Əhalinin Bakıya axışmasının önünü necə kəsmək olar?


Son dövrlər Azərbaycanda ən çox dartışılan bir məsələ vətəndaşların yaşadığı yerdə qeydiyyata düşməsi ilə bağlıdır. Daxili İşlər Nazirliyi (DİN) bir neçə gün öncə yaydığı məlumatda bildirib ki, yaşadığı ünvan üzrə qeydiyyata düşməyənlər cərimələnəcək. 
Artıq bu məsələ üzündən cərimələnən şəxslər də var. Məsələnin aktuallığı ölkə daxilində miqrasiyanın yetərincə çox olmasından qaynaqlanır. Rəsmi rəqəmlərə görə, paytaxt Bakının əhalisi 2 milyon 300 min nəfərdir. Ancaq müstəqil ekspertlərin hesablamalarına görə, Abşeron yarımadasında yaşayanların sayı təxminən dörd milyon nəfər civarındadır. Müxtəlif hökumət rəsmiləri də öz açıqlamalarında paytaxtda gerçək əhali sayının rəsmi rəqəmlərdən yetərincə yüksək olmasını təsdiqləyib. Bu baxımdan, xeyli insan yaşadığı yerdə qeydiyyatda olmadığından cərimələnmək riski ilə üz-üzədir.

Köçün iqtisadi səbəbləri

Bəs əhali niyə bölgələrdən paytaxta axışır? Rəsmi rəqəmlərin təhlili göstərir ki, Azərbaycanda Bakı və əyalətlər arasında iqtisadi göstəricilər bir-birindən kəskin fərqlənir. Ötən il ölkədə istehsal edilən sənaye məhsulunun 90 faizə yaxını və əsas kapitala yatırılan sərmayənin yarıdan çoxu tək Bakının payına düşüb. Ölkə üzrə ictimai iaşə dövriyyəsinin də 60 faizindən çoxu Bakıdadır. Bu rəqəmlərdən aydın olur ki, paytaxtda iqtisadi aktivlik səviyyəsi ilə rayonlar arasındakı kəskin fərqlər mövcuddur. İqtisadi fəaliyyətin daha aktiv olması insanlara daha çox gəlir əldə etmək imkanı yaradır. Rəsmi rəqəmlərə görə, Bakıda orta aylıq əməkhaqqı miqdarı 1000 manatdan yüksəkdir. Ancaq ölkənin digər rayon və şəhərlərinin mütləq əksəriyyətində bu göstərici 400-500 manat arasında dəyişir. Başqa deyimlə, paytaxtla müqayisədə iki dəfə aşağıdır.
Azadlıq radiosu
Tarix: 31-01-2023, 10:13
Xəbəri paylaş





Xəbər lenti