Düşmənə aprel gözdağı - “Növbəti əməliyyatda 4 günlə kifayətlənməməliyik”


Azərbaycanın Xarici İşlər və Müdafiə nazirlikləri işğalçı Ermənistana və havadarlarına növbəti xəbərdarlıqlarını etdilər; ordumuzun genişmiqyaslı hərbi təlimləri düşmənin “ağa”sını da hərəkətə gətirdi

Aprelin 2-də Azərbaycanın müasir tarixinin iki ciddi hadisəsinin növbəti ildönümü tamamlandı. Söhbət 1993-cü ildə Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından və 2016-cı ilin aprelində işğalçı ordunun təxribatlarına verilən sarsıdıcı cavabdan gedir.

Aprel döyüşlərində aldığı zərbələr Ermənistanda bu günə qədər danışılır və işğalçı ölkənin rəhbərliyinin strateji əhəmiyyətli mövqeləri geri qaytarmaqdan ötrü iki il ərzində göstərdiyi cəhdlərin heç bir nəticəsi olmayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın Kəlbəcər rayonunun işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb.

“BMT Təhlükəsizlik Şurasının sədrinin 6 aprel 1993-cü il tarixli bəyanatının ardınca BMT TŞ Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul etdi. Qətnamədə BMT TŞ ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. 822 saylı qətnamənin qəbulundan sonra 9 ölkədən ibarət olan ATƏT-in Minsk Qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün ”təcili tədbirlər haqqında vaxt cədvəli" hazırladı. BMT TŞ-nin qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan nəinki öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardı, əksinə Ağdam, Cəbrayıl, Qubadlı, Füzulu və Zəngilanı işğal etdi. 27 iyul 1993-cü ildə BMT TŞ-nin sədrinə hesabatında ATƏT-in Minsk Konfransının prezidenti Mario Raffaelli vurlayıb: "Ermənistan BMT TŞ-nin tələblərinə məhəl qoymur, hücum edərək Azərbaycanın yeni rayonlarını işğal edib və danışıqlar prosesini və münaqişənin həllini pozur". BMT TŞ tərəfindən 1993-cü ildə 822 saylı qətnamə ilə bərabər 853, 874 və 884 saylı qətnamələr də qəbul edilsə də, onların da Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə tələbləri Ermənistan tərəfindən yerinə yetirilmir" - sənəddə bildirilir.

Təbii ki, Azərbaycan yalnız aprel döyüşlərində düşməndən azad olunan mövqelərlə kifayətlənə bilməz və ölkə rəhbərliyinin bəyan etdiyi kimi, düşmən tapdağındakı ərazilərimiz son qarışına qədər geri qaytarılmalıdır. Elə ordumuzun son günlər həyata keçirdiyi hərbi təlimlər də hazırlıq olmaqla yanaşı, işğalçıya ciddi xəbərdarlıqdır.

Aprelin ilk günü isə müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan ordusunun Raket və Artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsində keçirilən təlimlərində döyüş atışları icra olunub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Şəxsi heyət qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

Vaqif DÉrgahlı ile ilgili görsel sonucu

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı “Yeni Müsavat”a aprel döyüşlərinin hərbi nəticələri ilə bağlı açıqlama verib. “2016-cı ilin aprel ayının 2-dən 5-dək cəbhə xəttində gərginliyin artmasının və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlar törətmək cəhdinin qarşı tərəfdən əvvəlcədən planlaşdırılması şübhəsizdir” - açıqlamada deyilir. Polkovnik bildirir ki, düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu bəzi kəndlərin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi: “Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Ordumuz tərəfindən 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi”.

