Azərbaycanın tarixi torpaqlarının işğalı faktına biganə qalmırlar.
Bu sahədə Xocalı sakinləri də aktiv fəaliyyət göstərirlər. Hələ bir neçə il bundan əvvəl, Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Xocalı sakinlərinin dünya xalqlarına, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 2012-ci il 6 fevral tarixli müraciətində deyilir:

“Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir! Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə, bəşəriyyətə qarşı törədilmiş bu tarixi cinayətin təşkilatçısı özünü bütün dünyaya “əzabkeş və məzlum millət” obrazında təqdim edən davakar erməni millətçiliyidir”.

Beyəlxalq hüquqi qiymətin ləngimə səbəbləri
Bütün bunlarala belə, çox təəssüf ki, hələ də Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməyib. Amma soyqırımı cinayətlərini tənzimləyən beynəlxalq sənədlər mövcuddur. Bu barədə beynəlxalq hüquq üzrə mütəxəssislər zamanla mediaya açıqlamasında bildiriblər ki, soyqırım cinayətlərini tənzimləyən beynəlxalq sənədlərdən biri də BMT-nin 1948-ci ildə qəbul edilmiş “Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında” konvensiyasıdır. Lakin bu konvensiya daxilində Beynəlxalq Ədalət Məhkəməsinin avtomatik yurisdiksiyası yaranmır. Buna görə də işin birbaşa olaraq həmin məhkəməyə getməsi mümkün olmur. Ermənistan dövləti gərək həmin yurisdiksiyanı qəbul etsin. Yəni Azərbaycan bura müraciət etsə, Beynəlxalq Ədalət Məhkəməsi (İCJ) şikayətə baxıb deyəcək ki, onların bu iddiaya baxmaq səlahiyyəti yoxdur. Çünki Azərbaycanın iddiasına baxmaq üçün Ermənistanın İJM-in yurisdiksiyasını tanıması lazımdır, Ermənistan da məhkəməyə göndərəcəyi mülahizəsində bu səlahiyyəti qəbul etməyəcəkdir.
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma statutu mövcuddur ki, nə Ermənistan, nə də Azərbaycan bu müqaviləyə qoşulmayıb. Ermənistan imzalayıb, lakin ratifikasiya etməyib, Azərbaycan isə ümumiyyətlə imzalamayıb. Bu müqavilə 1998-ci ildə imzalanıb, 2000-ci ildə isə qüvvəyə minib. BCM ancaq qüvvəyə mindikdən sonra törədilmiş cinayətlərə baxa bilər.
Bu, o deməkdir ki, Xocalı soyqırımına baxmaq məhkəmənin zamana görə (ratione temporis) səlahiyyəti xaricindədir. Yəni Ermənistan və Azərbaycan BCM-nin statusunu ratifikasiya etsəydi, ya da BCM Baş Prokuroru özü istəsəydi belə, Xocalıya görə BCM-ə müraciət etmək mümkün olmayacaqdı. Qeyd etmək yerinə düşər ki, bu gün müharibə aparan dövlətlərin heç biri həmin müqaviləni imzalamayıb. Həmçinin, Ermənistan Avropa Şurasına və Avropa İnsan Hüquqları Konvensiyasına 2000-ci ildə tərəf olduğu üçün 1992-ci ildə törədilmiş soyqırıma görə onu AİHM-yə vermək mümkün olmur.
Biz Ermənistandan tələb edə bilərik ki, kompensasiya ödəsin. Bu, artıq Ermənistan dövlətinin öz vicdanına qalıb. Deyək ki, Ermənistanı diplomatik əlaqələri kəsməklə hədələdik. Lakin onsuzda biz bu ölkə ilə müharibə vəziyyətindəyik. Nümunə kimi Türkiyə ilə İsrail arasında yaşanan “Mavi Mərmərə” hadisələrinə baxa bilərik. İsrail həmin hadisəyə görə təzminat ödəməyə razılıq vermişdi, lakin sonda fərqli bir anlaşma əldə olundu. Azərbaycanla Ermənistan müharibə şəraitində yaşadığı üçün belə bir kompensasiyanın ödənilməsi gülünc görünür. Ermənistan bizim torpaqlarımızı qaytarmır, kompensasiyanı niyə ödəsin?!
Nəzərə alaq ki, Almaniya illər sonra yəhudilərə kompensasiya ödədi. Yəni Xocalı soyqırımını gündəmdə saxlasaq, ola bilsin, nə vaxtsa kompensasiyanın ödənilməsinə nail olaq. Ermənistanı Xocalı hadisələrinə görə məsul tutmaq mümkündür. Belə ki, vaxtilə Dağlıq Qarabağda qətliamlar törədən şəxslər bu gün Ermənistan dövlətində yüksək vəzifədə təmsil olunur, yaxud da siyasi mübarizənin içərisindədir. Məsələn, Serj Sarkisyan, Robert Köçəryan və s. Yəni Ermənistan dövləti deyə bilməz ki, Qarabağdakı cinayətləri yerli ermənilər törədib. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqovların işi” ilə bağlı Ermənistanı tərəf kimi göstərib. Bu baxımdan, Ermənistan Xocalı soyqırımı ilə bağlı gec-tez məsuliyyətlə üzləşməyə məcbur olacaq...
AzNews.az
Tarix: 26-02-2018, 09:16
Xəbəri paylaş





Xəbər lenti