ATƏT DTİHB-dən “təxribat” iddiaları ilə bağlı açıqlama gəldi


Seçkini müşahidə edəcək üç ən mühüm missiyaya xanımlar başçılıq edir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyası prezidentliyə namizəd Razi Nurullayevin “ATƏT DTİHB müşahidə missiyası seçkidə təxribat hazırlayır” iddialarına cavab verib. Müşahidə missiyasından APA-ya bildirilib ki, ATƏT DTİHB-in aprelin 11-də səsvermə prosesini izləmək üçün seçki məntəqələrinə göndərəcəyi müşahidəçilər məhz missiyada iştirak etmək üçün ATƏT-ə üzv ölkələr tərəfindən göndərilən beynəlxalq müşahidəçilərdir.

Qeyd edək ki, bir gün əvvəl “Cəbhəçilərin Təşəbbüs Qrupu”nun prezidentliyə namizədi Razi Nurullayev bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası prezident seçkilərində təxribat hazırlayır: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası seçki məntəqələrinə yerli müşahidəçi qismində Əli Kərimliyə yaxın olan çoxlu sayda adam yerləşdirib. Bunu etməkdə məqsəd səsvermə günü məntəqələrdə guya kütləvi pozuntuların olduğu, səsvermənin nəticələrinin saxtalaşdırıldığı və digər namizədlərə verilən səslərin Razi Nurullayevə yazıldığı barədə rəy formalaşdırmaqdır”.

Картинки по запросу Razi Nurullayev

Prezidentliyə namizəd bildirib ki, ATƏT DTİHB müşahidə apardığı bəzi ölkələrdə keçirilən seçkilərin nəticələri barədə, bir qayda olaraq, qərəzli hesabatlar hazırlayır: “Bu zaman həm özünün müşahidə missiyasının üzvlərinin, həm də onun tövsiyəsi əsasında məqsədli şəkildə seçilib məntəqələrə yerləşdirilmiş bəzi yerli müşahidəçilərin fikirlərinə istinad edir. Qeyd etmək istəyirəm ki, yerli müşahidəçilər daha çox məni özünün bir nömrəli düşməni sayan Əli Kərimlinin adamlarından formalaşdırılıb. Bütün bunlar namizəd kimi yalnız mənə qarşı deyil, bütövlükdə Azərbaycanda keçirilən prezident seçkilərinə qarşı təxribatdır. Bəri başdan bəyan edirəm ki, biz qərəzli hesabatı qəbul etməyəcək, onu hazırlayanların ifşası yönündə iş aparacağıq”.

Razi Nurullayevin seçki qərargahı isə dünən məlumat yayıb ki, prezidentliyə namizədə qarşı təxribatlara yol verilir. Belə ki, Razi Nurullayevin təbliğat-təşviqat lövhələrindəki şəkilləri cırılır. Seçki qərargahı hesab edir ki, R.Nurullayevin siyasi mübarizəsi bu gün ənənəvi müxalifətin siyasi səhnədən uzaqlaşmasına, ölkə siyasi müxalifətinə yeni dəyişiliklər gətirir. Bundan narahat olan ənənəvi müxalifət xüsusi ilə “yurdçular” Razi Nurullayevə qarşı çirkin kampaniyaya start veriblər: “R.Nurullayevin təbliğat-təşviqat lövhələrində şəkillərini qopardanlar bir mərkəzdən idarə olunur. Hüquq mühafizə orqanlarını bu plakatları qopardanları tapıb cəzalanmasını istəyirik”.

ATƏT-in Parlament Assambleyası isə prezident seçkilərini müşahidə etmək üçün gələn həftə Azərbaycana müşahidəçi missiyası göndərəcək. Bu barədə dünən yayılan xəbərdə deyilir ki, Nilza de Sena (portuqaliyalı deputat) xüsusi koordinator və ATƏT-in 300-dən çox üzvü olan qısamüddətli müşahidəçilər missiyasının rəhbəri funksiyalarını yerinə yetirəcək, Marqaret Kiner Nellen (isveçrəli deputat) isə ATƏT PA-nın 20-dən çox ölkədən olan təxminən 40 parlament üzvündən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək.

Картинки по запросу Nilza de Sena

Nilza de Sena bildirib: “Beynəlxalq müşahidəçilər kimi bizim vəzifəmiz seçki prosesi haqqında öz imkanlarımız və biliklərimiz daxilində məlumat verməkdən ibarətdir”.

