“Sürünən müharibə” gerçək müharibəyə keçid ərəfəsində

“Sürünən müharibə” gerçək müharibəyə keçid ərəfəsində
Ermənistanda və Azərbaycandakı seçkilər sonrası dönəmin mühüm gözləntisi; rusiyalı politoloq Aleksandr Duqin: “Qarabağ kimi problemin uzanması istənilən an birbaşa toqquşmaya gətirə bilər...”

Martın 2-də işğalçı Ermənistan formal da olsa özünə növbəti prezidenti seçdi. Ona görə “formal” ki, bu satellit ölkəyə görə əsas qərarlar İrəvanda yox, Moskvada verilir. Lakin siyasi müşahidəçilər Ermənistandakı seçkilərdə qərbyönlü kimi tanınan adamın - seçkiyədək Böyük Britaniyada səfir işləmiş Aram Sərkisyanın hələ də bu dövlətin vətəndaşlığını daşımasına, bütövlükdə hakim Sərkisyan rejiminin son vaxtlar Qərbə reveranslarına məxsusi diqqət çəkirlər.


Qərb-Rusiya münasibətləri isə məlum olduğu kimi, kəskinləşən xətlə davam edir. Bu üzdən İrəvanın bu kimi gedişləri yəqin ki, Moskvada ciddiyə alınır və müvafiq nəticələr çıxarılır. Rusiyanın öz işğal ortağı Ermənistana təzyiq rıçaqları isə qədərindən də çoxdur. Söhbət əlbəttə ki, öncəliklə Dağlıq Qarabağ münaqişəsindən gedir.

*****

Azərbaycanda isə aprelın 11-də prezident seçkiləri keçiriləcək. Bu seçki ilə bağlı Rusiyanın gözləntiləri kifayət qədər aydındır. Bakı, hər halda, xarici siyasətdə balansa üstünlük verməkdə davam edir.

“Azərbaycanda 11 apreldə keçiriləcək prezident seçkilərində Qərb və Rusiya maraqları toqquşmayacaq”. Bunu minval.az-a müsahibəsində rusiyalı tanınmış filosof və ideoloq, Kremlin “danışan dil”lərindən biri kimi təqdim edilən Aleksandr Duqin söyləyib.

“Azərbaycanda çox stabil hakimiyyət var. Bu siyasət Heydər Əliyevin dövründə qurulub. İlham Əliyev isə öz növbəsində sosial, siyasi, iqtisadi sistem yarada bilib və onu heç nə təhdid etmir. Mən rusiyayönlü və qərbyönlü qüvvələr görmürəm. İlham Əliyevin ətrafında birləşən azərbaycanyönlü qüvvələr var ki, onlar da balansı müəyyən edirlər. Bu qüvvənin düşüncəsi Azərbaycanın suverenliyinin gücləndirilməsidir. Bu məsələdə sizin ölkədə konsensus mövcuddur. Fikrimcə, Azərbaycandakı seçkinin nəticəsi Rusiyadakı kimi artıq bəllidir”, - deyə o bildirib.

Duqin Qarabağ konfliktinin sülh yolu ilə həll edilə biləcəyini söyləyib: “Bəzən analitiklər arzuolunanı reallıq kimi deyirlər. O fikirlə razıyam ki, Qarabağda müharibə mümkündür. Müharibə təhdidi istənilən dövlətin siyasətində daimi faktordur. Qarabağ kimi problemlərin həll edilməməsi istənilən an birbaşa toqquşmalara gətirə bilər. Bu problemin sülh yolu ilə həllinə gəlincə isə, bəli, belə bir həll mümkündür. Məncə, münasibətlərin normallaşdırılmasına işğal edilmiş 7 rayondan beşinin qaytarılması yardım edə bilər. Bundan sonra situasiyanın həlli başlayacaq. Eyni zamanda bu, Ermənistan-Azərbaycan münasibətlərində blokadanın ortadan qalxmasına yardımçı olacaq. Əgər Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının strukturunda yer alsa, o zaman müharibə təhdidi azalacaq və sülh yolu ilə həll yaxınlaşacaq. Məncə, 2018-ci ilin sonlarına doğru Qarabağ probleminin həllində ciddi irəlləyişlərin olması barədə böyük şanslar var”.



