“ÇOX SAĞOLUN, ARTUR TAİROVİÇ…” – 30 ildir dəyişməyən müraciət forması

                          İldə bir dəfə bizim dildə dil açıb danışan hörmərtli baş nazirimizin son çıxışı geniş müzakirə mövzusuna çevrilib. Çıxış belə olar! Biri deyir Azərbaycan dilində danışa bilmir, o biri deyir baş nazir kimi son çıxışıdır, başqa biri də onu kürsüyə çıxaranları qınayır ki, kişiyə niyə bu zülmü verirsiniz… Bir sözlə, Artur Rəsizadənin çıxışı əməlli-başlı gündəmə çevrilib.
Ancaq çıxışa diqqətlə baxanlar və dinləyənlərin əksəriyyəti bəlkə də bir xüsusi məqama diqqət yetirmir – Artur Rəsizadənin parlament sədri tərəfindən necə yola salınmasına. Canını qabağındakı kağızdan bir təhər qurtaran baş nazirə müraciət edən Oqtay Əsədov deyir: “Çox sağolun, Artur Tairoviç”. Müraciət formasına baxın! Bu müraciəti adı Azərbaycan və dövlət dili Azərbaycan dili(!) olan ölkənin Milli Məclisinin sədri edir, özü də həmin dövlətin baş nazirinə xitabən – yəni Rusiyanın, Belarusun, Qırğızıstanın yox, məhz Azərbaycanın baş naziri sayılan şəxsə! Və əmin ola bilərsiniz ki, Artur Rəsizadəyə təkcə Oqtay Əsədov yox, digərləri də məhz belə müraciət edirlər.
Dil dövlət atributlarından biri, parlamentin sədri və baş nazir isə həmin dövlətin başında yer alan şəxslər hesab edilir. Görəsən, Tahiroviç, Əhmədoviç, Məmmədoviç hansı dövlətin, hansı dilin müraciət formasıdır? Axı bildiyimiz qədərilə bura Rusiya, Serbiya, Belarus və yaxud hansısa başqa slavyan dövləti yox, Azərbaycandır! Öz dövlət atributuna qarşı bu münasibəti göstərən şəxsin onun başındakı strateji posta sahib olmağa mənəvi haqqı nə qədərdir? Yəqin bu adamlara xatırlatmaq lazımdır ki, onlar Nəsib bəy Yusifbəylinin, Məhəmməd Əmin Rəsulzadənin yaradıb, Fətəli Xan Xoylunun və digərlərinin miras qoyduğu Cümhuriyyətin baş naziri və parlament sədrləridir. Və bu şəxsiyyətlər heç vaxt bir-birinə “filankəs filankəsoviç”deyə müraciət etməyiblər.
Sovet dönəmini başa düşmək olar, o vaxt belə müraciət forması adi hal idi, ancaq o dövrdə də heç kəs bir azərbaycanlıdan başqa bir həmyerlisinə “filankəsoviç” deyə xitab etməsini tələb etmirdi. Bu müraciət forması əsasən qeyri millətlərə münasibətdə işlədilirdi. Ancaq bildiyimiz qədərilə Artur müəllim azərbaycanlıdır və Sovet İttifaqı da artıq 30 ilə yaxındır ki, yoxdur! Bəs görəsən, haradandır bu nostalji, istək, sevgi? Əslində istənilən məmur digərinə “filankəsoviç, yaxud “filankəsovna” deyə bilər – evdə, restoranda və sair, ancaq dövlət qurumunda, xüsusilə də parlamentdə bu müraciət forması heç də dilimizə və atributlarımıza qarşı hörmət əlaməti sayıla bilməz.
Hörmətli Artur müəllimin çıxışının sonunda “Görülən (görünən yox ha-red.) dağa bələdçi nə lazım” deyə atalar sözü işlətməsi isə əsl sensasiya idi. Həmin atlar sözünü oxuyana qədər ürəyində onu ora yazanın gəlib-keçənini neçə dəfə söydüyünü də yəqin ki, bir özü bilir…
Ümumiyyətlə, zarafat və ironiya bir tərəfə, adamın 83 ildir bu ölkədə yaşamasına və işləməsinə, son 22 ildə də onun baş naziri olmasına baxmayaraq, öz dilində danışa bilməməsi əslində faciədir – özü də onun yox, bizim faciəmizdir! Və bu acı reallığı yaşamamızda hələ də ona “Artur Tairoviç” deyə müraciət edənlərin rolu az deyil…
Cəlal
AzPolitika.info                                                                                                                              
Tarix: 18-03-2018, 08:51
Xəbəri paylaş





Xəbər lenti