Seçkinin poetikası


“Ol səfa camın peyapey nuş edəlüm, ey həkim, Çunki ol piri-muğandan oldu bu qanun bizə".

(Həbibi)

Bir gün Molla Nəsrəddin balaca oğlu ilə gedəndə görürlər bir oğru dükanın qıfılını mişarlayır. Uşaq deyir, dədə, bu adam nə iş görür. Molla da guya uşağın tərbiyəsini pozmamaq və ona pis şeylər öyrətməmək üçün oğurluq hadisəsinin baş verdiyini söyləmək istəmir, deyir kamança çalır. Uşaq deyir, dədə, bəs səs niyə çıxmır. Molla deyir ki, bala, səsi sabah çıxacaqdır.

Təxminən buna bənzər bir lətifə də var, deyir oğrular bankı yarırlar, yolda biri başlayır pulları saymağa. O biri deyir, axmaq, neynirsən, vaxtımız azdır, həm də onsuz sabah qəzetdə çıxacaq nə qədər pul aparmışıq.

İndi bu söhbətlərin bənzəri olmasın, bizdə də ictimai-siyasi proseslərin səsi adətən sonra çıxır. Örnək üçün, son dəfə seçkilər olduqca sakit şəkildə yola verildi, yaxın tarixi təcrübəmizə əsasən hətta adam bələdiyyə seçkisinin də olduğunu güman etmirdi, nəinki ölkənin birinci adamını seçəsən. Lakin seçkidən sonra qəribə şəkildə səs-küy qopubdur. Doğrusu, mənim bundan da xəbərim olmazdı, ancaq BBC-nin saytında iki xəbər gördüm. Biri ATƏT müşahidəciləri haqda idi. Sən demə onlar nəsə tənqidi hesabat yayıblar, Məzahir müəllim, YAP rəhbərliyi, mətbuat və floramızdan bir qrup şəxsiyyətlər narazı qalıbdır.  Hətta ATƏT-in iclasında nəsə dava düşmüşdür ki, bu da ictimai-siyasi sabitliyimizə, Zəngilanı azad etməyimizə, həmçinin, parklarda quraşdırılan müasir oturacaqlara qətiyyən yaraşan hal deyildir. Sabitliyə və ürəyimizə xal düşür. Nəyə gərəkdir axı? İkinci xəbər isə seçki məntəqəsində üzərlik yandırılması idi. Bakıda hansısa məntəqədə seçki bitməyə az qalmış məktəbin direktoru yekə bir nəlbəkidə ot-mot yandırıb qutunun başına dolaşır, istəyir seçki prosesinə göz dəyməsin. BBC isə bunu “Bakıda seçkidə bütpərəst ayin” başlığıyla qoyub saytına, bütün dünya da baxır. Bizə lazımdırmı bu hal? Axı biz bütpərəst deyilik. Bizim şeyximiz, dinimiz-imanımız vardır. Üstəlik, şeyx seçkidən qabaq fətva verdi, dedi kim hakim partiyanın namizədinə səs verməsə cəhənnəmin dibində onu zəqqutun ağacından hazırlanan paza taxıb ifritələr üçün kabab bişirəcəklər. Əgər belədirsə, niyə direktor üzərrik yandırmışdır? Ondansa hansısa müxalifətçi tapıb məntəqənin qabağında üzü MSK-ya qurban kəsmək olardı. Keçmiş, arxaik adətlər dünya meridianlarına çıxan Azərbaycan gəmisi üçün kompas olamaz! Azərbaycan deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər!

Məzahir müəllimi də anlamaq olmur. Seçkidən qabaq hardasa onun bəyanatını oxumuşdum, deyirdi prosesə müdaxilə etmək istəyən qüvvələr vardır. İndi ATƏT müşahidəçiləri də elə bunu deyibdir: “Seçkiyə müdaxilə edən qüvvələr olmuşdur”. Bəs narazılıq nədir? İkisi də eyni şeyi deyir.

Yaxud, hakimiyyət bəyan edir ki, bizdə internet azaddır. Eyni zamanda, Rabitə Nazirliyi başda “Azadlıq” radiosu olmaqla bir xeyli xəbər qurumunun saytını rəsmi məhkəmə qərarıyla blok edibdir. İnternet azaddırsa, onlar niyə qadağandır? Əlbəttə, başa düşürəm, respublikamızda qarışıqlıq salmaq istəyən, müstəqilliyimizə zidd qüvvələrin saytlarını blok eləmək dövlətin ixtiyarındadır, ancaq açıqlama verəndə bu cür demək olmazmı ki, pis saytlardan başqa internet azaddır? Yoxsa deyirsən hamısı azaddır, ATƏT-də başa düşmür, gəlir saytı açmağa, görür açılmır. Biz uzun illərdir Azərbaycanda yaşadığımız üçün qəşəng bilirik ki, əgər rəhbərlik deyirsə timsahlar uçur, deməli uçur.

Ancaq xarici bunu müvəqqəti qanmaya bilər. Yavaş-yavaş öyrətmək lazımdır. Qabaqca deməlisən alçaqdan uçurlar. Sürət yığırlar, daha sonra qanadlanırlar. Bir də baxırsan göydə yalnız timsahlardır. Basıb quşları yeyiblər. Quşları yedikləri üçün ağlayırlar. Timsahların göz yaşlarını yaz yağışı zənn edirsən. Onların qalın dərisindən əks olunan gün işığını isə göy qurşağı.

Necə də poetik mənzərədir...

Zamin HACI
Tarix: 16-04-2018, 09:39
Xəbəri paylaş





Xəbər lenti