Heydərovla Məmmədovun lobbi oğlanları tükünü də “tərpətmir”...
Azərbaycan dövləti xaricdəki diaspor təşkilatlarına, lobbilərə böyük pullar xərcləyir. Bu vəsait onların Avropada restoranlar, kafelər açmasına deyil, Azərbaycanın maraqlarını müdafiə etməyə sərf olunmalıdır. 

Lakin əfsuslar olsun ki, əksər diaspor təşkilatları, lobbiçilərimiz olduqca bərbad fəaliyyət göstərirlər. Onlar son zamanlar ölkəmizə qarşı başladılmış söyüş kampaniyası ilə bağlı tükünü də tərpətmirlər.

Bu mövzuda FİA.Az-ın sosial şəbəkələrdə yazılan tənqidlərdən çıxardığı qənaət ondan ibarətdir ki, xüsusən məmur balaları söyüş kampaniyası ilə bağlı heç bir iş görmürlər.

Avropa və Amerikada lobbi fəaliyyəti göstərən təşkilatlarımızdan iki əsas olanı hələ də susqunluq nümayiş etdirirlər.

Söhbət fövqəladə hallar naziri Kamaləddin Heydərovla keçmiş nəqliyyat naziri Ziya Məmmədovun övladlarından gedir.

Hazırda Tale Heydərov Londonda, Anar Məmmədov Nyu-Yorkda guya Azərbaycanın maraqlarını təbliğ edirlər. Buna görə ayrılan pullar isə faktiki havaya sovrulmaqdadır.

Çünki seçkiqabağı ölkə söyülür, onlar isə tüklərini də tərpətmirlər. Bəs onların fəaliyyəti kimə xidmətdir? Yalnız öz imiclərinə işləyirlər? Bəs prezidentə nə vaxt kömək edəcəklər?

Bunun adı siyasi xəyanətdir. Çünki ölkəmizə qarşı ağır bir kampaniya aparılır və Avropa, Amerikadakı nazir uşaqları öz kef-əyyamlarındadırlar.

Kəmaləddin Heydərovun oğlu “Azərbaycan Avropa Cəmiyyəti”nə ayrılan pulları “ictimailəşdirir”, amma ortada bir dənə də olsun nailiyyət yozdur.

Ziya Məmmədovun oğlu Anar da “Azərbaycan-Amerika Alyansı” vasitəsilə dövlətin milyonlarını əcnəbilərə bahalı ziyafətlərə xərcləyir, ancaq səs küydən başqa bir işə yaramır. Bu iki balanın xərclədiyi milyonların əvəzində hansısa bir uğur qazanılbmı? Yox.

Anar Məmmədovun təşəbbüsü ilə Vaşinqtonda bir sıra konqresmenlər və senatorlar da daxil, 500 amerikalı üçün havayı yeyib-içmək məclisi təşkil olunmuşdu. Neçəyə başa gəlib və kim ödəyib?

Bəs prezidentin, ailəsinin Avropadan təhqir olunmasına niyə göz yumurlar? Bu təşkilatlar Avropada nə iş aparırlar?

Nə üçün Qərb mediasında məqalələr yazmırlar, söyüşləri tərcümə etdirib avropalı diplomatlara, siyasətçilərə göstərmirlər ki, sığınacaq verdikləri adamlar marginal, radikal adamlardır?! Deməli, özlərinə işləyirlər.

Vaxtilə Məmmədovlarla Heydərovlar açıq rəqabətdə idilər. Ancaq bu mənasız mübarizədənsə Azərbaycanın maraqları naminə xidmət göstərmək olardı.

Azərbaycan prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının III qurultayı ərəfəsində Tale Heydərovu “Tərəqqi” medalı ilə təltif etməsi ona diqqət idi.

Ancaq nazir oğlu bunun qarşılığında bu gün ölkəmizə qarşı iyrənc kampaniya əleyhinə heç bir iş görmür. Əksinə, başı xırda işlərə qarışıb, “Əli və Nino” kitab evini almağa çalışır.

FİA.Az xəbər verir ki, sosial şəbəkələrdə son aylar hədsiz fəallaşan, siyasətdə piyada olsalar da, söyüş və təhqirlərdə süvarilərə çevrildiklərini düşünən şəxslərin aktivliyi səngimir. Onlar az qala hər gün yazılı və vizual müraciətlərini paylaşır, sosial şəbəkələrdə onlayn "buraxılış"lar təşkil edir, Azərbaycanı "Avropada başlamış virtual inqilab"la təhdid edirlər.

Özlərini "siyasi mühacir, siyasi fəal və bloqer" adlandıranların kim olduqları bəlli. Bir xeyli vaxt onların arxasında duranların da kimliyi ilə bağlı müzakirələr aparıldı.

Kampaniyanın maliyyələşdirənlər Azərbaycanla bağlı qeyri-obyektiv, saxta mövqeləri ilə həmişə fərqlənmiş bir neçə beynəlxalq təşkilat, eyni zamanda sabiq baş nazir müavini Abbas Abbasov və elə o qədər də sabiq Hüseyn Abdullayevdir.

"Söyüş bloqer"lərinin birbaşa idarəetməsi "hüquq müdafiəçisi" Leyla Yunusla keçmiş Azərbaycan Beynəlxalq Universitetinin Fransaya keçmiş rektoru Elşad Abdullayevə həvalə olunub. İnformatik-media dəstəyi isə həmişə olduğu kimi, Meydan TV və Obyektiv TV-nin kurasiyasındadır.

Təşkilatçılar isə BMT-dən tutmuş ATƏT-ə və ən fərqli beynəlxalq təşkilatlarda Azərbaycana "davranışdan qeyri-kafi" verməyə pərgar olanlar - hələ o davranışın suçlanan əməli yoxsa belə - qurumlar, fondlar, komissiyalar və daha nələrdən ibarət prosedur yığınıdır. Kampaniya dünən, yaxud ötən həftə başlanmayıb.

Yaşananlar ölkəmizə qarşı düşünülmüş, çoxsaylı təhlillərdən keçirilmiş prosesin tərkib hissəsidir və söyənlər "virtual inqilab" ifadəsini boşuna işlətmirlər.

Söyənlərlə işimiz yox - onlar maskalarını çoxdan çıxarıb kənara atıblar. Sifarişçilər, icraçılar, ideoloqlar - bir sözlə, məzhəkə teatrının bütün personajları məlumdursa, bilavasitə Avropada olan soydaşlarımız niyə susurlar?

Hanı çoxsaylı diaspor təşkilatları, səfirlik əməkdaşları, siyasətçilər, ictimai xadimlər ki, Azərbaycanla bağlı fəaliyyəti yalnız anım və ildönümlərdə bir araya toplanıb konqres, iclas, tədbir yapmaq kimi düşünürlər?!

Azərbaycanın maraqlarını hifz etmək, qorumaq, xalqın və dövlətin mənafeyinin keşikçisi olmaq trafaret şüarlar söyləyib ütülü çıxışlar etmək, dekabrın 31-də və ya martın 21-də şəkillər çəkdirib pozalar vermək deyil.

Hanı Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr ki, siyasəti örüş yerinə döndərməyə başlamış söyüşkənlərin elə o nifrinlər və təhqirlərin səsləndiyi məkanda arqumentli, sivil, rasional cavabını vermirlər?