Sərkisyanın qazandığı sülh “təcrübəsi” - o, sülhü yox, müharibəni yaxınlaşdırır


Rəsmi Bakının Ermənistanda baş nazir dəyişikliyindən sonra diqqət etməli olduğu əsas məsələ - politoloqlardan maraqlı proqnozlar; ekspert: “Daha 2-3 aprel sindromu və Ermənistan bir dövlət olaraq dağılıb gedəcək...”

Ermənistanda yeni baş nazir Serj Sərksiyan əleyhinə etirazlar davam eləsə də, hələ ki nümayişçilər əsas hədəflərinə nail olmayıblar. Bu, əslinə qalsa, qeyri-mümkün görünür. İki səbəbdən: birincisi, Rusiya Sərkisyana “dobro” verib və arxasındadır. İkincisi isə nümayişlərin təşkilatçısı olan deputat Nikol Paşinaynın qurumu qərbyönlü hesab edilir. Yəni “narıncı inqilab” qoxusu - hansından ki, Kreml od sudan qorxan kimi qorxur.

Bu arada işğalçı ölkədə artıq hökumət üzvləri bəlli olub. Xəbər verildiyi kimi, yeni baş nazir Serj Sərkisyan keçmiş baş nazir Karen Karapetyanı özünə 1-ci müavin təyin edib. Prezident Aran Sərkisyanın sərəncamları ilə isə xarici işlər naziri Edvard Nalbəndyan və müdafiə naziri Vigen Sərkisyan öz yerlərində qalıblar. Yəni, faktiki surətdə Ermənistanda “Qarabağ klanı” hakimiyyətdə öz dayaqlarını qoruyub saxlaya bilib. Kütləvi etirazların əsas motivi də elə budur.

*****

Ancaq bizi təbii ki, ən çox Dağlıq Qarabağa dair sülh danışıqlarının bundan sonrakı aqibəti maraqlandırır. Görəsən, qarşıdakı illərdə işğalçı ölkənin başında duran yeni-köhnə komanda ilə bu danışıqlarda hansısa irəliləyişə nail olmaq mümkün olacaqmı? Bakı əsas diqqəti nəyə, hansı məsələyə yönəlməlidir?

“Hazırda situasiya tamamilə başqadır. Ən azı ona görə ki, Azərbaycan 1/4 əsr ərzində özünün tanınmış beynəlxalq nüfuzu və Ermənistandan üstün geosiyasi imkanları, habelə stabil siyasi sistemi ilə birgə güclü regional oyunçuya çevrilib. Bu, da Bakıya imkan verir ki, danışıqlar prosesində dominant rolu öz üzərinə götürsün”.

“Yeni Müsavat”ın məlumatına görə, bu fikri Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya Kafedrasının dosenti Yelena Qasımova rusdilli vesti.az saytına açıqlamasında konfliktin həll perspektivlərindən danışarkən bildirib. Ekspert bu xüsusda daha sonra deyib: “Bu yaxınlarda Brüsseldə Dağlıq Qarabağ problemin dair Dəyirmi Masa keçirilib - nə barədə ki, maraqlanan müşahidəçilər "Deultsche Welle" nəşrinin icmalından məlumatlıdırlar. Orada bizim qərbli həmkarlarımız nədənsə öz qiymətləndirmələrində elə də inamlı olmayıblar. Məsələn, Britaniyadakı LİNKS Analitik Mərkəzin eksperti Denis Sammur hətta öz üzərinə falçı rolunu götürüb. Deyib ki, “İndi o məqamdır ki, nəsə baş verə bilər, nəsə müsbət baş verə bilər...” “Nəsə müsbət dəyişiklik” mənim anlamında Ermənistanın işğal altındakı rayonların azad edilməsinə razılığı ola bilər ki, bu da o halda olacaq ki, Bakı çox sərt şəkildə belə bir tələbi təkcə İrəvan qarşısında deyil, həm də beynəlxalq vasitəçilər qarşısında qoysun. Cənubi Qafqaz regionunda mövcud situasiya buna imkan verir".

Öz növbəsində Amerika-Azərbaycan Sülhə Dəstək Fondunun baş eksperti Aleksey Sinitsin hesab edir ki, Rusiyanın birmənalı şəkildə Ermənistanın arxasında durduğu keçmiş dönəm daha təkrarlanmayacaq: “Ermənistan NATO ilə, Qərblə oyun oynamaqda nə qədər uzağa getsə də, Qərb Qarabağ konfliktinin Ermənistanın xeyrinı həll edə bilməyəcək və Rusiya güc qütbü kimi bunun qarant olacaq”..

Aleksey Sinitsin ile ilgili görsel sonucu

Politoloq hələlik dünyanın ən güclü oyunçularının Dağlıq Qarabağ məsələsində status-kvoya stavka etdiklərini düşünür: “Çünki onların önündə başqa hərbi əməliyyatlar teatrları açılıb və Qarabağ məsələsi fövqəldövlətlərin görmə sahəsindən sıxışdırılıb. Bu isə münaqişənin həlli üçün Bakının əl-qolunu açır. Daha 2-3 aprel hadisəsi və Ermənistan bir dövlət, hərbi-siyasi quruluş olaraq dağılıb gedəcək. 2016-cı ilin aprelində belə oldu - Ermənistanın hərbi rəhbərliyi dəyişdi, erməni cəmiyyəti isə ağır depressiya durumana yuvarlandı. Belə ”sülhə məcburetmə" strategiyası uduşlu və qüsursuzdur, əgər münaqişə tərəflərindən biri düşmən üzərində güclü hərbi üstünlüyə malikdirsə. Azərbaycan bu gün məhz belə bir potensiala və üstünlüyə malikdir", - deyə o əlavə edib.

