Azərbaycanın Rusiyadan aldığı silahlar zay çıxıb? - RƏSMİ REAKSİYA


Belarusun müxalif nəşrlərindən olan "Беларуская Праўда" Azərbaycanla bağlı birmənalı qarşılanmayan məlumat dərc edib.

BakuPost xəbər verir ki, bu barədə hərbi bmpd bloqu məlumat yayıb. "Rusiyanın Azərbaycana silah göndərməsi Bakıda narazılıq, Ermənistanda isə qəzəb yaradır” başlıqlı yazının müəllifi Yuri Baraneviçdir. 

Yazıda iddia olunur ki, Azərbaycan Rusiyadan alınan silahların keyfiyyətindən narazıdır.

Belarus dərgisi öz mənbələrinə əsaslanaraq bildirir ki, 2017-ci ilin sonunda hərbi-texniki sahədə əməkdaşlıqla bağlı keçirilən Rusiya-Azərbaycan komissiyasının qapalı iclasında Bakı həyata keçirilən və qüvvədə olan müqavilələr çərçivəsində Rusiyanın Azərbaycana silah göndərməsi öhdəliklərinin yerinə yetirməsi barədə məsələ qaldırıb və buna xüsusi diqqət yetirib. 

İddiaya görə, iclasda T-90S, BMP-3, BTR-82, SAU "Msta-S”, RSZO "Smerç”, ZRК «Тор-М2» və digər rus hərbi sursatlarının təchizatı müqavilələrinin şərtlərinin həyata keçirilməsi ilə bağlı narazılıq bildirilib. 

İradların əsas hissəsini "təslim edilən avadanlıqların müqavilələrdə göstərilən texniki avadanlıq siyahıları ilə uyğunsuzluğu, texniki sənədlərin olmaması, aşkar zavod səhvi ucbatından bəzi silahların yararsızlığı, habelə müntəzəm təmir üçün komponentlərin olmaması” təşkil edib.

Bundan başqa, guya Azərbaycan tərəfi qeyd edib ki, "Smerç” raketləri atəş zamanı partlamır, BTR-82A üçün quraşdırılmış pulemyotların hərbi ləvazimatları hədəfə çatmır, Mi-35 helikopterlərinin termocütlərini isə daim təmir etmək lazım gəlir. Halbuki bu, helikopterlərin mühərriklərini işə salmaq üçün vacib detallardır. Həmçinin "Ataka-M” və "Şturm-V” raketlərinin avtomatik atəş sistemlərinin baza hissəsi və cihazları tez-tez xarab olur.

Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verib.

Qurumdan BakuPost-a daxil olan açıqlamaya görə, Azərbaycanın əldə etdiyi silahların keyfiyyətsiz olması barədə yayılan şayiələr təxribatdır. Nazirlik bildirib ki, son günlər xarici və yerli kütləvi informasiya vasitələrində Azərbaycanın Rusiyadan əldə etdiyi silahların yararsız olması ilə bağlı müxtəlif şayiələr yayılıb:
 
"Rəsmi olaraq bildiririk ki, bu kimi xəbərlər həqiqətə uyğun deyil və onların yayılması təxribat xarakteri daşıyır.

Azərbaycan müəyyən istehsalçı ölkələrdən müxtəlif növ silahların alınması və əldə edilməsinə xüsusi diqqət yetirir. İşğal olunmuş ərazilərimizin azad edilməsi məqsədilə biz döyüş potensialımızın artırılması üçün lazım olan ən yaxşı, keyfiyyətli və effektiv hərbi vasitələri diqqətlə seçərək əldə edirik.

Azərbaycan Ordusunun silahlanmasına qəbul edilən Rusiya istehsalı olan yeni silahlar müasir silah sistemlərinin yüksək tələblərinə cavab verir, eləcə də qoşunlarımızın, xüsusilə müdafiənin ön xəttində döyüş tapşırığı yerinə yetirən bölmələrimizin manevr və atəş imkanlarını xeyli artırır”.

Tarix: 29-03-2018, 21:28
Xəbəri paylaş





Xəbər lenti