Okeanın o tayından əsən Qarabağ küləyi: Müharibə gətirəcək?

Okeanın o tayından əsən Qarabağ küləyi: Müharibə gətirəcək?
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ilə bağlı ilginc iddia ilə gündəmə gəlib.

“Cümhuriyət” qəzeti xəbər verir ki, amerikalı diplomat Azərbaycan, Rusiya və Ermənistanda keçiriləcək prezident seçkilərindən sonra Qarabağda müharibənin başlayacağını bildirib. Kozlariç ehtimal edir ki, münaqişə ətrafında yaranmış gərginlik Ermənistan və Azərbaycan arasında müharibənin yenidən başlaması təhlükəsini getdikcə artırır.



“Qarabağ münaqişəsi ətrafında yaranmış gərgin situasiya narahatlıq yaradır. Ermənistan və Azərbaycan arasında müharibə təhlükəsi getdikcə artır. Bölgə çox təhlükəli bir dönəmə girib. Azərbaycan, Rusiya və Ermənistanda keçiriləcək prezident seçkilərindən sonra münaqişə ətrafında danışıqları davam etdirmək üçün əlverişli şərait yarana bilər. Yaxud, əks vəziyyət də yarana bilər ki, bu, çox təhlükəlidir. Baş verənlər narahatlıq yaradır”, - deyə keçmiş səfir qeyd edib.

Seçkilərin vaxtının dəyişdirilməsi müəmması

Azərbaycanda oktyabr ayında keçirilməsi nəzərdə tutulmuş prezident seçkilərinin vaxtının dəyişdirilərək, 6 ay əvvələ çəkilməsindən sonra o iddia gündəmə gəldi ki, prezident seçkilərinin vaxtının dəyişdirilməsi Qarabağ üzrə güzəştlərlə bağlıdır. Münaqişə üzrə danışıqların aktivləşdirilməsinin seçkilərdən sonraya hesablanması təsadüfi deyil. Hər 3 ölkədə keçiriləcək seçkilər danışıqların 2018-ci ilin növbəti mərhələsi üçün prosesin intensivləşməsinə şərait yaradacaq. Siyasi hakimiyyətlər danışıqların davam etdirilməsində və ya hansısa qərarların qəbul edilməsi istiqamətində müvafiq addımlar ata biləcəklər. Bu baxımdan, danışıqlar üzrə prosesin intensivləşdirilməsi üçün əlverişli şəraitin yaradılmasına ehtiyac var idi.
Hesab edilir ki, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin Azərbaycanda oktyabrda prezident seçkilərinin gözlənməsi bəhanəsinin qarşısının alınması üçün vaxt aprel ayına dəyişdirildi. Bu baxımdan, Azərbaycanla yanaşı, Ermənistan və Rusiyada da keçiriləcək seçkilərdən sonra münaqişədə konkret nəticələrə hesablanmış güzəştlərin olacağı gözlənilir.

Problemin həlledici mərhələsi

Tərəfləri razı salacaq güzəştlərə gəlincə, bunu tərəflərin qarşısına qoyulmuş şərtlər və öhdəliklərin yerinə yetirilməsi müəyyən edəcək. Ehtimal etmək olar ki, seçkilərdən sonra başlayacaq proses Ermənistana veriləcək sonuncu şans olacaq. Beləliklə, diplomatik cəhdlər nəticə verməyəcəyi halda, Ermənistanın qeyri-konstruktiv davranışlarına qarşı səbri tükənən Azərbaycanın seçəcəyi variantlar arasında cəbhə xəttində işğalçı üzərində təzyiqlərin artırılması ilə yanaşı, Qarabağda hərbi əməliyyatlara başlamaq variantı da var.

Ermənistanda artıq Azərbaycanın yeni müharibə ssenarisinin hazır olmasından danışılır. Erməni analitiklərin qənaətinə görə əldə edilmiş gizli anlaşmaya görə Azərbaycan tərəfi Rusiyanın dəstəyi ilə rəsmi İrəvan qarşısında “qırmızı xətt” çəkib. Bu “xətt”in konkret nəticəyə hesablanmış təklifin, yaxud həll variantının həyata keçirilməsi ilə bağlıdır. Hər iki tərəfi razı salan həll variantının detallarının nədən ibarət olduğu haqda məlumat olmasa da burada Azərbaycanın Ermənistana edə biləcəyi mümkün güzəştlərlə bağlı məsələnin yer aldığına şübhə yoxdur. Bu məqamda İrəvanı narahat edən ehtimal budur ki, əgər Ermənistan tərəfi bu güzəştə razı olmayıb nəticəsiz danışıqları davam etdirilməsinə təkid etsə, Azərbaycanın hərbi əməliyyatlara başlamaqdan başqa ikinci variantı qalmayacaq. İndi müzakirə mövzusu budur ki, Azərbaycan isti yay aylarından istifadə edərək, münaqişəni payızadək həll etmək niyyətindədir. Münaqişənin yeni - həlledici raundunun seçkilərdən sonraya salınmasının bir tərəfinin də bununla bağlı olduğu bildirilir.

Danışıqların yeni raundu



Türkiyədə fəaliyyət göstərən “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin eksperti, politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycanda gözlənilən prezident seçkilərdən sonra Qarabağ münaqişəsi üzrə danışıqlarının yeni raundu başlayacaq. Politoloq vurğulayıb ki, seçkilərdən sonra Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkil edilməsi də buna hesablanıb:

“Göründüyü kimi, seçkilərdən sonra fəal diplomatik danışıqların aparılması gözləniləndir. Amma məsələ budur ki, Ermənistanın indiki rəhbərliyi - “Qarabağ klanı” danışıqlara həmişə imitasiya üçün qatılır. Ən az qarşıdakı üç ay ərzində də Ermənistan rəhbərliyi bundan kənara çıxmayacaq. İndiyədək aparılan danışıqlarda müsbət nəticənin olmadığını nəzərə alsaq, növbəti prosesdə də ciddi irəliləyişin olacağını düşünmürəm. Kozlariçin açıqlamasına gəlincə, bunlar Ermənistanın danışıqlarda tutduğu mövqeyə uyğun fikirlərdir. Yəni, Ermənistanın qeyri-konstruktiv davranışı, bölgəni yeni müharibəyə sürükləyir. Hesab edirəm ki, seçkilərdən sonra diplomatik səylər nəticə verməsə, müharibəyə başlamaqdan başqa alternativ qalmayacaq”.

M.Əsədullazadənin sözlərinə görə 2016-cı il aprel döyüşləri göstərdi ki, İrəvanla yalnız güc dili ilə danışmaq lazımdır: “Hesab edirəm ki, yay aylarında lokal toqquşmalar olsa da bu, irimiqyaslı müharibəyə gətirib çıxarmayacaq. Azərbaycan əlverişli siyasi situasiya gözləyir ki, işğalçıya növbəti zərbəni endirsin. Bu, bir ay, yaxud iki aydan sonra da ola bilər. Bunu həyata keçirmək üçün ordumuz kifayət qədər güclü hücum taktikasına malikdir. Hazırda danışıqlarda fasilə var. Bu fasilə o demək deyil ki, danışıqlar dondurulub. Bu, yalnız işğalçı ölkənin xeyrinə ola bilər”.(Cebhe.info)
Tarix: 3-03-2018, 23:13
Xəbəri paylaş





Xəbər lenti