"Rusiya bundan sonra da Ermənistanı öz nəzarətindən kənarda addımlar atmağa icazə verməyəcək”








Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın öz kadrı Aram Sərkisyanı prezident postuna oturtduqdan sonra baş nazir kürsüsünü zəbt etmək istiqamətində sonuncu addımı atması İrəvanda etirazlara səbəb olub.

Təkcə Qarabağ bölgəsində azərbaycanlılara qarşı deyil, həm də Ermənistandakı dinc əhaliyə qarşı da çoxsaylı cinayətlərə yol vermiş bu dönük Azərbaycan vətəndaşı, Qarabağ “klanı”nın liderinin hökuməti ələ keçirməsi işğalçı ölkənin düşünən insanları tərəfindən əsl fəlakət kimi qarşılanır. Onlar illərdir Qarabağ oyunu arxasında milyardlara sahib olduğu halda, ölkəni fəlakətlərə sürükləmiş, bütün regional layihələrdən kənarda saxlamış bir caninin konstitusiya dəyişiklikləri nəticəsində yenə də birinci şəxs statusunda olmasına qəti etiraz edirlər. Üstəlik, S.Sərkisyan ölkə prezidenti A.Sərkisyanı, sadəcə, oyuncaq kimi istifadə etməklə, yenə də özü baş nazir olaraq Qarabağ danışıqlarında tərəf kimi iştirak etmək istəyir ki, bu da “status-kvo”nun saxlanması, eyni zamanda Ermənistanın fəlakətli həyatının davam etməsi demək olacaq. Etirazların artıq azsaylı müxalifətçinin olduğu parlamentdən eşidilməsi də burdan qaynaqlanır.

Aprelin 11-də Ermənistan parlamentinin iclasında etiraz fişəngləri yandırılıb (Azvision.az). Erməni mənbələri xəbər verir ki, “Yelk” Partiyasının üzvü, deputat Ararat Mirzoyan parlamentin kürsüsünə yaxınlaşaraq vətəndaşları aprelin 13-də keçiriləcək “Serji İnkar et” aksiyası üçün Azadlıq Meydanına çağırıb. O, meydanda azadlıq məşəlini yandıracaqlarını dedikdən sonra əlindəki rəngli fişəngi alovlandırıb. Digər müxalifət təmsilçisi, deputat Lena Nazaryan da ona qoşulub. Qısa vaxtda parlamentin iclas zalını tüstü bürüyüb.

Vitse-spiker Eduard Şarmazanov iclasın təxirə salınması ilə bağlı deputatların təkliflərini rədd edib. Sonda tüstünün zaldan çıxması üçün qapılar açılıb. Bütün bunlar isə onu deməyə əsas verir ki, 2008-ci ildə prezident kürsüsünü silah gücünə, azı 10 erməninin qətlə yetirilməsi nəticəsində ələ keçirən Sərksiyan yenə də qan istəyir.

ErmÉnistan KÉlbÉcÉrdÉ hÉrbi tÉlimlÉr ile ilgili görsel sonucu

Son günlər Azərbaycana qarşı Ermənistan tərəfdən səslənən ittihamların hansı məqsəddən qaynaqlandığı da bəlli olur.  Əslində təxminlərimiz bundan ibarət idi ki, Azərbaycanın Naxçıvan və digər sərhədboyu ərazilərdən guya Ermənistan ərazilərini atəşə tutması barədə iddialar ermənilərin diqqətini hakimiyyətin sakitcə ötürülməsindən yayındırmağa, cinayətkar Serj Sərkisyanın öz planlarını rahat şəkildə həyata keçirməsinə hesablanıb. Ötən illərin təcrübəsi sübut edib ki, erməni hakimiyyəti özünün maraqları naminə hətta gənc erməni hərbçilərin ölümünə fərman verib və əhalini Azərbaycanla qorxutmaq bahasına ömrünü uzatmağı bacarıb. Bu dəfə də Sərkisyan iqtidarı Azərbaycan və Türkiyənin qəfil hücuma keçəcəyi ilə bağlı təbliğat aparmaqla, daxili auditoriyadakı etirazları boğmaq, hökumətə rəhbərliyi ələ keçirmək və cinayətlərini ört-basdır etmək üçün növbəti fürsətlər qazanmaq istəyir. Əks təqdirdə sıravi ömür yaşamaq ona çox çətin olacaq, çünki taladıqlarına və cinayətlərinə görə hesab verməli olacağını anlayır.