Картинки по запросу Marqaret Kiner Nellen

Marqaret Kiner Nellen isə bildirib: “Bu mühüm seçkilərdə ATƏT PA-nın müşahidə missiyasına rəhbərlik etmək və Azərbaycan xalqı ilə həmrəyliyimizi nümayiş etdirmək mənim üçün böyük şərəfdir. ATƏT PA hər missiyasına böyük əhəmiyyət verir və bütün seçkiləri 1990-cı ildə ATƏT-in Kopenhagen Sənədində razılaşdırılan öhdəliklər əsasında qiymətləndirir”.

Maraqlıdır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasına da xanım (Koriyen Yonker) başçılıq edir. Müşahidəçilərin birgə məruzəsi aprelin 12-də Bakıda mətbuat konfransında təqdim olunacaq.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Koriyen Yonkerin rəhbərlik etdiyi nümayəndə heyəti dünən Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevlə görüşüb.
Sechki-2018.az saytının xəbərinə görə, F.Abdullayev qonaqlara Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlər, habelə ötən dövr ərzində Plenum tərəfindən qəbul edilmiş qərarların mahiyyəti haqqında məlumat verib.

Diqqətə çatdırılıb ki, parlament və prezident seçkilərinin nəticələrinin təsdiqi və elan edilməsi Azərbaycan Konstitusiya Məhkəməsinin səlahiyyətləri daxilindədir. Konstitusiya Məhkəməsi xüsusi Konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunu təsdiq edərək seçkilərin yekunlarını rəsmən elan edir.

Qeyd edilib ki, cəmiyyət və hüquqi dövlət inkişaf etdikcə seçki prosesi də inkişaf edərək təkmilləşir.

Azərbaycanda da bu prosesin inkişafı müşahidə edilir və seçki təcrübəsi ildən-ilə müasirləşir. Bu baxımdan ATƏT-in seçki müşahidə missiyasının rəyləri və təklifləri də seçki prosesi üçün əhəmiyyətlidir.

Картинки по запросу Koriyen Yonker

Koriyen Yonker isə seçki müşahidə missiyasının fəaliyyəti və məqsədləri barədə məlumat verib, müşahidə missiyasının seçki prosesində Konstitusiya Məhkəməsi ilə əməkdaşlığına diqqət yetirəcəyini bildirib. Qeyd edib ki, seçkilər ərəfəsində ümumi prosesi daha dərindən öyrənmək üçün Konstitusiya Məhkəməsindəki bu görüş onlar üçün xüsusi əhəmiyyət kəsb edir.

K.Yonker diqqətə çatdırıb ki, Azərbaycanda ATƏT-in uzunmüddətli müşahidə missiyası martın 9-da fəaliyyətə başlayıb və müşahidələri aprelin 23-dək davam edəcək. Missiya seçkidən öncəki, seçki günü və seçkidən sonrakı prosesləri izləyəcək və seçkilərdən sonra yekun hesabat təqdim edəcək.

Fərhad Abdullayev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına əminliyini bildirib.

Qonaqlar, həmçinin Konstitusiya Məhkəməsinin icraatında olan işlər, şikayətlərə baxılması qaydası, seçicilərin məhkəmələrə şikayət etmə hüquqları ilə əlaqədar məsələlərlə maraqlanıblar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə dünən jurnalistlərə açıqlamasında bildirib ki, görmə qabiliyyəti məhdud və əlil arabasından istifadə edən vətəndaşların prezident seçkilərində iştirakına şərait yaradılması üçün Mərkəzi Seçki Komissiyası ilə birgə geniş miqyasda müvafiq tədbirlərin görülməsi təmin edilib.

Həmin insanların seçki məntəqələrinə gələrək səs vermələri üçün bütün lazımi şərait yaradılıb.

Nazir deyib ki, Mərkəzi Seçki Komissiyasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciətinə uyğun olaraq Nazirlik tərəfindən ölkədəki bütün gözdən əlil vətəndaşların siyahısı Komissiyaya təqdim edilib. Beləliklə də, görmə qabiliyyətini tam və ya qismən itirmiş şəxslər üçün Brayl əlifbası ilə seçki bülletenləri çap olunub. Hansı seçki məntəqələrində ki, belə seçicilər vardır, həmin məntəqələrə Brayl əlifbası ilə çap edilmiş bülletenlər çatdırılıb, onlar seçki zamanı bu bulletenlərdən istifadə edəcəklər.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Tarix: 6-04-2018, 21:38
Xəbəri paylaş





Xəbər lenti