*****

Sargsyan ile ilgili görsel sonucu

Bu arada Serj Sərksiyan artıq baş nazir postunda “Sant” televiziyasına verdiyi ilk müsahibəsində Qarabağ məsələsində radikal mövqedən geri durmayacağına şübhə yeri qoymayıb (Axar.az).

“Bu konflikti gələcək nəsillərə saxlayacağımızı deməyə meylli deyiləm. Danışıqlar prosesi davam etməlidir. Dağlıq Qarabağ konflikti kompromis yolu ilə həll edilə bilər. Ancaq biz mövqeyimizi dəyişməyəcəyik. Siz başqa variantlar deyəndə, narahatlıq yaranır. Başqa variant nədir? Ermənistanda elə adamlar varmı ki, Qarabağı Azərbaycana qaytarsın? Mənim üçün bu, o qədər də anlaşılan deyil. Kompromis həm erməni, həm də Azərbaycan tərəfinin güzəştə getməsi deməkdir. O zaman məsələ həll edilə bilər. Başqa yol yoxdur. Əgər başqa yol - kompromissiz variant varsa, demək, sülh yolu deyil”.

Sərkisyan “stabilliyi qorumaq üçün ordunun təchizatını gücləndirmək lazım gəldiyini” də deyib. Həmçinin bildirib ki, müttəfiqlərlə ittifaq dərinləşməlidir, çünki müttəfiqlərdən çox şey asılıdır.

Ruben Mehrabyan ile ilgili görsel sonucu

Ermənistanda formal hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ ixtilafının həllinə mümkün təsirləri barədə yerli ekspertlər də danışıblar. Məsələn, Musavat.com-un məlumatına görə, politoloq Ruben Mehrabyan erməni mediasına verdiyi müsahibədə Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk Qrupu çərçivəsində aparılacaq danışıqlarda yenə də Serj Sərkisyanın rəhbərlik edəcəyini deyib.

Onun rəyincə, hazırda probleminin nizamlanmasında kəskin dəyişiklik heç kimə sərf eləmir. “Elə Minsk Qrupunun həmsədr ölkələrinin də yarışın ortasında oyunçuları dəyişdirmək həvəsi yoxdur. Özü də Qarabağ meydanı dünyada Qərb və Rusiyanın maraqlarının toqquşmadığı və bir-birləri ilə zidd düşmədiyi yeganə sahə sayılır”, - deyə o iddia edib. Mehrabyan yaxın vaxtlarda Qarabağ məsələsində düyünün çözülməsinin mümkün olmadığını, lakin münaqişənin idarə olunması yönündə cəhdlər olunacağını sözlərinə əlavə edib.

İrəvandakı Qafqaz İnstitutunun elmi əməkdaşı, politoloq Hrant Mikaelyan da işğalçı ölkədə icraedici gücün indən belə baş nazirə keçdiyi düşüncəsindədir. Lakin o, prezident Aram Sərksiyanın da müəyyən məsələlərə təsir göstərəcəyini istisna etməyib. Hrant Mikaelyan da Ruben Mehrabyan kimi Qarabağ probleminin nizamlanması prosesini Ermənistan tərəfdən Serj Sərksiyanın izləyəcəyini deyir. “İstənilən halda Ermənistanın bu savaşda maraqları məsələsində ümumi anlayışlar var. Bu danışıqlarda Serj Sərkisyan qədər təcrübəlisi yoxdur. Doğrudur o, əvəzedilməz sayılmasa da, hər halda bu prosesdə olduqca vacib fiqur hesab olunur” - Mikaelyan bildirib.

nikol pashinyan yerevan ile ilgili görsel sonucu

*****

Serj Sərkisyannın “təcrübəsi” isə çoxdan ortadadır. Bu “təcrübə” əfsuslar olsun ki, Qarabağ konfliktinin dinc, ədalətli, beynəlxalq hüquq normaları əsasında birdəfəlik həllini istisna, böyük müharibəni isə qaçılmaz edir, günbəgün yaxınlaşdırır. Demək ki, həmin “təcrübə” erməni xalqının da maraqlarına cavan verə bilməz. Çünki yuxarıda rus ekspertin dediyi kimi, budəfəki müharibədən Ermənistan adında dövlət sadəcə, çıxmaya bilər.

Bunu Ermənistanda hələ ki, ağlını və məntiqini itirməyənlərin hamısı yaxşı başa düşür. Məsələn, erməni publisist Lilian Karapetyan özünün Facebook səhifəsində yazıb: “Biz Ermənistanın artıq keçmiş prezidenti olan Sərkisyanın idarəçiliyindən yorulmuşuq. O, bizim üçün heç nə etməyib. O, yalnız xalqı qarət edib və indi də baş nazir olmaq istəyir. O, çox təhlükəli adamdır. Qarabağın bizim və ya azərbaycanlıların olması mənim vecimə də deyil. Mənə şəxsən Qarabağ gərək deyil. Niyə Ukraynada oğrunu (Viktor Yanukoviçi - red.) devirmək mümkün olur, Ermənistanda isə yox? Əgər kütlə toplaşsa, o zaman Serji də, onun oğru bandasını da devirə bilərik. Nə Qarabağ klanı, nə də Kreml ona kömək edə bilməyəcək”.

Necə deyərlər, burada atıq əlavə şərhə yer qalmır...

Siyasət şöbəsi

Tarix: 21-04-2018, 10:39
Xəbəri paylaş





Xəbər lenti