Bu arada Ermənistanın yeni prezidenti Armen Sərkisyanın davranışları da sələfindən fərqlənmir. Xüsusilə də Rusiya və Qarabağ məsələsi ilə bağlı mövqeyindən görünür ki, yeni prezident heç də yenilik gətirmək iqtidarında deyil.

ErmÉnistan KÉlbÉcÉrdÉ hÉrbi tÉlimlÉr ile ilgili görsel sonucu

“ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində əsas rollardan birini oynayır”. Ermənistanın yeni prezidenti Armen Sərkisyan TASS-a müsahibəsində bildirib. O qeyd edib ki, 23 il əvvəl Qarabağda atəşkəsə Rusiyanın vasitəçiliyi sayəsində nail olunub.

A.Sərkisyan onu da bildirib ki, yaxın günlərdə Moskvaya səfər edəcək. Beləliklə, ilk səfərini Rusiyaya etməklə Sərkisyan köhnə Sərkisyandan fərqlənməyəcəyini nümayiş etdirib. Baxmayaraq ki, o, Avropa ölkəsində səfir işləyib və amma Kremlin iradəsindən kənara çıxmağın fəlakətli olacağını anlayır. Bu arada Rusiyanın Qarabağ məsələsini həll etmək üçün addımlar atacağı barədə ehtimalların dövriyyəyə buraxılması da təsadüfi sayılmamalıdır. Rusiya XİN başçısı Sergey Lavrovun son açıqlaması, tərəfləri Kazan təkliflərinə qayıtmağa çağırması da ənənəvi siyasətin davamından xəbər verir.

Ermənistanın Qarabağ məsələsində sülhə maraqlı olmadığını işğalçı ölkənin son davranışları bir daha təsdiqləyir. Belə ki, bu günlərdə Ermənistan silahlı qüvvələrinin 2-ci ordu korpusu Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunu da əhatə edən hərbi təlimlər keçirib (Virtualaz.org). Erməni mediası Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Movses Akopyana istinad edərək yazır ki, təlimlər ilk dəfə birbaşa təmas xəttində, bilavasitə “müdafiə sahəsində” keçirilib. Habelə döyüş atışları keçirilib, dağlıq şəraitdə döyüş əməliyyatlarının ssenarisi məşq edilib. Təlimlərin ssenarisinə əsasən, Ermənistan ordusunun qüvvələri düşmənin qəfil hücumunu dəf edir, bu zaman “yeni texnologiya” tətbiq edir. Habelə təlimlərdə Kəlbəcər-Sotk (Göyçə mahalı) avtomobil yolunun “Kəlbəcər əhalisinin” mühafizəsinin təmin edilməsinə yönələn fəaliyyət də sınaqdan keçirilib. Təlimlərdə Ermənistan aviasiyasının Mİ-24 zərbə vertolyotarı və Su-25 qırıcıları da iştirak edib.

ErmÉnistan KÉlbÉcÉrdÉ hÉrbi tÉlimlÉr ile ilgili görsel sonucu

Azərbaycan ordusu atəşkəsdən əvvəl, 1994-cü ilin qışında Kəlbəcər istiqamətindən hücum əməliyyatı keçirib. Bu hücum əməliyyatı əvvəlcə müvəffəqiyyətlə keçib və xeyli yaşayış məntəqəsi düşməndən azad olunub, lakin daha sonra hücum edən qüvvələrə təchizat dəstəyinin mürəkkəb relyefə, sərt hava şəraitinə görə kəsilməsi və köməyə əlavə qüvvələrin göndərilməsinin mümkün olmaması nəticəsində əməliyyat uğursuzluqla nəticələnib. Lakin indi Azərbaycan Silahlı Qüvvələrinin silah-sursat, hərbi texnika baxımından imkanları, döyüş hazırlığı o dövrlə heç cür müqayisə olunmur. Bunu Ermənistanda da nəzərə alırlar və görünür başa düşürlər ki, Azərbaycan ordusunun mümkün qəfil hücum əməliyyatı hətta ən az ehtimal edilən istiqamətdən-Kəlbəcər istiqamətindən də başlaya bilər.

