Bu vədələrin aktual söhbəti: baş nazirin yaşı...


Bu mövzunun hər il bu vaxtlar, mart ayının ortalarında aktuallaşması artıq ənənə şəklini alıb. Azı 15 ildir ki, belədir. Hər il mart ayının bu vədəsində parlamentin plenar iclasında hökumətin hesabatı dinlənilir və mütləq baş nazir Artur Rasi-zadə ilə bağlı söhbət böyüyür.

Bu 15 ildə elə illər olub ki, baş nazirimiz parlamentdə hesabat məruzəsi ilə çıxış etməyib, bunu onun əvəzindən müavinlərindən biri edib.

Ancaq bunun cənab Rasi-zadə ilə bağlı söhbətlərin, hətta yazıların intensivliyinə dəxli olmayıb.

Baş nazir parlamendə çıxış etməyəndə də, bir çoxları diqqəti onun ahıllığına, artıq deputatlar qarşısında ayaq üstə çıxış etmək iqtidarında olmadığına yönəldiblər.

Artur müəllim öz gümrah görünüşü ilə deputatların qarşısına çıxıb hazır məruzəni oxuyanda da ritorika dəyişməyib. Bu dəfə diqqət mərkəzinə onun nitq üslubu gəlib.

Bu, hər kəsə bəlli həqiqətdir, Azərbaycanın baş naziri uşaqlığından rus dilində təhsil alıb, təhsilini rus dilində davam etdirib, sovet dövründən ta indiyə qədər çalışdığı bütün postlarda rus dilində yazıb, danışıb.

Azərbaycanın dövlət dilində danışmaq, yazmaq, oxumaq ona çətindir. Demək olmaz ki, o, ana dilini bilmir. Xeyr. Bilir. Amma onun işlək dili rus dilidir. O, bu dildə özünü daha yaxşı ifadə edir.

Bəs cənab Rasi-zadə hazırda tutduğu postu tərk etməliydimi?

Bəli, bu iş çoxdan baş verməliydi. Özü könüllü şəkildə təqaüdə çıxmaq istədiyini bildirməliydi və getməliydi.

Böyük ehtimalla Artur müəllim bir neçə dəfə bu niyyətdə olduğunu dövlət rəhbərliyinə, konkret olaraq, prezident İlham Əliyevə bildirib.

Ancaq anlaşılan odur ki, bu variant məsləhət olmayıb, ali sarayda hesab olunub ki, Artur müəllim ömrünün doqquzuncu onilliyini xırdalasa da, öz postunda qalsa, yaxşıdır.

Bu, bir siyasi vəfadarlıq nümunəsidir. Prezident mərhum atasının etibarlı, sınanmış kadrlarını hörmət-izzətli bir şəkildə vəzifədə saxlamaqda davam edir.

“Vurulub” kənara atılanlar isə mütləq sədaqət müstəvisində hansısa təqsirə yol verənlər, yaxud pudluq daş olub ayaqdan asılanlardır. Heç kəsə ziyanı olmayan qocalar dövlətə ballast deyil.

Hamımız bilirik, bu ölkənin idarəçilik quruluşu elədir ki, onu ya prezident idarə etməlidir, ya da baş nazir. Bizdə ikisi də var - geniş səlahiyyətləri olan prezident də, geniş səlahiyyətləri olan baş nazir də.

Aydın məsələdir ki, onların ikisi də eyni dərəcədə fəal ola, dövləti eyni zamanda və eyni aktivliklə idarə edə bilməzlər. Mütləq toqquşma olar. Artur müəllim isə öz səlahiyyətlərindən tam şəkildə istifadə etmir, özünü kölgəyə çəkir və heç kəsə mane olmur.

Elədirsə, onun tamamilə kənara çəkilməsi daha yaxşı olmazmı? Olmaz.

O zaman yeni baş nazir təyin etmək lazım gələr və bu saraydaxili intriqaların qızışmasına, bəzi güclü nazirlərin ambisiyasının qabarmasına səbəb olar.

Zaman-zaman bu ölkədə belə durumlar yaranıb. Hətta baş nazir postundan əvvəl dövlətin ikinci mühüm vəzifəsi sayılan parlament sədri postu uğrunda mübarizələr yaşanıb, hakim partiyanın təşəkkülündə fəal olmuş iki nazir bir-birinin əleyhinə media savaşı aparıblar.

Sonradan o cür intriqa başqa, yeni güclü nazirlər arasında getdi. Etiraf olunmurdu, amma hamı güclü nazirlərin çəkiməsinin fərqindəydi.

Bəzən elə görünürdü ki, onlar bizneslərinin və nüfuz dairələrinin genişləndirilməsi uğrunda savaşırlar. Bunlar da var idi. Ancaq mühüm motivlərdən biri də dövlətin ikinci postuna yiyələnmək niyyəti idi.

Onlar düşünürdülər ki, 80 yaşlı Artur Rasi-zadədən sonra kimsə o postu tutmalıdırsa, nədən həmin postda özləri olmasın.

Ancaq atalar deyir, sən saydığını say, gör fələk nə sayır. O yeni-yeni “pöhrələyən” nazirlərin, deputatların bir çoxu “doğranıb” getdi, istefada, xaricdə, orda-burdadırlar, Artur müəllim isə hələ də parlamentdə çıxış edir.

Əslində xeyli dərəcədə formal səciyyə daşıyan vəzifədə kimin oturmasının fərqi yoxdur. Bu, təxminən daima “elçiliyə aparılan ağsaqqal”ın vəzifəsi kimi bir şey olub.

Bu xüsusda ən xoşagəlməz məqam odur ki, baş nazirin yaşı ilə bağlı qeyri-ciddi planda söhbətlər çoxalıb.

Bundan daha pisi odur ki, Artur müəllimin yaşına sataşanların çoxu o yaşa çatmayacaqlar. Ən kədərlisi də elə budur.

 

 

 

Tarix: 19-03-2018, 08:48
Xəbəri paylaş





Xəbər lenti