V.Dərgahlının sözlərinə görə, Ermənistandan əlavə hərbi qüvvə, o cümlədən könüllü adı altında dünyanın müxtəlif qaynar nöqtələrindən muzdlu döyüşçülər gətirməklə düşmən itirdikləri ərazilərin geri qaytarılmasına dəfələrlə cəhd göstərdi, lakin hər dəfə tutarlı cavab alaraq geri oturduldu: “Bu döyüşlər zamanı düşmən tərəfinin Ermənistandakı demək olar ki, bütün hərbi qüvvələrini əməliyyatlara cəlb etməsinə baxmayaraq, Azərbaycan ordusu hərbi əməliyyatlara yalnız müdafiənin ön xəttində yerləşən qüvvələrinin bir qismini cəlb etmişdi. Azərbaycan ordusunun həyata keçirdiyi bu əks-həmlə əməliyyatının əsas məqsədi - erməni hərbi birləşmələrinə zərbə vuraraq onları təmas xəttində yerləşən kəndlərimizdə yaşayan dinc əhaliyə qarşı mütəmadi olaraq törətdikləri təxribatlarının qarşısının alınması və yaşayış məntəqələrimizi hədəfə alan atəş nöqtələrinin təsirinin azaldılmasından ibarət idi. Bu tapşırıq da uğurla yerinə yetirildi. Hazırda da düşmən tərəfi tam demoralizə edilib, onun hərbi-siyasi strategiyası iflasa uğrayıb. Bu hadisələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyində baş verən proseslər qonşu ”dövlətin" idarəçilik aparatındakı, o cümlədən hərbi strukturundakı problemləri, boşluqları ortaya çıxardı. Bu gün də Azərbaycan Ordusu qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün bütün zəruri tədbirləri davam etdirir, cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və istənilən təxribatların qarşısını almağa hazırdır. Aprel döyüşləri zamanı Azərbaycan ordusunun fəaliyyətinə ən böyük qiyməti ölkə prezidenti cənab İlham Əliyev verdi. Ali Baş Komandanın “Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir” - fikri aprel əməliyyatlarına verilən ən yüksək qiymətdir.

YaÅar AydÉmirov ile ilgili görsel sonucu

“Azərbaycan ordusu aprel döyüşləri ilə həm Ermənistana, həm də qonşu dövlətlərə öz gücünü, qüdrətini sübut etdi”. Bunu azvision-a açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. Y.Aydəmirov qeyd edib ki, aprel döyüşlərində ordumuzun birlikləri, birləşmələri hücuma keçməmişdi: “Aprel döyüşləri xırda bölmələrin iki istiqamətdə apardığı əməliyyat idi. Bir neçə gün davam edən əməliyyatlar nəticəsində strateji yüksəkliklər işğaldan azad edildi. Ordumuz cəmi bir neçə saat ərzində düşmənə öz gücünü göstərdi”.

Ehtiyatda olan general-leytenant vurğulayıb ki, ordumuzun bir neçə bölməsi aprel döyüşlərində erməni ordusunun əsl simasını üzə çıxardı: “Döyüşlərdən sonra Ermənistan ordusunun kəşfiyyat, rabitə, döyüş təminatı, maddi-texniki təminat idarələrinin rəisləri tutduqları postlardan qovuldular. Bunlar döyüş zamanı ən lazımlı sahələrdir. Göründüyü kimi, aprel döyüşləri zamanı erməni ordusunda çox ciddi problemlər yarandı. Bundan başqa, zərbə o qədər sarsıdıcı oldu ki, müdafiə naziri, baş qərargah rəisi vəzifələrindən uzaqlaşdırıldı”.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Ötən iki il ərzində aprel döyüşləri və o günlərdə bölgədə yaranan mövcud geosiyasi vəziyyət haqqında qeydləri və topladığı materallar əsasında “Aprel atəşkəsi” adında kitab yazan, çoxsaylı müsahibələr verən politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a dedi ki, indi də araşdırmalarını davam etdirir: “Məsələ burasındadır ki, bəzi suallara hələ də cavab tapmağa çalışıram: Rusiyanın təzyiqlərini nəzərə almayıb və 4 günlə kifayətlənməyib daha çox savaşaraq torpaqlarımızı azad etməli idikmi, yoxsa Kremlin təxribat imkanlarını diqqətə alaraq fasilə verməkdən başqa alternativimiz yox idi? Bu, məcburi əks-hücum idi, yoxsa əvvəlcədən planlaşdırılan əməliyyat? İlham Əliyev düşməni cəzalandırmaq əmrini səfərdə olduğu Vaşinqtonda verdi, yoxsa orduya təlimat əvvəlcədən verilmişdi? 4 günlük savaşın hərbi nəticələri detallı analiz edildimi? Sonuncu suala cavab həm də onun üçün lazımdır ki, gələcəkdəki uğurlarımızı genişləndirə bilək. Əgər aprel döyüşlərində üçüncü qüvvələr təxribatla məşğul olublarsa və düşmənin maraqlarına xidmət ediblərsə, gələcəkdə bu halların təkrarlanmamasına çalışmalıyıq. Müharibə şəraitində pula satılanların bir aqibəti olmalıdır. İki il bundan əvvəl həyata keçirilən əməliyyatla ən azı bir neçə rayonun azad olunacağına ümid edirdik. Ancaq strateji yüksəkliyi əldə etməyimiz də kiçik nəticə deyil”.