Göründüyü kimi, yeni prezident həm sülhdən danışır, həm də hərbə-zorba gəlir. Ekspertimiz də hesab edir ki, Ermənistanın yeni prezidentinin gah nala, gah mıxa vurmasında qeyri-adi heç nə yoxdur.

“Keçmiş illərdə də belə olub. Ermənistan Dağlıq Qarabağ məsələsində sıxışdırılanda guya separatçıların bəzi məsələlərdə razılaşmadığını, Ermənistanla fikir ayrılığını ortaya atırlar. Halbuki belə bir şey yoxdur və Ermənistan bu məsələlərdə biclik işlədir. Bunu həmsədr ölkələr də yaxşı anlayırlar”.

Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a belə deyib. Ekspertə görə, Rusiya ilə bəzən razılaşdırılmış fikirləri birgə ortaya atırlar: “Rusiya deyir biz belə deyəcəyik, siz isə bunları söyləyin. Dağlıq Qarabağ məsələsinin həlli problemləri baxımından təşəbbüs çoxdan Rusiyanın əlindədir. Yeni prezidentin ilk səfərini Rusiyaya etməsi də təbiidir. Bu dövlətlər strateji ortaqlar hesab olunurlar və Rusiya bundan sonra da Ermənistanı öz nəzarətindən kənarda addımlar atmağa icazə verməyəcək”.

Q.Çaxmaqlı qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gəlişmələrin seçkilərdən sonra intensivləşməsi gözlənilir: “Hər üç ölkədə seçkilərin bitməsindən sonra digər həmsədr ölkələr də fəallıq nümayiş etdirəcəklər. Gözləniləndir ki, Azərbaycana da basqıları bu ilin ortalarından başlayacaq. Əsas prinsipial məsələ Azərbaycanın Dağlıq Qarabağ ərazisində referendumun keçirilməsinin dayandırılması olacaq. Bu isə Azərbaycanın milli maraqlarına ziddir. Ermənistan prezidentinin sülh mesajı verməsində də qeyri-adi heç nə yoxdur. Əlbəttə, indiki şəraitdə ermənilərə sülh sərf edir. Çünki onların ərazisi işğal edilməyib. Amma biz sülh istəməliyikmi? Zənnimcə, Azərbaycanın indiki halda siyasəti torpaqlarını sülh yolu ilə azad etmək olsa da, bu, mümkün olmadığı təqdirdə onu hərbi yolla azad etmək haqqını əlində saxlamalıdır”.

ErmÉnistan KÉlbÉcÉrdÉ hÉrbi tÉlimlÉr ile ilgili görsel sonucu

Amma müşahidələr bundan xəbər verir ki, Ermənistan heç də sülhə hazırlaşmır. Politoloq da eyni cür düşünür: “Təbii ki, Ermənilər işğal etdikləri əraziləri geri qaytarmağı heç zaman düşünmürlər. Bu ərazilərdə məskunlaşma gerçəkləşib. Yol çəkilib, qəsəbələr salınıb, bu ərazilərdə indi 23 min adam yaşayır. Sülh onların dilində baş aldatmaq üçün bir vasitədir. Bu səbəbdən iş ciddiləşəndə deyirlər ki, ”biz razıyıq" torpaqları boşaltmağa, amma Qarabağdakı “rəhbərlik” bunu istəmir".

Bundan sonra isə bizə Azərbaycandakı prezident seçkilərindən sonra Qarabağ məsələsinin ciddi şəkildə gündəmə gələcəyi barədə ehtimalların nə dərəcədə doğru olub-olmayacağını gözləmək qalır. Seçkilər geridə qaldı, gözləyək...  "Yeni Müsavat"

Tarix: 12-04-2018, 09:07
Xəbəri paylaş





Xəbər lenti