Abort edilmiş təhsil


“Bəsdir o bildikləri, kaş onu da bilməsə!

Canıma olsun fəda bir də üzü gülməsə!

Ta ki, o zehnindəki fikrləri silməsə,

Sanma ola bəxtəvər, oxutmuram, əl çəkin!"

Dünən söz verdiyim kimi, saxtakarlıq və yalançılıq temasını davam etdirmək istəyirəm. Açığı, o qədər geniş temadır yazmaqla bitmir. Jurnalist üçün əsl çörək ağacıdır.

Son günlər ortalığa atılan və bir növ yalana çıxarılan iki təhsil xəbəri var idi. Bunlardan biri məktəblərdə çoxlu sayda uşağın abort olunmasına aid idi, mənbəyi müəyyən olunmadı. Hərçənd, bunu tam yalan da saymaq olmaz: məktəblər bu dəqiqə uşaqları abort eləməyin, məhv etməyin məkanlarından biridir. Məzahir müəllimin seçki obyektlərindən olan təhsil sistemi uzun illərdir saxtakarlıq cinayətlərinə şərikdir. Yəni orada həm də demokratiya abort olunur, xalqımızın üzünü görmədən bətndə ikən öldürülür. Rəhmətlik ədliyyə nazirimiz Südabə xanımın “Demokratiyanı beşikdə boğmalıyıq” şüarını lap bir addım da qabaqlayırlar. Doğrudan da, demokratiyanı beşiyə qədər sağ saxlamağın mənası nədir? Birdən demokratiya beşikdə dəyişik düşdü, sağ qaldı? Gərək o zaman demokratiyanı soyundurub yanına baxaq, görək xalı vardırmı. Sonra gəl bunun indeyski kinosunu çəkib “Speys” kanalında göstər... Uzun işdir. Sözgəlişi, mən Südabə xanımın 90-cı illərdəki nazir fəaliyyətinin ardından xəbərsiz idim, bu yaxında nigarançılığımı cızmaqaralarımın hansındasa bəyan etmişdim. Sən demə o, sağ-salamatdır, Konstitusiya Məhkəməmizdə (nə qədər “mə-mə” var bu sözdə!)  hakim vəzifəsində çalışır. Ümid edirik orada da demokratiyanı beşikdə boğmaq fəaliyyətinə qəti fasilə verməmişdir. Gec də olsa 8 mart bayramını təbrik edirik.

Harda qalmışdıq? Hə, ikinci xəbər 9-cu siniflərin martın 4-də keçirilən ana dili və riyaziyyat imtahanında pis göstəricisi haqda idi. Ekspert respublika üzrə 75 faiz şagirdin bu imtahanda “2" aldığını söylədi. Ancaq dövlət nümayəndələri inkar elədilər, dedilər hələ heç nəticələri yoxlamamışıq, bunu necə öyrənibdir? Mən ”kim haqlıdır" soruşmaq istəmirəm. Ola bilsin ekspert doğrudan gopa basmışdır. Lakin “mal bizimdir, kəramətinə bələdik” tezisindən çıxış eləsək, 75 faizin kəsilməsi o qədər də fantaziya kimi görünmür. Çox mümkündür. Bunun səbəblərini bir az geniş yazmalıyam.

Birincisi, 9-cu siniflər üçün bu dəfəki ümumrespublika imtahanı Misir müəllimin məhşur kurrikulum oyunbazlığının (el arasında quqquluquium deyilir) sonucu, ya da belə deyək, ilk sınağı kimi anlaşılmalıdır. Çünki sıfırdan - 1-ci sinifdən kurrikulumla başlayan uşaqlar indi 9-u qurtarırmış. O uşaqların necə əzab-əziyyət çəkdiyini, başlarına hansı corabların, eksperimentlərin hörüldüyünü isə bu illərdə biz yaxından görmüşük. Elə martın 4-də keçirilən imtahanın bir sui-qəsd olması açıqdır. Təsəvvür edin, uşaqlara 20 Azərbaycan dili və 10 riyaziyyat tapşırığını həll etmək üçün cəmi 2 saat vaxt ayrılmışdı. Hər suala 4 dəqiqə. Özü də bu, bir neçə cavab variantı verilən test sualları yox, açıq məsələ və tapşırıqlar olmuşdur. Mənim yadıma gəlir, sovet dövründə belə açıq suallarla riyaziyyat imtahanı verib universitetə girirdik, o zaman bizə cəmi 3 tapşırığı həll etmək üçün hardasa 3 saat vaxt ayrılırdı. İndi yazıq 9-cu sinif şagirdi 2 saata 30 tapşırığı necə həll etməlidir? Deməli burada başqa məqsəd var. Hansı məqsəd? Bax söhbət bundadır.

Məncə, hakimiyyət elə uşaqların “75 faizinin 2 almasında” maraqlıdır. Bu şayiələri də qabaqcadan qəsdən buraxırlar. “Neyləyək, uşaqlarınız oxumur” - vurğu bunun üzərindədir. Məktəbin, təhsilin dövlət səviyyəsində gözdən salınması proqramı var. Əsas da ona görə ki, təhsilə dövlət büdcəsindən 10 faizə yaxın pul gedir. Bunu ixtisara salmaq istəyirlər. Çatdıra bilmirlər. Pul yoxdur. 9-cu siniflər buraxılış sinifləridir. Bununla icbari təhsil bitir. 10-11-i oxumaq artıq şagirdin özündən asılıdır. Şagird isə imtahandan “2" almışdır. Deməli, nə etməliyik? Ay sağ ol: siniflər ləğv olunmalıdır. Məktəbi uçurdub yerində pambıq əkmək lazımdır.

İqtisadçı-ekspert Rövşən Ağayev hələ 2015-ci ilin təhsil statistikasını əldə edərkən bir detala diqqət eləmişdi: sən demə, bizdə 11-ci sinifi bitirən şagirdlərin sayı sivil dünya standartından çox aşağıdır. Sitat: “Bakı və Naxçıvan istisna olmaqla ölkənin yerdə qalan regionlarında 15 yaşlı uşaqların 35-40%-i orta məktəb təhsilini dayandırır. Düzdür, onların təxminən 10-12%-i peşə məktəbinə və texnikuma gedir, amma ən azı 30%-i 9 illik təhsilin məhsulu kimi əmək bazarına (daha doğrusu, belə təhsillə qul bazarına) üz tutur. Müqayisə üçün, Qərbdə, elə Şərqi Avropanın da əksər ölkəsində 17 yaşlı uşaqların ən azı 90-95%-i tam orta təhsili bitirir”.

 

Tarix: 15-03-2018, 09:22
Xəbəri paylaş





Xəbər lenti