Bakının mərkəzində, avtomobil dayanacağında dəmiryol platformasını aylardır kim “park edib”?


Bakının Xətai rayonu, Cavanşir körpüsünün yaxınlığında  uzun müddət avtomobil parkı kimi istifadə olunan boş ərazinin bir hissəsi iki aya yaxındır ki, sürücülərin üzünə bağlanıb. Buna səbəb “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus  dəmiryol platformasının  dayanacağa “park edilməsidir”. Nəticədə, dayanacaqda təxminən  200-dən çox avtomobil üçün park ərazisi zəbt edilib.

Bu barədə virtualaz.org-a sürücülər müraciət ediblər. Onların sözlərinə görə, yaxınlıqdakı iş yerlərində işlədiklərindən əvvəllər avtomobillərini qiymətin nisbətən ucuz olduğu bu dayanacaqda saxlayırdılar. Amma platforma ora “park ediləndən” bəri avtomobillərə yer tapmaq çətinləşib.

“Buradan əvvəllər dəmir yolu keçib, amma hazırda ləğv olunduğuna görə işləmir. Ərazi bakı şəhər İcra Hakimiyyəti tərəfindən pullu dayanacaq kimi ayrılıb, Ancaq “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsusdur. İndiyə kimi yada düşmürdü, bilmirik necə oldu, gəlib  buranı zəbt elədilər, dedilər ki, daha burada avtomobil saxlamayın. Bilmirik məqsədləri nədir. Yəqin nəsə umurlar. Burada maşın saxlayan insanlar əziyyət çəkir, parklama üçün yer tapa bilmir. Nə olardı  burada avtomobil saxlayanda, boş yerdir də. Hər gün gəlirlər. Elə bil burada qızıl basdırıblar. Gəlib yoxlayırlar ki, heç kim yaxınlıqda maşın saxlamasın. Sürücülərin hamısı narazıdırlar. Əvvəl dayanacaqda maşın saxlayan  sürücülərin 70-80 faizi dağılışıb. Əlbəttə gəlirimiz də azalıb”, - deyə İbrahim adlı dayanacaq işçisi bildirir.

O, qeyd edir ki, onsuz da “Formula -1” tədbiri ilə bağlı yollar bağlanıb. Bir tərəfdən də bu sürücüləri çətin vəziyyətdə qoyub. Körpünün yaxınlığındakı qalan ərazilərdə maşın saxlayanda da polis qoymur, şəklini çəkib cərimə yazır.

Sürücü Azər Bağırov da bu vəziyyətdən əziyyət çəkdiyini deyir: “Məcbur olub Azadlıq meydanının  altında yerləşən dayanacaqda maşınımızı park edirik. Oranın da xərci gündə azı 3 manatdır, qalmışıq çətin vəziyyətdə”, - deyə sürücü bildirir.

Gülnar Əliyeva

Tarix: 27-03-2018, 21:51
Xəbəri paylaş





Xəbər lenti