Kreml erməniləri Qarabağla qorxutdu

Kreml erməniləri Qarabağla qorxutdu
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş qüvvələrin qərargah rəhbəri, general-polkovnik Anatoli Sidorov bildirib ki, Dağlıq Qarabağdakı qondarma rejimi KTMT-yə üzv dövlət deyil və qondarma quruma heç bir hərbi yardım göstərilməyəcək. Onun sözlərinə görə, KTMT-nin bütün sazişləri konkret olaraq Ermənistanla imzalanıb və müvafiq olaraq rəsmi İrəvan qarşısında müəyyən öhdəlikləri var.

Bu, onu göstərir ki, hətta Ermənistanın sərhədlərini qoruyan təşkilat belə Dağlıq Qarabağdakı qondarma qurumu tanımır. Bu gün bütün dünya Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır. Bu, Azərbaycan dövlətinin yürütdüyü uğurlu və məqsədyönlü xarici siyasət kursunun nəticəsidir! Maraqlıdır, Azərbaycan müharibəyə başlasa, Rusiya onu dayandırmayacaq?

Siyasi-şərhçi Əhəd Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu Rusiyanın Ermənistana xəbərdarlığıdır:

“Rusiyada qərarları bir nəfər verir o, da Putindir. General Sidorovun dediyi Azərbaycanın xeyrinədir, lakin bu, o demək deyil ki, Rusiya Ermənistanı müdafiə edən deyil. Ona görə generalın sözlərinə o qədər də inanmaq, ümid etmək lazım deyil. Məşhur klassikin dediyi kimi: Rusiyanı ağılla dərk etmək olmaz. Amma Rusiyanın bu ranqda generalının bu cür çıxış etməyi müsbət bir haldır. İstənilən halda Azərbaycan öz torpaqlarını azad etməlidir. Üstəlik, rus generalının bu çıxışını Ermənistana təzyiq kimi də qiymətləndirmək olar. Son dönəmlər Ermənistanda anti-rus ab-havasının yüksəldiyi zaman, Avropa ilə yaxınlaşma tendensiyaları görünür, Rusiya forpostuna generalının vasitəsilə xəbərdarlıq edir”.


Politoloq Əli Orucov isə bunu səmimi bəyanat hesab etmədiyini deyib.

Onun sözlərinə görə bu açıqlama Rusiya-Azərbaycan münasibətlərinin qorunub-saxlanılmasına hesablanıb: “Generalın dediklərini Rusiyanın birbaşa mövqeyi kimi qiymətlərndirmək olmaz. Doğrudur, KTMT-nin müqaviləsi birbaşa Ermənistanla bağlanıb. Qondarma Dağlıq Qarabağ Respublikasının bu müqaviləyə heç bir aidiyyatı yoxdur. Amma onsuz da Rusiya münaqişədə birbaşa deyil, dolayısı ilə iştirak edir. Ona görə də hesab etmirəm ki, sabah müharibə başlasa, Rusiya kənardan seyrci qalacaq. Hələ SSRİ tərkibində olan zaman rusların iştirakı ilə Xocalı soyqırımı törədildi. Halbuki onların bu məsələyə heç bir aidiyyatı yox idi.



Münaqişə Ermənistan və Azərbaycan arasında deyildi. Bu baxımdan da hesab edirəm ki, rusiyalı generalın bəyanatı Azərbaycanla münasibətlərin saxlanılması üçün verilib. Düşünmürəm ki, bu səmimi bəyanatdır”.

Vilayət Muxtar

Cebhe.info
Tarix: 8-03-2018, 22:35
Xəbəri paylaş





Xəbər lenti