Politoloq bu savaşda əldə olunan uğurlardan da bəhs etdi: “Atəşkəsin hökm sürdüyü 22 ildə ən azı nəyisə geri qaytardıq və işğalçıya göstərdik ki, ordumuz güclənib, əlimizdə müasir hərbi texnika var və düşmən də az itki vermədi. Nəticədə Ermənistanın müdafiə naziri öz postunu itirdi, ordularında korrupsiya faktları üzə çıxdı və Dağlıq Qarabağda xidmətdən yayınma halları artdı. Buna baxmayaraq, Moskva açıq-aşkar bizə mane oldu, hücumumuzun genişlənməsini əngəllədi. Çünki Moskva Ermənistanın Azərbaycan qarşısında məğlub olmasını istəmir. Görünür, Rusiya eyni vəziyyətdə gələn dəfə yenə bizə mane olacaq. Qərar verməliyik: ya torpaqlarımızı azad etmək məsələsində Rusiya amilini hər dəfə nəzərə almalıyıq, bu isə işğalın davamı deməkdir, ya da bütün riskləri göz önünə alaraq növbəti əməliyyatda 4 günlə kifayətlənməməliyik. Elə etməliyik ki, Dağlıq Qarabağ separatçıları işğalın onlara hər gün və hər saat baha başa gəldiyini anlasınlar. Separatçıların bir gün belə rahatlıqları olmamalıdır. Dağlıq Qarabağ separatçılarının lideri deyir ki, azərbaycanlılar bir şərtlə Dağlıq Qarabağa geri dönə bilərlər ki, bunların qondarma ”respublikalarını" tanısınlar. Bunu ancaq yuxularında görə bilərlər. Tam əksinə olacaq, onlar Dağlıq Qarabağda gələcəkdə də yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını tanımaq məcburiyyətindədirlər. Başqa alternativləri yoxdur".

Bu arada Rusiyanın Ermənistandakı hərbi qüvvələrinin də hərəkətə keçməsi maraqlı məsələdir. Məlumata görə, Ermənistanda yerləşən Rusiya hərbi bazasının mindən çox hərbçisi Alagöz dağlıq poliqonunda hərbi təlimlərdə iştirak edir. İşğalçı ölkədə mövcud olan müharibə xofu şəraitində bu təlimlərin keçirilməsi Ermənistanı sakitləşdirmək niyyətindən də irəli gələ bilər. Xüsusilə son günlər Qarabağ müharibəsi başlanacağı halda, Rusiyanın müdaxilə etməyəcəyi barədə bəyanat İrəvanda narahatlığı artırmışdı. Ancaq aprel döyüşlərində Rusiyanın 4 gün neytral qalması bəs etdi ki, Azərbaycan ordusu düşməni sarsıdan zərbələr endirsin.

Elşad PAŞASOY

Tarix: 3-04-2018, 10:09
Xəbəri paylaş





Xəbər lenti