Politoloq ABŞ-ın Rusiyaya qarşı məlum silah embarqosunun mümkün nəticələrindən də söz açıb. Onun fikrincə, dünyada baş verən proseslər birqütblüyün bitib, çoxqütblüyə keçidin formulu kimi qələmə verilir. “Əgər çoxqütblülük prizmasından məsələyə baxılsa, o zaman istənilən ölkə arzu etdiyi yerdən silah ala bilər. Çoxqütblü dünyaya keçid prosesi də asan deyil. Dünya siyasətinin bu cür balans dəyişikliyi qanlı müharibələr hesabına olur. Suriyadakı uğurlardan sonra Rusiya özü haqqında böyük qütblərdən biri kimi bəhs edir. Rusiya Prezidenti Vladimir Putinin bir müddət öncəki çıxışı da buna həsr edilmişdi. Əlbəttə ki, bu, müəyyən reaksiyalara səbəb olur. Ona görə ki, Rusiya artıq ikinci lider kimi yox, çoxqütblü dünyanın qütblərindən biri kimi çıxış edir. Rusiya çox ölkələrin suveren siyasət yürütmə tabularını dəyişdirir. Ona görə də rus silahlarını əldə etmək istəyənləri sanksiyalarla təhdid edirlər. Burada söhbət həm də Rusiyaya dost olan Azərbaycandan gedir”, - deyə o əlavə edib.

*****

Sözsüz ki, həlli uzanan Qarabağ konflikti fonunda durumda Azərbaycana öz hərbi və iqtisadi qüdrətini artırmaqdan və işğalçı ölkə üzərində əzici üstünlüyü təmin eləməkdən savayı yol qalmır. Çünki İrəvan Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquqla bir araya sığmayan destruktiv, maksimalist mövqe tutmaqda davam edir. Məsələdə bir qayda olaraq daha radikal mövqe tutan erməni lobbisinin pullarından asılı olan Ermənistan rəhbərliyinin daha radikal mövqeyə köklənməsi sövq-təbii münaqişə zonasında müharibə riskini bir az da artıracaq. Demək, hərbi faktor xeyli dərəcədə önə çıxmış olacaq.

*****

Bu arada Azərbaycanın Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında açıqladığı hesabatda hərbi sahə üzrə göstəricilərimiz də əksini tapıb. Belə ki, ötən il Azərbaycan ordusunun qoşun döyüş sursatları üzrə ehtiyatlarının yaradılması məqsədilə yerli sənaye müəssisələrindən və xarici ölkələrdən müxtəlif təyinatlı müasir döyüş texnikası, eləcə də digər hərbi məhsullar alınaraq Silahlı Qüvvələrin istifadəsinə verilib, hərbi texnika və avadanlıqların təmiri və təkmilləşdirilməsi həyata keçirilib.

Sənəddə qeyd olunub ki, uzun müddət istifadədə olan, texniki tələblərə cavab verməyən, istifadəyə yararsız silahlar, döyüş texnikası və digər hərbi təyinatlı vasitələr istismardan çıxarılıb və yeniləri ilə əvəzlənib. Ordunun silah arsenalının daha da gücləndirilməsi üçün müasir silahların, qabaqcıl texniki vasitələrin alınması istiqamətində işlər davam etdirilir. Hesabatda o da qeyd olunub ki, keçən il müdafiə xərclərinə dövlət büdcəsinin 15 faizi həcmində vəsait yönəldilib ki, bu da 2016-cı illə müqayisədə 429 milyon manat və ya 19.6 faiz, büdcə xərclərinin tərkibində isə 2016-cı illə müqayisədə 2.6 faiz çoxdur.

Azərbaycan sübhəsiz ki, iqtisadi-maliyyə durumu ağır olan işğalçı ölkəni silahlanma yarışına cəlb eləməklə həm də onun iqtisadi durumunu daha da ağırlaşdırmaq, kütləvi köçü gücləndirmək hədəfi güdür. Bu fonda təmas xəttində düşmən tərəfin canlı itkilərinin get-gedə artması Ermənistana daha bir mesaj olmalıdır ki, “sürünən müharibə” günün birində əsl müharibəyə də keçə bilər...
Tarix: 7-03-2018, 10:17
Xəbəri paylaş





Xəbər lenti