Bir milyard pulu Azərbaycandan hansı yolla çıxarmaq olar? – “Onların baqajı yoxlanılmır”

Bir milyard pulu Azərbaycandan hansı yolla çıxarmaq olar?
20 ilə yaxındır Azərbaycan Respublikası Baş nazirinin birinci müavini olan Yaqub Eyyubovun oğlunun adına Latviya banklarına köçürdüyü 1 milyard dollar bir neçə gündür ki, ölkə gündəmini zəbt edib. Siyasi hakimiyyətdəki rolu daha çox xəsis məlumatlarla əhatələnən stajlı məmurun adı isə bu il “gedəcəklər siyahısı”nda artıq hallanır. Bunun səbəbi isə məlum hadisənin mediada öz əksini tapmasıdır.

SİAM.AZ-ın məlumatına görə, Y. Eyyubovun ətrafında cərəyan edən 1 milyard dollar qalmaqalından söz açan iqtisad elmləri doktoru, Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli Yenisabah.az-a danışarkən deyib ki, bu qədər pulun ölkədən çıxarılmasına qanunvericilik o şərtlə imkan verir ki, burada müqavilələr olsun:

“Məsələn, xaricdən mal almaq üçün vəsaitlər şirkətlər, yaxud şəxslərdən çıxarılır. Bunu ehtimal etmək olar, amma bunun üzərində əsas hüquq-mühafizə orqanları işləməlidir”.

N. Bəydəmirlinin qənaətinə görə, Azərbaycandan kapital axını məsələsinə gəldikdə, birinci dəfə deyil ki, belə hadisələr baş verir:

“Çox təəssüf ki, bəzi şəxslər, ən əsası isə vəzifə sahiblərinin diplomatik toxunulmazlıqları olduğuna görə, onlar ölkədən çıxarkən bəyan edilməmiş mallar, pullar apara bilirlər. Adətən, onlar bu pulları belə aparırlar. Eyni zamanda bildiyim qədər Yaqub Eyyubovun övladlarının diplomat statusu var, ona görə də onların baqajları yoxlanılmır. Yəni sadə vətəndaş nəinki belə vəsaiti çıxara bilər, əksinə, 10 minə qədər olan vəsaiti ölkədən çıxaranda bəyan etməlidir. Bəyan etməyəndə isə gömrükçülərimiz həmin an onu tutub, tapırlar”.

Eks-deputatın fikrincə, bu baxımdan, Azərbaycandan kapital axını, ancaq və ancaq vəzifə sahiblərinin əliylə baş verir:

“Yüksək çinli məmurlar adlandırılan, yaxud jurnalistlərin oliqarx məmurlar adlandırdığı şəxslər bunu edə bilər. Lakin bir neçə il bundan qabaq beynəlxalq araşdırmaçı jurnalistlər, yəni korrupsiyaya qarşı mübarizə aparan jurnalist şəbəkəsi açıqlamışdı ki, Yaqub Eyyubov 100 minlərlə avro vəsaitində məbləği yalnız dişlərini düzəltməyə xərcləmişdi. Məlum olmuşdu ki, Yaqub Eyyubovun övladlarının şirkətinə “Росоружение” vasitəsilə yüz milyonlarla vəsait köçürülmüşdü. Böyük ehtimal da budur ki, Latviya banklarında dondurulan vəsaitlər həmin pullardır. Əgər bu, həqiqətdirsə...”

“Həm də sözügedən şəxs Rusiya-Azərbaycan Dövlətlərarası İqtisadi Komissiyasının sədridir. Mən bildiyim qədər Yaqub Eyyubov silah taciri Dmitri Roqozoinlə münasibətləri olan adamdır. Hesab edirəm ki, müdafiə sektorunda silah alışıyla bağlı bu şəxsin haqqında həmin materiallar dərc olunan zaman adam istefaya göndərilməliydi, yaxud istintaq başlanmalıydı. Çox təəssüf edirəm ki, Azərbaycanda məmur vəzifədən çıxarıldıqda onun milyardları, var-dövləti haqqında hökumətyönümlü saytlarda məlumatlar yayılır. Ancaq vəzifədə olan zaman bu haqda heç nə deyilmir”, – həmsöhbətimiz bəyan edib.

“Mən belə başa düşürəm ki, çıxarılma yolları bunların əlində heç nədir. Biz bunu müzakirə etməməliyik. Əsas diqqət mərkəzində olmalı olan məsələ budur ki, belə bir şəxs niyə indiyə qədər həbs olunmayıb? Axı, bu məlumatlar dəqiqdir”, – yekunlaşdırıb.
Tarix: 17-01-2023, 21:39
Xəbəri paylaş





Xəbər lenti