“3 ölkə III Dünya Müharibəsinin ilk mərhələsinə başladı” – Hərbi ekspert


“Ötən gecə, daha dəqiq səhər saatlarında üç ölkə faktiki 3-cü Dünya Müharibəsinin ilk mərhələsinə başladılar. Neçə vaxt idi ki, bu narahatçılıq var idi və bundan sonra da proseslər daha da dərinləşəcək. Hadisələrin faciəvi sonluğa yönəlməməsi üçün addımlar atmaq əvəzinə tərəflər - ABŞ, Böyük Britaniya, Fransa və bir çox müttəqfiqləri bir tərəfdə, digər tərəfdə isə Rusiya, İran, binəva Suriya və digər dövlətlərin yetkililəri biri digərini olmazın formada-diplomatik, iqtisadi, hərbi müstəvidə hədələyir və vəziyyəti anlamağa çalışırlar”.

Cebhe.info xəbər verir ki, bunu hərbi-ekspert Üzeyir Cəfərov deyib. Ü.Cəfərov hesab edir ki, baş verənlərə görə BMT baş katibi Antoniu Quttereş və Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin səlahiyyətləri ən ciddi formada qınağa çəkilməlidir: 

“Birinci növbədə Suriyada daha ağır və ciddi toqquşmaların qarşısını almaq üçün bu Bəşər Əsəd adlı qaniçən, yaramaz, vəzifə hərisini ya fiziki, ya da hüquqi cəhətdən sıradan çıxartmaq gərəkdir. Rusiya siyasi və hərbi rəhbərliyi də inadkarlığından əl çəkməli və konfrantasiyanı azaltmalıdır. Bəli, səhərə yaxın baş verənlərdən rəsmi Moskva çox pərişandır və etiraf edir ki, çaşğın vəiyyətdən hələ tam çıxmayıb. Hadisələri yalnız seyr edən Rusiya üstündən bir neçə saat keçəndən sonra nəhayət ki, anlayıb ki, ona Suriyada tərs sillə vuruldu. Mən əsla ABŞ-ın, rəsmi Londonun və Parisin özbaşınalığına haqq qazandırmıram. Lakin, hiss edirəm ki, həqiqətən də Putinin generalları yaxın günlərdə çox acınacaqlı vəziyyətə görə cavab verməli olacaqlar. Ya vəzifəsini kimsə itirəcək, ya da MN-nin rəhbərliyində gözlənilməz dəyişikliklər olacaq. Hadisədən on saata yaxın vaxt keçəndən sonra, Suriyada yaşadıqları acınacaqlı vəziyyətə görə, indi informasiya müharibəsinə keçiblər. Guya 100-dən artıq atılan Tomoqavk raketlərindən 70-i vurulub, hər şey nəzarətdədir və sairə. Hamı başa düşür ki, bu növbəti yalandır və dezinformasiyadır. 51 dəqiqə ərzində raketlər iki əsas hədəfi sıradan da çıxarıblar və kooalisiya qüvvələri heç bir itki vermədən yerlərinə qayıdıblar. Mən ingilislərin və fransızların aviazərbələri endirən təyyarələrini nəzərdə tuturam. Amerikanlar isə dənizdən buraxdıqları raketlər ilə Suriyanın kimyəvi maddələr istehsal edən iki müəsissələrin məhvini həyata keçiriblər”. 

Ekspert qeyd edib ki, vəziyyətin get-gedə bir az da gərginləşəcəyi göz önündədir: 

“İndi həm Amerika, həm də Rusiya rəhbərləri bir qədər sakitləşməlidirlər. Ancaq, hiss olunur ki, yaxın saatlarda bu hərbə-zorba ritorikası ola bilsin daha da qızışsın. Heç bədbəxt BMT Baş katibi də heç nə etmək gücündə deyil”.

Üzeyir Cəfərov hesab edir ki, Suriyada baş verən hadisələr tamam qorxunc bir mərhələyə keçməkdədir: 

“Baş verənlər bir daha sübut etdi ki, 21-ci əsrdə Bəşər Əsəd kimi naşı, başqalarının əlində oyuncaq olan dövlət başçısı ölkəsini faciələrə və fəlakətlərə sürükləyir. Rusiyadan hələ heç kim fayda görməyib. Ona görə də, şəxsən mən son vaxtlar bizim Qarabağla bağlı Rusiya siyasi və hərbi rəhbərliyinin oynadığı çox təhlükəli, milli maraqlarımıza zərər verə biləcək hadisələri hiss edirəm. Və o qədər də optimist deyiləm ki, onlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı beynəlxalq qanunlar çərçivəsində addımlar atsınlar. Sözdə bir, əməldə isə tam əksini ortalığa qoyan rəsmi Moskvanın bizi də bir gün çox acınacaqlı bir duruma gətirəcəyini son vaxtlar daha böyük əminliklə deyə bilirəm. Tanrı dünyamızı və onun ayrılmaz hissəsi olan Azərbaycanımızı bəzi dünya dövlətlərinin məsuliyyətsiz dövlət və hökumət başçılarından hifz eləsin”.

Vilayət Muxtar

Tarix: 14-04-2018, 16:10
Xəbəri paylaş





Xəbər lenti